|
Dünya Enerji Konqresindən gözləntilər - udan və uduzan kimlər olacaq?
Oktyabrın 10-da Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi işinə başlayıb. Oktyabrın 10-da konqresdə Azərbaycanın dövlət başçısı İlham Əliyev də geniş çıxış edib. Ekspertlər musavat.com-a bu toplantıdan gözləntilərlə bağlı ehtimallarını bölüşüblər. 

Professor Elşad Məmmədov bildirib ki, İstanbulda keçirilən 23-cü Enerji Konqresində əsas müzakirə mövzusu OPEC-ə daxil olan və qeyri-üzv ölkələrin beynəlxalq neft bazarının balanslaşdırılması istiqamətində səylərinin konsolidasiya edilməsi perspektivləridir: “Neft qiymətlərinin davamlı müddət ərzində aşağı səviyyədə olması aparıcı neft hasilatçıları ölkələrinin çətin iqtisadi duruma düşməsinə səbəb olub. Bu, ən çox iqtisadiyyatları kifayət qədər  diversifikasiya edilməyən ölkələrə aiddir ki, onların tədiyyə balanslarında və digər makroiqtisadi göstəricilərində ciddi  problemlər yaranıb. Bu baxımdan, əminliklə bildirmək olar ki, neft qiymətlərinin stabilləşməsi və artırılması bu ölkələrin iqtisadi maraqlarına uyğundur və həm OPEC-ə daxil olan, həm də təşkilata üzv olmayan hasilatçı ölkələrin əksəriyyəti hasilatın həcminin azaldılması və bazarda neft təklifinin tələbata nisbətən daha balanslaşdırılmış şəkildə formalaşdırılmasında maraqlıdırlar. Bu amil yaxın perspektivdə neft qiymətlərində artıma doğru müəyyən korreksiyaların olacağını proqnozlaşdırmağa əsas verir. Lakin fikrimcə, neft qiymətlərində gözlənilən artım kəskin olmayacaq. Neftin dünya bazarlarında qiymətinin hansı səviyyədə olması bir sıra mürəkkəb geosiyasi, iqtisadi, habelə texnoloji baxımdan innovativ amillərlə bağlıdır. Buna görə də bu sahədə qiymətlərin formalaşmasında hətta nəzəri baxımdan bütün hasilatçıların eyni  mövqedən çıxış etməkdə maraqlı olması belə heç də həmişə həlledici rol oynamır”. 
 
Ekspertin sözlərinə görə, yaxın illərdə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə artmasına bir çox amillər mane olacaq. İlk sırada geosiyasi amillər gəlir: “Qərb-Rusiya münasibətlərinin kəskinləşməsi prosesi dərinləşməkdədir. Bu baxımdan, neftin qiymətinin kəskin şəkildə artması Rusiyaya qarşı Qərbin həyata keçirdiyi sərt siyasətin effektivliyini heçə endirə bilər. Çünki reallıqda enerjidaşıyıcılarının qiymətlərinin endirilməsi vasitəsilə Rusiya iqtisadiyyatına ziyan vurmaqdan başqa, əslində Qərbin arsenalında əsaslı siyasi, hərbi və hətta iqtisadi mexanizm mövcud deyil. Buna görə də mən ”neft kartından" Qərbin hələ xeyli müddət istifadə edəcəyini proqnozlaşdırıram".
 
Onun sözlərinə görə, texnoloji və innovativ amillər də əsasdır: “ABŞ-da şişt texnologiyaları əsasında həyata keçirilən neft hasilatı qiymətlərin formalaşmasında mühüm rol oynamağa başlayır. Qiymətlər 50-60 dollar arasında manevr etdiyi zaman, şişt buruqları artıq rentabelli olur, bu isə neft bazarında təklifin kəskin şəkildə artmasına səbəb olaraq, qiymət artımının müəyyən səviyyəyə çatdıqdan sonra dayandırılmasına xidmət edir. Neft hasilatçıları ölkələrinin makroiqtisadi durumunun oxşar cəhətləri ilə yanaşı, həmin milli iqtisadiyyatlarda struktur baxımından ciddi fərqlərin olmasına görə qiymətlərin dəyişməsinə bu ölkələrin həssaslığı müxtəlifdir. Misal üçün, iqtisadiyyatının diversifikasiyasına xeyli dərəcədə nail olmuş, ciddi sanksiyalar sınağından çıxmış İran iqtisadiyyatının Səudiyyə Ərəbistanı iqtisadiyyatına nisbətən hazırkı qiymətlərə adaptasiyası daha rahat keçir. Digər tərəfdən, bazarlara dayanıqlı şəkildə yenidən daxil olmağı planlaşdıran İran üçün hasilatın  azaldılması çox aktual deyil”.
 
E.Məmmədov qeyd edib ki, dünya iqtisadiyyatında, o cümlədən aparıcı milli iqtisadiyyatlar olan ABŞ və Çin iqtisadiyyatlarında  artım tempi hələ də zəifdir: “Bunu söyləməyə bir sıra mütərəqqi iqtisadi diaqnostik məzmunlu təhlillər əsas verir. Bu baxımdan, dünya iqtisadiyyatında enerjidaşıyıcılarına tələbatın  ciddi şəkildə artması gözlənilmir. Həmçinin yaxın aylarda ABŞ FES tərəfindən monetar siyasətin sərtləşdirilməsi gözlənilir. Bunun dünya miqyasında dolların möhkəmlənməsinə, inkişaf etməkdə olan milli iqtisadi sistemlərdə iqtisadi artım templərinin azalmasına səbəb olacağını proqnozlaşdırmaq olar. Bu proses eyni zamanda xammal resurslarının, o cümlədən neftin qiymətlərinin artmasına xidmət etməyəcək”. 
 
E.Məmmədovun sözlərinə görə, İstanbul Konqresi ilə bağlı digər əlamətdar hadisə konqres meydançalarında Rusiya və Türkiyə dövlətləri arasında “Türk axını” layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişin imzalanması olub: “Reallaşacağı halda, Avropanın qaz və ümumilikdə enerjidaşıyıcıları nəqli xəritəsində ciddi dəyişikliklərə səbəb olacaq bu layihə ilə bağlı razılığın əldə olunmasını hər iki ölkənin ciddi iqtisadi uğuru kimi qiymətləndirilmək olar. Uduzan tərəfin isə bu məsələdə əsasən ABŞ-ın təzyiqləri səbəbindən ”Cənub axını" layihəsindən imtina edən bir sıra Avropa İttifaqı ölkələri və Ukraynanın olması görünür".

İqtisadçı alim Fikrət Yusifov isə “Yeni üfüqlərə qucaq açmaq” devizi altında keçirilən Konqresi hazırda dünyada yeni başlayan sənaye erasında sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət kimi dəyərləndirib və orada səslənəcək fikirlərin, verilən mesajların dünyanın enerji təchizatının gələcək  “yol xəritəsi”nin əsasını təşkil edəcəyini deyib: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas strateji tərəfdaşa çevrilməkdədir. Azərbaycan və qardaş Türkiyə arasında energetika sahəsində əməkdaşlıq özünün pik həddinə çatıb. Bu, regionda hər iki dövlətin mövqelərinin daha da möhkəmləndirilməsi deməkdir. Bu sahədə Azərbaycan və Türkiyənin Rusiya ilə bir araya gələ bilməsi isə enerji məsələlərinin həllində yeni regional bir güc mərkəzinin formalaşması perspektivlərindən xəbər verir. Burada söhbət yaxın gələcəkdə hər üç ölkənin maraqlarını təmin edən transmilli enerji layihələrinin icra edilməsindən gedir. Bütün bu proseslərdə isə getdikcə daha böyük təbii basqılara məruz qalacaq ölkə Ermənistan olacaq. Ermənilər bir məsələni anlamalıdırlar ki, bu gedişlə onlara olan bugünkü ”sevgi" hər zaman daha üstün maraqlarla əvəzlənə bilər. Bunları düşünüb nəticə çıxarmaq hələ ki gec deyil".
Cia.az