Milli Məclisin deputatı, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızının parlamentin son iclasında internet televiziyalarının fəaliyyəti ilə bağlı dedikləri ciddi qalmaqal yaradıb. Məsələ getdikcə böyüyür. YAP-çı deputat internet televiziyalarının fəaliyyəti barədə qanun qəbul olunmasını və onların fəaliyyətinin bu qanunla tənzimlənməsini təklif edib.
M.İbrahimqızı bildirib ki, internet televiziyaları ölkəmizin imicinə zərbə vuran yalan məlumatlar yayırlar, ölkə başçısı barədə şər-böhtan xarakterli yazılar dərc edirlər. Onun fikirləri müxalifətə yaxın mətbuat orqanları və sosial şəbəkələrdə sərt şəkildə tənqid olunur. İddia olunur ki, xanım deputatın fikirləri birbaşa müxalifətin bu sahələrdə olan imkanlarını tamamilə sıfıra endirməkdən irəli gəlir. M.İbrahimqızı aşağılayıcı tonda tənqid olunur, bəzən təhqirə belə keçilir.
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov həmkarının dediklərinə belə münasibət sərgilədi: “Hər bir millət vəkilinin Milli Məclisdə hadisələrə münasibət bildirmək, sərbəst fikir səsləndirmək ixtiyarı var. Mən buna hörmətlə yanaşıram. Azərbaycanda mətbuat və söz azadlığı mövcuddur. Kimin buna şübhəsi varsa, interneti açıb baxa bilər, ”Yeni Müsavat"da gedən yazıları izləyə bilər. Yəni kim necə istəyirsə, fikirlərini o şəkildə ifadə edir. Bu mənada tam azadlıqdır. Amma nəzərə alaq ki, mətbuat azadlığı həddindən artıq olanda ciddi problemlər yaradır. Təsadüfi deyil ki, bəzi ölkələr mətbuat azadlığını məhdudlaşdırmaq yolunu tuturlar. Böyük Britaniya yaxınlarda mətbuat azadlığı, kral ailəsi və dövlətlə bağlı məlumatlara müəyyən məhdudiyyətlər yaratdı, onu ciddiləşdirdi. Azərbaycanda «KİV haqqında» Qanun var. O qanun beynəlxalq ekspertizadan keçib. Həmin qanunla bağlı Mətbuat Şurası geniş işlər görür. İnsanlar müxtəlif olduğu kimi, jurnalistlər də müxtəlifdir. İnsanlar ədalətli və ədalətsiz, səviyyəli və səviyyəsiz olduğu kimi, çap və elektron media da belədir. Elə insan var ki, bir məlumat eşidən kimi, onu dəqiqləşdirmədən yaymağa başlayır. Bəzi mətbuat orqanları da bu insanlar kimidir.
Fakta məsuliyyətsiz yanaşma, mənbəyi araşdırmama, yaxud başqa mənbədən götürüb onu dəqiqləşdirmədən yayma var. Belə hallar haqlı olaraq insanları incidir, onların hüquqlarına toxunur. Son referendumdan öncəki referendumda şəxsi həyatın mühafizəsi ilə bağlı konstitusiyamıza dəyişikliklər etdik. Son referendumda isə insan həyatının qorunmasının vacibliyi ilə bağlı daha bir dəyişiklik etdik. Bunlar insan həyatı və şəxsiyyəti ilə bağlı vacib olan məsələlərdir. Cəmiyyətin, insanların rəyini nəzərə alaraq, konstitusiyamızda müəyyən dəyişikliklər etmişik. İndi desək ki, qanunvericiliyimiz mətbuat və söz azadlığına uyğun deyil, mətbuat sahəsində sona qədər münasibətləri tənzimləyə bilmir, bu ədalətsizlik olardı. Qanunlarımız mükəmməldir, Azərbaycan jurnalistinin peşə qaydaları, davranışları var. Oturuşmuş qəzetlər, jurnalistlərlə bağlı heç bir problem yoxdur. Son vaxtlar internet televiziyaları dəbə minib. Bu televiziyalar da mənfi ənənə formalaşdırırlar. Yeni qəzetlər, saytlar, internet televiziyaları çalışırlar ki, nəsə bir sensasiyalı məlumatlar yayalar və bununla varlıqlarını göstərələr. Əksər hallarda da bu sensasiya əsassız olur".
B.Sadıqov həmkarını dəstəklədiyini də qeyd etdi: “Məlahət İbrahimqızının mövqeyi doğrudur və on dəstəkləyirəm. İnternet televiziyaları var ki, iş-peşələri ancaq mənfilikləri görmək, bunu qabartmaq, sensasiya yaratmaq üçün həqiqətləri təhrif etməkdir. Bunun da nəticəsində cəmiyyətə düzgün məlumat vermirlər. İnsanların şərəf və ləyaqətlərinə uyğun gəlməyən addımlar atırlar. Düşünmürəm ki, bu barədə xüsusi bir qanun qəbul etmək lazımdır. Çünki mövcud qanunlarımız kifayət qədər uyğundur. Qanunlarımız imkan verir ki, həmin televiziyaları, elektron və çap medialarını məhkəməyə verək, qanunun aliliyi ilə onlardan məsuliyyət tələb edək. Bu baxımdan, həm məsələnin aktuallığını, həm də bu sahəyə xüsusi diqqətin ayrılmasını qəbul edirəm. Amma bu barədə qanun qəbul edilməsinə düşünürəm ki, hələ ehtiyac yoxdur”.
musavat
