|
Rejissorlardan “vozdux” qalmaqalına cavab gəldi
“Son 10 ildə çəkilənlər ”vozdux"dur, 10 illik yaradıcılığımızı itirmişik". Bu sözləri xalq artisti, tanınmış rejissor və aktyor Ramiz Əzizbəyli Azərbaycan kinosunun bugünkü vəziyyəti haqqında “Yeni Müsavat”a danışarkən deyib. Xalq artistinin bu açıqlaması xüsusi diqqət çəkib və müzakirələrə yol açıb. 
 
Azərbaycanın tanınmış rejissoru, xalq artisti, son 10 ildə “Qisas almadan ölmə”, “Keçmişdən məktublar” və bu kimi digər filmlərin müəllifi olan Oqtay Mirqasım həmkarının sözlərinə bu cür şərh bildirdi: “Ondan başlamaq istəyirəm ki, Ramiz müəllim mənim yaxın dostumdur. Uzun illərdir, lap cavanlıq vaxtlarımızdan ünsiyyətdəyik. Bizim əməkdaşlığımız çox möhkəmdir və məhsuldardır. Doğrudur, indi çəkilən filmlər bizdə nisbi səviyyədə, istədiyimizdən daha azdır. Bizim bəzi texniki problemlərimiz var, istəklərimiz isə daha geniş miqyasdadır. Onunla belə, mən bu sözlərini təsdiqləyə bilmərəm ki, ”bütün filmlər “vozdux”dur". Bu, reallıqdan bir qədər uzaqdır. Xaricə gedən filmlərimiz var.

Festivallara gedib filmlərimizi təqdim edirik, mükafatlar qazanırıq. Düzdür, indi kinoteatrlarda gedən filmlərin arasında bizim ciddi filmlərimiz yoxdur. Və onun üçün də kütlədə, əhalidə belə bir təəssürat yarana bilər ki, heç də ciddi filmlər çəkilmir. Amma yox, çəkilir. Mədəniyyət nazirliyinin xətti ilə, büdcədən maliyyələşən filmlər arasında yaxşıları, orta səviyyəli olanlar da var. Və bəzən təəssüf hissi ilə baxdığımız filmlər də olur. Amma deyək ki, hər şeyi, bütün fəaliyyəti heçə endirmək, sıfıra bənzətmək və yaxud “vozdux” demək... İstəməzdim ki, Ramizi qınayaq. Ramiz yaxşı, gözəl sənətkardır, istedadlı və insaflı adamdır. İndi işi azdır deyə bir qədər darıxır. Məndə də olur. Bəzən çox istəyirəm ki, daha fəal işləyək, daha çox vaxtımız olsun ki, özümüzü göstərə bilək. İllər itiririk bəzən. Amma neyləyə bilərik, problemlər çoxdur, reallıq budur. Millət də ki, filmləri özü üçün seçir və gedib növbəyə düzülüb elə filmlərə bilet alır ki, hansılarI ki, mən, məsələn, heç film cildinə aid eləməzdim".

Image result for Elxan Cəfərov

Son illərdə çəkilən “Dolu”, “Mayak” filmlərinin müəllifi olan rejissor, əməkdar incəsənət xadimi Elxan Cəfərov isə qeyd etdi ki, Azərbaycan filmi bu gün keçid dövrünü yaşayır: “Nəzərə almaq lazımdır ki, Ramiz müəllim ”Azərbaycanfilm" kinostudiyasının sovet dövrünün yetirməsidir. Və əlbəttə ki, o dövrün film səviyyəsi ilə bugünkü fərqlidir. Biz hələ müstəqil Azərbaycanın kinosunu formalaşdırırıq. Amma Ramiz müəllimin söylədiyi həqiqətlər yəqin ki, böyük sovet məkanında 200 milyondan artıq tamaşaçılar üçün nəzərdə tutulmuş kinolarla bağlı müqayisəsidir. Bəli, hazırda kinomuzun inkişaf mərhələsindəyik. Lakin qətiyyətli şəkildə bunun boşa getdiyini demək... mən bu fikirlə razı deyiləm. Ən əsas səbəblərdən biri də budur ki, bu gün bizim istehsalımız 10 milyonluq Azərbaycana yönəlib, o dövrdə istehsal olunan filmlər isə 200 milyonluq sovet tamaşaçısına ünvanlanmışdı. Onun prokat, yayım sistemi, orda olan münasibətlər də, kinonun beynəlxalq və qeyri-beynəlxalq münasibətləri də daha mükəmməl idi. Amma bu gün mən çox ümidliyəm və inanıram ki, həmin o sistemin yeni formatda quruculuğu ilə məşğuluq. Əlbəttə, hər bir quruculuğun bir həddi, sonu olmalıdır. Biz orta gənc nəslin nümayəndəsi kimi əlimizdən gələni etməyə çalışırıq ki, Azərbaycan kinosunu həmin o statusa gətirib çıxaraq, hətta ondan də yüksəyə və daha böyük nailiyyətlər əldə edək".
 
E.Cəfərovun sözlərinə görə, Azərbaycan kinostudiyasında istehsal olunan filmləri bəzən xarici tamaşaçılar daha tez rahatlıqla görə bilir, amma yerli tamaşaçılarımıza təqdim etmək imkanımız məhduddur: “Bu gün Azərbaycan kinosu keçid dövründədir. Biz bu gün elə bir iş prosesi qurmalı, yaratmalıyıq ki, yaxın 5-10 ildən sonra Azərbaycan kinosunun həm yayımı, həm beynəlxalq münasibətləri haqqında danışıb, daha dəqiq nəsə söz deyək. Yəni əgər məsələn, biz binanın 7-ci mərtəbəsini tikiriksə, onun 10-cu mərtəbəsinin olmaması barədə söz demək bizə toxunur və məntiqdən kənardır”. 
Cia.az