|
Səməd Vurğunun 110 illik yubileyi keçirildi
Bu gün Akademik Milli Dram Teatrda Azərbaycanın ilk xalq şairi, görkəmli ictimai xadim Səməd Vurğunun 110 illik yubileyi keçirilib. 
 
Musavat.com-un məlumatına görə, yubiley mərasimində Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar, hökumət və dövlət rəsmiləri, mədəniyyət xadimləri iştirak edib. 

Tədbiri giriş sözü ilə nazir Əbülfəs Qarayev açaraq, Səməd Vurğunun yaradıcılıq irsindən danışıb. Nazir şairin "Azərbaycan" şeirini onun yaradıcılığının uverturası adlandırıb:

"Onun tərənnüm etdiyi "Azərbaycan" hamımızın vətənidir. Şifahi söz yaradıcılığı onun poeziyasının qayəsini təşkil edir. Yaradıcılığına Nizami Gəncəvinin poeziyası mühüm təsir edib.  Səməd Vurğunun ən böyük əsəri olan "Vaqif" dramını 18-ci əsr söz ustadı Molla Pənah Vaqifə həsr edib. "Vaqif" dramı böyük tamaşaçı sevgisi qazanıb" - deyə nazir bildirib.

Nazir həmçinin qeyd edib ki, görkəmli şairin adı dövlət tərəfindən əbədiləşdirilib:
"Səməd Vurğun qəlblərdə əbədi heykəl qoyub. Dövlət onun adını əbədiləşdirib. Bakının mərkəzində heykəli qoyulub, adına bağ və küçə, poeziya evi var. Həmçinin Xəzər dənizində neft daşıyan tankerlərdən biri onun adını daşıyır". 
 
Daha sonra AYB sədri, yazıçı Anar çıxış edib. O, qeyd edib ki, Akademik Milli Dram Teatrının səhnəsindən uzun illər boyu Səməd Vurğunun "Vaqif", "Fərhad və Şirin" pyesləri tamaşaya qoyulub:
 
""Vaqif" dramı Azərbaycan dilinin üstünlüyünü bildirib, bu dili alçaltmaq istəyənlərə cavab verib. Bu əsərin sətirləri neçə-neçə nəslin dilinin əzbəri olub. Neçə nəsil bu əsəri əvvəldən sonadək əzbər bilirdi. 
 
Səməd Vurğunun yaradıcılığı bütöv halda Azərbaycanın poetik ensiklopediyasıdır. Bu ensiklopediyada "Azərbaycan" şeiri mühüm yer tutur. Bu şeir poetik xəzinədir. Burada Azərbaycanın bütün bölgələri, çayları  tərənnüm olunub. Səməd Vurğunun yaradıcılığı ədəbi sərvətdir. İllər keçsə də bu sərvət yaşayacaqdır" - deyə AYB sədri vurğulayıb.

Çıxışlardan sonra xalq şairi Səməd Vurğunla bağlı videoçarx nümayiş olunub, şairin öz ifasında şeirlər səsləndirilib. 
 
Qeyd edək ki, teatrın foyesində şairin həyat və yaradıcılığını əks etdirən sərgi də təqdim olunub. Tədbir çərçivəsində konsert proqramı nümayiş edilib. 
 
Xatırladaq ki, Səməd Vurğun 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində anadan olub. Şair uşaqlıq illərini doğma kəndində keçirib, ibtidai təhsilini kənddəki rus-tatar məktəbində alıb. Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsində təhsil alan Səməd Vurğun həmin illərdə ilk şeirlərini qələmə alıb. Daha sonralar şairə şöhrət qazandıran çoxsaylı lirik şeirləri, poemaları, dram əsərləri oxucunun ixtiyarına verilib.
 
Şairin övladları da atalarının yolunu davam etdirərək, ədəbiyyat sahəsində böyük uğurlara imza atıblar. Belə ki, Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə oğlu Yusif Səmədoğlu Azərbaycanın xalq yazıçısı, Vaqif Səmədoğlu Azərbaycanın xalq şairi, qızı Aybəniz Vəkilova isə əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb. 
 
 
 




Cia.az