|
Qərb müxalifətin demokratiya gözləntilərini dəfn etdi
Qərbin Azərbaycan müxalifətinə verdiyi dəstək sıfıra enib. Son illərdə beynəlxalq qurumlar, Avropa ölkələri daha çox Azərbaycan hakimiyyəti ilə əməkdaşlıqda maraqlı görünürlər. Bu proseslər 2005-ci ilin parlament seçkilərindən sonra başlayıb.

Sentyabrın 26-da ölkəmizdə keçirilən referendum bunu bir daha sübut etdi. Öndə olan əksər Qərb institutları konstitusiyaya edilən əlavə və dəyişiklikləri birmənalı şəkildə dəstəklədilər, səsvermənin nəticələrini tanıdılar. İndiyə qədər belə bir hal müşahidə olunmamışdı.
 
Azərbaycanda keçirilən istənilən seçkidən sonra beynəlxalq təşkilatlar arasında ikitirəlik yaranırdı. Bir qisim nəticələri tanıyır, digər tərəf sərt bəyanatlar səsləndirirdi. Amma Venesiya Komissiyasının rəyi istisna olmaqla, Qərb institutları Azərbaycan hökumətinin  yanında oldular. Bütün bunlar bəzi iddiaların meydana çıxmasına səbəb oldu. İddialardan biri ondan ibarətdir ki, Azərbaycan hökuməti Qərblə anlaşdığı üçün beynəlxalq təşkilatlar referendumda hakimiyyətin yanında oldular. Digər bir iddia da ondan ibarətdir ki, Qərb Azərbaycan müxalifəti zəif olduğuna, passiv fəaliyyət göstərdiyinə görə demokratiyanın yanında olmur. 
Politoloq Qabil Hüseynli hesab edir ki, belə məsələlərdə müxalifətin fəaliyyətindən çox şey asılıdır: “Milli güc istənilən səviyyəyə qalxırsa, o zaman dəstək olur, əlaqələrə əhəmiyyət verilir. Əgər bu gün iki partiya bir-birini qəbul etmirsə, aralarında ümummilli məsələlərdə ortaq əlaqələr mövcud deyilsə, müxalifət dağınıq şəkildə, zəifləşmiş formada fəaliyyət göstərirsə, ciddi dövlətlər, siyasi qüvvələr onlarla əməkdaşlığa üstünlük verə bilməzlər. 
 
Qərbin özünün ciddi siyasi maraqları var. Bu maraqlar Cənubi Qafqaz bölgəsini əhatə edir. Bu maraqların təmin edilməsi üçün Qərbin Azərbaycanda hakimiyyətlə əlaqələrə önəm verməsinə təəccüblənmək lazım deyil. Çünki Qərb görür ki, ölkədə siyasi sabitlik mövcuddur, iqtisadiyyatda müəyyən qüsurlar olsa da, inkişaf artan xətlə gedir. Ölkə başçısı İlham Əliyev balanslaşdırılmış siyasət yeritməklə, dünya gücləri ilə ümumi dil tapa bildi.  
 
Onlar da İlham Əliyevin simasında güclü siyasətçi görüb, onunla əməkdaşlığa qərar verdilər. Bu əməkdaşlıq da son illərdə artıb. AŞ PA-nın son sessiyasında postsovet ölkələrindəki münaqişələr, o cümlədən Dağlıq Qarabağ probleminin ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı verdiyi bəyanat bunları təsdiq edir. Qərb Azərbaycanın siyasi rəhbərliyini ciddi şəkildə dəstəkləməyə başlayıb, münasibətlərin sürətlə inkişafını istəyir. Amerikanın özündə Azərbaycana qarşı münasibət xeyli müsbətə doğru dəyişib. 
 
Rusiyanın aqressivliyinin artdığı bir zamanda bu, Qərbin maraqlarına tam cavab verən bir siyasətdir. Hazırda demokratik seçkidən, insan haqlarından daha çox Qərbi bölgənin təhlükəsizliyi, sabitlik, ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması maraqlandırır. Bu istiqamətdə də həmin dövlətlərə öz dəstəyini verir. Azərbaycana verilən dəstək siyasi hakimiyyətə olan etimaddan doğur. Bu dəstək Rusiyanın regionda qarma-qarışıqlıq yaratmaq istədiyi bir zamanda çox ciddi əhəmiyyəti olan hadisədir. Qərb yaxşı başa düşür ki, bu dəstəyi vermək Rusiyanın qurduğu planı pozmaq deməkdir. Düşünürəm ki, Qərb tutduğu bu siyasi xətti uzun müddət davam etdirəcək. Bu baxımdan, müxtəlif hisslərə qapılmağa ehtiyac yoxdur”.
Cia.az