Beynəlxalq İqtisadi Forumun hazırladığı hesabatda Azərbaycan MDB-nin ən təhlükəsiz ölkəsi hesab edilib. Belə ki, forumun ekspertləri dünyanın ən təhlükəsiz ölkələrinin reytinq cədvəlini hazırlayıblar. Reytinqdə 141 ölkə yer alıb. Azərbaycan isə reytinq cədvəlinin 36-cı pilləsindədir. Reytinq hazırlanarkən ölkədə terrorizm də daxil olmaqla, cinayətkarlığa qarşı mübarizə, əhalinin hüquq-mühafizə orqanlarına etimadı, asayiş keşikçilərinin vətəndaşları necə qoruması və digər meyarlar nəzərə alınıb.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc bildirib ki, təhlükəsizlik doğrudan da hər bir vətəndaşın sərvətidir: “Çünki siyasi yönündən asılı olmayaraq, məncə, buna müxalif olmaq qeyri-mümkündür. Əksi xaos, qarşıdurma, vətəndaş toqquşması, yaxud da müxtəlif ideologiyalara bölünmüş mübarizələrdir. Etiraf etmək lazımdır ki, biz bura böyük bir yol keçərək gəlmişik. Qarabağ müharibəsinin ən böyük zərbələrindən biri də insanlarda qanundan və nəzarətdən kənar silahların qalması idi. O dövrdə dövlət bu məsələni həll etmək üçün bir sıra xüsusi addımlar atdı. Bu da nəticələrini verdi. Bundan sonrakı dövrdə təhlükə xüsusi olaraq qonşulardan gəlməyə başladı. Yəni Pankisi dərəsi, Şimali Qafqazda müxtəlif dövlətlərin Rusiyanı dağıtmaq üçün qurduqları ekstremist hərəkatlar bizə də öz təsirini göstərməkdə idi. Bir sıra cinayətlərin tərkibində konkret olaraq, bölgə xalqlarının nümayəndələrinin xüsusi üstünlüyü özünü göstərirdi. Yəni mütəşəkkil cinayətkarlıq, ekstremizm, terror və digərləri bütövlükdə təhlükəsizliyə təsir göstərən amillərdir.
Azərbaycanda ötən illər ərzində bunun qarşısını almaq üçün həm cəmiyyət olaraq, həm də dövlətin müvafiq strukturları ilə birgə hərəkət olub. Etiraf edək ki, MTN-in ləğvindən sonra Azərbaycan xalqı, həm də daxildə cinayətkarlıq sistemini quran müxtəlif generalların banda dəstələrindən də xilas oldu. Bunu da təhlükəsizliyi möhkəmləndirən bir addım kimi saymaq olar”.
Deputat bildirib ki, bütün bunlardan da önəmlisi ölkənin xarici siyasətinin düzgün qurulmasıdır: “Bu gün dünyada neftin 70 faizə qədəri müsəlman ölkələrində cəmlənib. Onların isə əksərində ciddi qarşıdurmalar və böhranlar yaşanmaqdadır. Təəssüf ki, neft sabitlik amilinə çevrilə bilməyib. İkinci məsələ isə coğrafiyalardır ki, bu da toqquşmanın mühüm bir nöqtəsi kimi nəzərdən keçirilir. Yəni vaxtılə dünya ilə savaş aparan İran və Rusiya fonunda gərginlik uzun müddət davam etmiş, biz də bunun əsas zolağında yaşamaqdaydıq. Hər iki dövlət də bəlli olduğu kimi bizim qonşularımızdır. Biz həmin maraq toqquşmalarında özümüzü qorumaq yollarını hər zaman düşünməliydik. Azərbaycan bir dövlətin marağına qarşı digərini qoymaq xətti ilə illər ərzində özünün həm iqtisadi, həm də siyasi mənafelərini uğurla qoruyub saxlaya bilib. Müxtəlif rəngli inqilablardan yan keçmişik”.
Z. Oruc bildirib ki, dini zəmində müxtəlif terror qruplarının planları da nəticəsiz qalıb, qarşısı alınıb: "Hər halda, bu gün nə məzhəb savaşı, nə din əsasında dövlət quruculuğu məsələsi populyar deyil və cəmiyyətdə özünə böyük tərəfdarlar qazanmaz. Hətta Nardaran kimi özünün çox sərt və fərqli ənənəsi ilə yaşamaq istəyən kənd də bu gün Azərbaycan qanunlarına qoşulub və normal münasibətlərin içərisində yaşamaq qərarını veriblər. O cümlədən biz hazırda Aşura günlərində danışırıq və elə buna da diqqət edək. Bunun özü də bir sübutdur ki, bu gün müxtəlif İslam ölkələrində 13 əsr öncəki həyatını indiyə köçürən, çox sərt şəkildə dini rituallarını cəmiyyət həyatına çıxaran və bununla da ölkənin sivil quruluşlarına təhlükə faktoru olan qüvvələrdən də fərqli durumdayıq. Ona görə də deyə bilərik ki, Azərbaycanın təhlükəsizlik amili uğurlarının üstündədir. Biz bundan sonrakı dövrlərdə də sosial, iqtisadi, siyasi, qanunvericilik tədbirləri ilə bu prosesi gücləndirməliyik".

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl da “Yeni Müsavat”a bildirib ki, orada nəzərə alınan kriteriyəyə görə doğrudan da Azərbaycanda terror olmur: “Burada daxildə baş verən MTN hadisəsi və ya digər bu kimi məsələlər nəzərə alınmır. Ümumiyyətlə, MDB ölkələrində terror məsələsi aşağı səviyyədədir. Bu qurumun üzvü olan ölkələrdə bütövlükdə terror yaxın Şərqdəki kimi deyil. Bir məqam da var ki, ölkənin təhlükəsizlik məsələlərində müəyyən kriteriyalar var ki, onlar MDB-də önə çəkilmir. Misal üçün, daxildə hansı proseslər gedir və bunun nə ilə nəticələnə biləcəyi əsas götürülmür. Aydın məsələdir ki, hazırda nəzərə alınan nüanslara görə, Azərbaycan öndədir. Reallıq budur ki, burada terror baş verməyib və bunun baş vermə ehtimalının olub-olmaması isə sual altındadır”.
Cia.az
