Dövlət başçısı İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısındakı sensasiyalı Qarabağ bəyanatını ölkə müxalifəti birmənalı qarşılamır. Dövlət başçısının Qarabağa müstəqillik verilməsi üçün təzyiqlərin olduğunu deməsi fərqli prizmalardan yozulur. Əksər ekspertlər isə bu bəyanatın 26 sentyabr referendumundan sonra verilməsinə də diqqət çəkərək, burada da xüsusi bir məqamın olduğunu vurğulayırlar.
KXCP sədri Mirmahmud Mirəlioğlu dövlət başçısının beynəlxalq təzyiqlərlə bağlı etdiyi çıxışa münasibət bildirərkən qeyd edib ki, Azərbaycan hakimiyyəti növbəti referenduma hazırlaşır: “Bu, qorxulu bir gözləntidir”. Teleqraf.az-ın xəbərinə görə, KXCP sədri növbəti referendumun ilin sonunadək keçirilə biləcəyini açıqlayıb. “İlham Əliyevin təzyiqlə bağlı açıqlaması məhz 26 sentyabr referendumundan dərhal sonra verildi. Məhz referendumdan dərhal sonra bu açıqlama verildi. Bu deyilən təzyiqlər əvvəl də var idi, hər zaman var idi. Deyirdilər ki, qarşılıqlı güzəşt olmalıdır. İşğalçı ilə işğal olunana bu, şərt kimi qoyulurdu. Bu mesaj indi cəmiyyətə verildi. Yəni o deməkdir ki, biz növbəti referenduma hazırlaşmalıyıq. Azərbaycan hakimiyyəti artıq buna razılıq verib və növbəti referenduma getməyə hazırlaşır. Bu referendum yəqin ki, yaxın 5-6 ayda olacaq. Bu, Qarabağın statusu ilə bağlı referendumdur. Bu, çox yolverilməz bir məsələdir. İnsanlarımız, vətəndaşlarımız, köçkün düşən vətəndaşlarımız öz torpaqlarında yerləşəndən sonra referendum keçirilə bilər. Ancaq İlham Əliyev indi bu mesajı verir. Bizim yanaşmamız belədir”.
VİP sədri Əli Əliyev isə musavat.com-a açıqlamasında bildirib ki, bəyanat cox ciddi durumdan irəli gələn bir bəyanatdır: “Bu, Qarabağ məsələsinə münasibətin ağır beynəxalq durumunu özündə ehtiva edir. Adətən dövlət başçısı belə məsələləri cəmiyyətlə bölüşmək istəmir, belə kuluar məsələləri özündə saxlamağa üstünlük verir. Ancaq düşünürəm ki, vəziyyətin gərginliyi onu bu dəfə danışmağa vadar edib. Mənə elə gəlir ki, bu, ciddi mətləblərdən xəbər verir. Daha çox mürəkkəb şəraitlə bağlıdır. Bu, Rusiya- ABŞ qarşıdurması, onun fonunda Qərblə Türkiyə münasibətlərinin gərginləşməsi, Suriya məsələsində vəziyyətin mürəkkəb olmasından xəbər verir. Cəmiyyət olaraq nəticə çıxarmalı olduğumuz bir bəyanatdır”.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən toplantısında ciddi bir bəyanatla çıxış edib. “Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: ”Dağlıq Qarabağda status-kvo qəbuledilməzdir". Bu, ancaq rəsmi qaydada səslənən bir tezis idi. Amma bağlı qapılar arxasında nə qədər söhbətlər gedir, bizə nə qədər təzyiqlər göstərilir ki, Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq versin",- deyə İ.Əliyev qeyd edib. Dövlət başçısı bağlı qapılar arxasındakı söhbətləri açıqlamaq istəmədiyini də vurğulayıb. Səbəbini isə diplomatiyanın öz qaydalarının olması ilə əsaslandırıb: “Ancaq həm Qərb mediasında, həm qeyri-hökumət təşkilatları tərəfindən bizə qarşı aparılan qarayaxma, şər-böhtan, təhqir kampaniyasının, həm də burada ”beşinci kolon"a göstəriş verərək bunlardan istifadə etməyin əsas səbəbi bizi məcbur etməkdir ki, Dağlıq Qarabağın müstəqilliyinə razılığımızı verək. Bu, heç vaxt olmayacaq. Nə qədər ki, biz iqtidardayıq,- referendum göstərdi ki, inşallah, biz iqtidarda çox olacağıq,- heç vaxt Azərbaycan buna razılıq verməyəcək. Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik". Ekspertlərin fikrincə, dövlət başçısı ilk dəfədir bu cür açıq şəkildə ifadə edir ki, qapalı görüşlərdə Azərbaycanı Qarabağı tanımağa məcbur etmək istəyirlər.
AVP sədri Fəzail Ağamalı isə musavat.com-a bildirib ki, dövlət başçısının ilk dəfə bu cür fikirlər səsləndirməsi təsadüfi deyil: “İşğal olunmuş torpaqlarımızla, Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini dövlət başçısı açıqlayarkən, dəfələrlə belə bir anlayışı önə çəkib ki, heç zaman Azərbaycanın ərazilərində erməni dövlətinin yaranmasına izn verilməyəcək. Bir neçə gün öncə də bu fikir bir daha vurğulandı. Məlum oldu ki, Azərbaycanın tarixi ərazisində ikinci erməni dövləti yaratmaq üçün Azərbaycana ən müxtəlif səviyyələrdə, ayrı-ayrı dövlətlər tərəfindən təzyiqlər var. Ölkə prezidenti tərəfindən ilk dəfə olaraq bu, açıqlandı. Bu cür təzyiqlərin müəllifləri əslində BMT-nin nizamnaməsini kobud şəkildə pozurlar. Çünki onların təmsil olunduğu BMT-yə Azərbaycan müstəqil dövlət kimi üzv qəbul olunanda, onun 87 min kvadrat kilometr ərazisi təsbit olunub. Yəni indiki işğaldakı ərazilər də Azərbaycanın ərazisi kimi haqlı olaraq göstərilib. İndi Azərbaycana təzyiq edənlər təkcə bizim ölkəmizə qarşı ədalətsiz mövqe nümayiş etdirmirlər. Eyni zamanda BMT-nin üzünə tüpürürlər, beynəlxalq hüququ təpik altına alırlar. Çıxarılan nəticə bundan ibarətdir ki, dünyada nizam, ədalət tərəzisi tamamilə pozulub. Bu pozulmaların əzabını həm də Azərbaycan, onun xalqı çəkir. Azərbaycan dövlətinin ən önəmli cəhətlərindən biri budur ki, Azərbaycan prezidenti olmuş Heydər Əliyev, indi İlham Əliyev Azərbaycanın ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyib. Amma diplomatik mübarizədə ən böyük iş də bu imiş. Bu gün torpaqlarımızın azad olunmasına da mane olan bu cür ədalətsiz yanaşmalardır. Azərbaycan öz gücünə söykənməli, öz potensialına arxalanmalıdır”.
Cia.az
