Azərbaycan prezidenti İlham Əliyevin Qarabağla bağlı gündəmi dəyişən son sensasion açıqlaması - ölkəmizə bağlı qapılar arxasında təzyiqlərlə bağlı mesajı diqqəti yenidən ikili standartlar məsələsinə yönəldib. Bu açıqlama problemin ədalətli həlli üçün ən əvvəl ikili standart probleminin aradan qaldırılmasının nə dərəcədə vacib olduğunu bir daha ortaya qoyur. Çünki məhz aparıcı güclərin belə ikili standart yanaşması işğal rejiminin uzanmasına, işğalçının özünü cəzasız hiss etməsinə xidmət edən əsas amildir.
Yaranmış durumda Azərbaycan üçün öz haqlı mövqeyini beynəlxalq instansiyalarda təbliğ eləməkdən və dost-müttəfiqlərinin sayını artırmaqdan, mövcud dost-müttəfiqlərlə əlaqələri daha da möhkəmlətməkdən savayı yol qalmır. Beynəlxalq səviyyədə sözümüzün keçərli olması üçün Azərbaycan bütün mənalarda güclənməlidir - hərbi, iqtisadi, demokratik cəhətcə. Niyə həm də “demokratik”? Ona görə ki, Qarabağ məsələsi həm də insan haqları məsələsi sayılır və demokratik dünyanın hərtərəfli dəstəyini qazanmaq üçün bu faktoru gözardı edə bilmərik.
*****
Nə yaxşı ki, mötəbər beynəlxalq qurumlar Azərbaycanın haqlı mövqeyinə biganə deyil. Onlardan biri də Avropa Şurası Parlament Assambleyasıdır (AŞ PA). Çox mühümdür ki, prezident İlham Əliyevin məlum açıqlamasından cəmi bir neçə gün sonra AŞ PA-dan Qarabağ məsələsində Azərbaycana dəstək gəlib. Belə ki, qurumun payız sessiyasının ilk iş günündə AŞ PA sədri Pedro Aqramunt deyib ki, “bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”. Özü də bu fikri xüsusi vurğulayıb.
Yada salaq ki, Ukraynadakı vəziyyətdən danışan AŞ PA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayaraq deyib: “Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr... Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər. Ukraynada baş verən münaqişə, Krımın ilhaq olunması, eyni zamanda, Gürcüstan, Moldova və Azərbaycandakı münaqişə qəbuledilməzdir. Avropalı olaraq, biz yaşadığımız ümumi məkanımızda baş verən münaqişələri həll etməliyik və burada parlament diplomatiyası siyasi danışıqları ruhlandırmaq istiqamətində adekvat vasitədir”.
Amma gerçək bundan ibarətdir ki, Dağlıq Qarabağ konfliktin də daxil, adı çəkilən münaqişələrin heç birini hələ ki yoluna qoymaq mümkün olmayıb. Bunun da aparıcı səbəbi, qeyd olunduğu kimi, həmsədr dövlətlərin ikili standart siyasətidir. Ən xoşagəlməz reallıq da elə budur ki, beynəlxalq təşkilatlar öz qərarları ilə Azərbaycanın yanında olduğu halda, həmsədrlər altdan-altdan işğalçıya himayədarlıq edir, işğalçının təəssübünü çəkirlər.
*****
Qarabağ danışıqlarındakı növbəti durğunluq dövrünün səbəblərindən danışan rusiyalı tarixçi alim və analitik Oleq Kuznetsova görə, yaranmış durğunluğun bir səbəbi də son vaxtlar Azərbaycan və Ermənistanın öz daxili siyasi problemlərini həll etməyə girişməsi ilə bağlıdır: “Yay ərzində hər iki ölkədə praktiki şəkildə paralel olaraq konstitusiya islahatları aparıldı. O səbəbdən Qarabağ ritorikası bu fonda bir qədər zəiflədi. Azərbaycanda və Ermənistanda daxili siyasi dəyişikliklər dönəmi başlayıb ki, bu da hər iki ölkədə xarici siyasət fəallığında müvəqqəti sakitlikdə özünü göstərir. Bunda təəccüblü və qeyri-təbii heç nə yoxdur. Sadəcə, dövlət siyasəti prioritetlərinin müvəqqəti dəyişməsi baş verib. Və mən əmindən də artıq əminəm ki, çox qısa zaman sonra - bir aydan çox olmayaraq, - hər şey köhnə axarına qayıdacaq, danışıqlarda aktivlik olacaq”.
Ekspert işğalçı Ermənistandakı son kadr dəyişikliklərinə də diqqət çəkərək, baş verənləri bu ölkədə “Qarabağ klanı”nın hakimiyyətinin zəifləməsi kimi xarakterizə edib: “Bu prosesin qarantı qismində rusiyayönlü qüvvələrin təmsilçisi olaraq ”Qazprom Mejregionqaz"ın meneceri, İrəvanın sabiq meri Karen Karapetyanın baş nazir gəlməsidir. Hətta müdafiə naziri postuna prezident administrasiyasının keçmiş rəhbəri, mülki şəxs Viqen Sərkisyanın gətirilməsi ilə silahlı qüvvələr prezident Serj Sərkisyanın birbaşa idarəçiliyi altına keçsə də, istisnasız olaraq Dağlıq Qarabağda qanunsuz erməni silahlı birləşmələrinin səhra komandirləri olmuş generallar daha ölkənin daxili siyasətinə təsir edə bilməyəcəklər. Odur ki, mənim fikrimcə, “Qarabağ klanı” bütünlüklə və qəti şəkildə öz mövqelərini əldən verib".
*****
Lakin düşmən ölkədə nə baş verir-versin, sözsüz ki, Azərbaycanın diqqətindədir və Qarabağ probleminin hərbi yolla həll variantı daim masa üstündə saxlanılır. Bunu Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsində ön xətdə xidmət edən şəxsi heyətlə görüşü bir daha sübut edir.
Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək bildirib: “Azərbaycanın səylərinə baxmayaraq, Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin həlli istiqamətində heç bir müsbət addım atmır. Düşmənin qeyri-konstruktiv mövqeyinə görə danışıqlarda irəliləyiş əldə olunmur, beynəlxalq hüquq pozulur. Ali Baş Komandanın qeyd etdiyi kimi, Ermənistan öz çirkin taktikasını işə salaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın, vaxt uzansın. Biz buna imkan verməməliyik və bu münaqişə tezliklə həllini tapmalıdır”.
Cəbhə xəttində düşmənin təxribatları davam etməsi və daima artmasına diqqət yönəldən müdafiə naziri daha sonra işğalçını xəbərdar edərək deyib: “Ordumuz bu təxribatların qarşısını qətiyyətlə alır və daha sərt cavab tədbirləri həyata keçiriləcək. Ermənistanın nümayiş etdirdiyi raketlərin taktiki-texniki xüsusiyyətləri barədə tam məlumatımız var. Bu bölgədəki hərbi balansı düşmənin xeyrinə dəyişməyib.
Biz bütün istiqamətlərdə tam üstünlüyə nail olmuşuq. Düşmən tərəfinin istifadə edə biləcəyi bir neçə qurğuya cavab olaraq isə Silahlı Qüvvələrimiz sərəncamındakı minlərlə raketlərdən, döyüş vasitələrindən cavab verməklə həmin raketləri vura bilməyə və düşmənin istənilən məsafədəki bütün hərbi infrastrukturunu məhv etməyə qadirdir.
Ermənilərin həmin raketlərdən istifadə barədə səsləndirdiyi hədələr isə uydurmadan başqa bir şey deyil. Aprel döyüşləri qarşı tərəf üçün bir dərs olmalı idi. Lakin görünür, onlar bu zərbədən nəticə çıxarmayıblar. Düşmənin növbəti təxribatına veriləcək cavab daha dağıdıcı və sarsıdıcı olacaq, onu tam məhv edəcək”.
musavat
