|
Rəsmi qurum cəzaçəkmə müəssisəsi barədə yayılan xəbəri təkzib etdi
Bir neçə gün öncə 13 saylı cəzaçəkmə müəssisəsinə   xüsusi təyinatlılar yeridilməsi barədə məlumat yayıldı. 13 saylı “zon”da baş verən xəbərin  ardından Ədliyyə Nazirliyi Penitensiar Xidmətdə kadr dəyişikliyi baş verdi. Xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin rəisi, ədliyyə polkovniki Rafiq Ramazanov öz ərizəsi ilə tutduğu vəzifədən azad edildi. 

Maraqlıdır ki, yayılan xəbər günlərdir mətbuatın diqqətində olmasına baxmayaraq, aidiyyəti qurumlar hadisə ilə bağlı susqunluq nümayiş etdirirlər. Araşdırma aparılıbsa belə, ictimaiyyətə bu barədə məlumat verilmir. Doğrudur, xəbər yayılan kimi Ombudsman Aparatının açıqlaması olub. Qurumun İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Milli Preventiv Qrupun rəhbəri Rəşid Rumzadə araşdırma aparıldığını bildirib: “Penitensiar Xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinə xüsusi təyinatlıların yeridilməsi haqda xəbəri mətbuat vasitəsilə öyrənmişik. Hazırda sözügedən hadisə ilə və ehtimal edilən işgəncənin olub-olmaması haqda araşdırmalar aparırıq. Ombudsman Elmira Süleymanovaya bu haqda məruzə olunub və məsələ tərəfimizdən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı mətbuata açıqlama vercəyik”- deyə, o bildirib. Bu açıqlamanın üzərindən günlər keçib, amma Ombudsman Aparatının hələ də apardığı araşdırma ilə bağlı rəsmi mövqeyi yoxdur. 

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov 13 saylı “zon”la bağlı yayılan xəbərləri təkzib etdi: “Orada nə əməliyyat keçirilib, nə xüsusi təyinatlılar olub, nə də bir problem yaşanıb. Orada həyat öz axarı ilə daxili intizam qaydalarını qorumaqla gedir. Heç bir problem yoxdur. Şərait tam nəzarət altındadır”.

Ədliyyə Nazirliyinin yanında Xüsusi Komitənin üzvü olan Zəlihə Tahirova onlara araşdırma aparılması üçün müraciətlərin olmadığını söylədi: “Bizlərə müraciət olmadı, indi kimlərə məlumat verək? Yazılı formada müraciət olur, sonra araşdırma aparılır. Siz, mən, yaxud başqa birisi nəsə deməklə söz-söhbət gedir, ortada isə heç nə yoxdur. Araşdırma o zaman gedə bilər ki, yazılı formada müraciətlər olar”.
 
Qeyd edək ki, 2 il öncə 14 saylı cəzaçəkmə müəssisəsində də buna bənzər hadisələr yaşanmışdı. O zaman da bir çox məhbusa qarşı fiziki zorakılığa əl atılmışdı. 
Həm 13, həm də 14 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən və oktyabrın 5-də azadlığa buraxılan Müsavat başqanının müavini Fərəc Kərimli bu hadisələrin nədən baş verməsi barədə bunları dedi: “13 saylıda məişət şəraiti çox ağırdır. Azərbaycanda yeganə həbsxanadır ki, orada yer asfalt deyil. Yağış yağanda ”zon" bataqlığa çevrilir. Bir dəfə yağış yağsın, uzun müddət “zon” ərazisi gölməçələr içərisində olur. Tək orada deyil, digər cəzaçəkmə müəssisələrində də məhbuslar daim yeməkdən şikayətləniblər. Havalar soyuyanda istilik sistemi bərbad vəziyyətdə olur. 13 saylıda əvvəl başqa rəis var idi, sonradan yenisi gəldi. Təzə rəhbərlikdən xəbərim yoxdur, çünki başqa yerə köçürüldüm. Bunu bilmədən münasibət bildirməyim düzgün olmazdı. Mən orada olduğum müddətdə məhbuslar arasında narazılıq var idi. Ora razı qalınacaq həbsxana deyildi. İki il əvvəl 14 saylı “zon”da bu tipli hadisə baş verəndə orada deyildim. Amma sonradan ora gedəndə məlumatım  oldu. Xüsusi təyinatlılar adətən həbsxanaya bu şəkildə daxil olanda işgəncələr olur. Məhbuslar bu barədə danışırdılar. Məhbusların dediyinə görə, 2014-cü ildə adları siyahıda olan məhbusları cəzaçəkmə müəssisəsindən aparıblar. Yəni bütün məhbuslara qarşı zorakılıq tətbiq olunmayıb.
 
Rəhbərliyin siyahısı olur, orada konkret şəxslərin aparılıb işgəncələrə məruz qalmaları göstərilir. Məhbusları sıraya düzürlər, konkret adlar çəkilir, həmin şəxslər də sıradan çıxırlar və onları da xüsusi təyinatlılar aparırlar. İki il öncə 14 saylıda əksər şəxslərə əl vurulmayıb. Əvvəldən rəhbərliyin məhbuslar arasında “qara siyahı”sı olur. Belə hadisələr olanda da həmin siyahıda olanlar xüsusi münasibət görürlər".
Cia.az