|
Əli Həsənovla görüşün nəticəsi nə olacaq?
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovla 17 partiya liderinin görüşündən 1 aya yaxın vaxt keçir.
 
13 dekabr görüşündə əsas müzakirə olunan məsələlər sırasında siyasi məhbusların azad olunması məsələsinin olduğu bildirilirdi. Həmin görüşdən təxminən 15 gün sonra ölkə prezidenti İlham Əliyev əfv fərmanı imzaladı. Əfv fərmanı ilə azadlığa buraxılan 87 nəfərdən 10-u adları siyasi məhbus siyahısında olan şəxslər idi.
 
 
Əli Həsənovla görüşün təşəbbüskarlarından olan və görüşün baş tutmasında kuratorluq missiyasını həyata keçirən KXCP sədri Mirmahmud Mirəlioğlu ilə dünən əlaqə saxladıq. Növbətin görüşün olub-olmayacağı, aradan keçən müddətdə görüşün nəticələrindən razı qalıb-qalmadıqları ilə maraqlandıq. 
 
Mirmahmud Mirəlioğlu bildirdi ki, 13 dekabrda keçirilən görüşün üstün cəhətlərindən biri bu idi ki, kənardan kimsənin təşkilatçılığı, təşəbbüsü olmadan bu görüş reallaşdı: “Təşəbbüs Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzindəki partiyalar tərəfindən qaldırıldı. İqtidar tərəf təşəbbüsə qatıldı və müsbət qarşılıq verildi. Ötən müddətdə çeşidli münasibətlər, addımlar oldu. Görüşdə də siyasi məhbuslarla bağlı məsələlərin ölkə başçısına məruzə ediləcəyi razılaşdırıldı. Bundan sonra əhatəli dialoqun olması da razılaşdırılıb. 
 
 
İlkin addım atılıb. Görüş baş tutub. Amma o görüşdə əldə olunan razılıqlar var idi. Siyasi məhbuslarla, dialoqla bağlı razılıqlar idi. Başlıcası isə siyasi məhbuslarla bağlı məsələ. Cəmiyyətin gözləntiləri özünü doğrultmadı. Daha çox siyasi məhbusun əfvi gözlənilirdi, istənilirdi. Danışıqlarda da əsas prioritet mövzu bu idi. Təəssüflər olsun ki, gözləntilər özünü doğrultmadı. Əfvlə azad olunan siyasi məhbusların sayının azlığı baxımından özünü doğrultmadı. Təbii ki, biz azad olunan şəxslərin də azadlığa buraxılmasını, ailələrinə qovuşmasını alqışlayırıq”.
 
KXCP sədri onu da dedi ki, 13 dekabr görüşündə bir razılaşma var ki, iki ay müddətində yeni bir addım atılacaq. Ona görə də gözlənilən odur ki, yəqin yaxın bir ayda yeni gəlişmələr olacaq: “Addımlar hakimiyyət tərəfindən atılmalı olacaq. Bizim də bu məsələyə münasibətimiz ortadadır. 11 partiyanın iştirak etdiyi Demokratiya və İnsan Haqları Mərkəzinin yanvarın 7-də keçiriləcək toplantısında da bu məsələlər müzakirə ediləcək”. (musavat.com)