Azərbaycanda fəaliyyət göstərən uşaq bağçaları və körpələr evinin Təhsil Nazirliyinin tabeliyinə verilməsi uzun zamandır ki, müzakirə mövzusudur.
Lakin məsələ ictimai müzakirə olunsa da hələ də öz həllini tapmayıb.
Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu tipli müəssisələr mütləq şəkildə Təhsil Nazirliyinə tabe olmalıdır: “Çünki yerli icra hakimiyyəti orqanlarının ümumiyyətlə, tərbiyə prosesinin və məktəbəqədər təhsilin həyata keçirilməsi üçün elə bir strukturu və kadrları yoxdur”.
O qeyd edib ki, bütün dünyada proses bu cürdür: “Özəl və dövlət məktəbəqədər təhsil müəssisələri istər proqram baxımından, istərsə də tərbiyə prosesinin həyata keçirilməsi baxımından mütləq Təhsil Nazirliyinin tabeliyinə verilməlidir. Əgər məktəbəqədər təhsil proqramları, kuriklumlar Təshil Nazirliyi tərəfindən hazırlanır və təstiq olunursa, avtomatik olaraq tabeçilik də ona aid olmalıdır.
Özəl bağçalar özləri üçün kurikulumlar, təhsil proqramları hazırlamaq gücündə ola bilməzlər. Ümumiyyətlə, təhsilin fasiləsizliyindən, bütün pillələrin biri-birini tamamlamasından danışırıqsa, təhsilin bir pilləsinin başqa quruma tabeçiliyi yolverilməzdir”.
Ekspertin sözlərinə görə, son iki ilə qədər təhsil sistemində müəyyən parçalanmalar baş verib: “Təhsil Nazirliyinin bir çox hallarda yarıtmaz fəaliyyəti nəticəsində bir sıra səlahiyyətləri başqa qurumlara həvalə olunub.
Dərsliklərin monitorinqi, orta məktəblərdə buraxılış imtahanların keçirilməsi, eyni zamanda uşaq bağçaları və məktəbəqədər təhsil müəssisələrinin icra hakimiyyəti strukturturlarına tabeçiliyi kimi anormal proseslər gedir. Ancaq vahid, çevik idarəçilik, inkişaf üçün və keyfiyyətin yaxşılaşdırılması üçün adı çəkilən müəssisələrin Təhsil Nazirliyinə tabeçiliyi mütləqdir”.
Ölkə başçısı tərəfindən təsdiq olunmuş Təhsil Nazirliyinin Əsasnaməsində də açıq şəkildə qeyd olunub ki, ölkədə təhsil siyasətinin həyata keçirilməsi üçün yaganə qurum Təhsil Nazirliyidir. Bu siyasəti Təhsil Nazirliyi həyata keçirirsə, tabeçilik də Təhsil Naziriyinin olmalıdır. Bütün dünyada təhsilin ən əsas pilləsi məktəbəqədər təhsil hesab olunur. Çünki bu təhsil, həm başlanğıcdır, həm də uşaqların formalaşmasında təhsilin çox böyük bir həlqəsidir. Bizdə isə bu həlqəyə biganə yanaşılır”.
