Neft hasilatının azaldılması fonunda qiymətlərin artımı bir müddətdir ki, müzakirə mövzusudur. Əksər ekspertlər hasilatın azaldılacağı barədə ehtimalları bölüşmürlər. Bildirilir ki, bununla bağlı ilkin razılıq olsa da, son anda məsələnin alınmayacağı daha çox gözləniləndir.
İstanbulda öz işinə başlayan XXIII Dünya Enerji Konqresinin açılışındakı çıxışında Səudiyyə Ərəbistanının enerji naziri Xalid əl-Falih isə bildirib ki, Səudiyyə Ərəbistanı enerji sektoruna investisiyaları davam etdirəcək.
Çıxışında yeni dönəmdə Səudiyyə Ərəbistanının yürüdəcəyi enerji siyasətinin ana xətləri barədə danışan əl-Falih deyib ki, ölkəsi bu sahədə yatırımlara davam edəcək: “Bunun üçün lazımi hazırlıqlarımız var. Bazardan tələb gəlməsi halında neft hasilatını da artıracağıq. Hazırda biz 7 milyard insanın taleyini düşünmək məcburiyyətindəyik. 2050-ci ildə bunun üstünə 2 milyard da gələcək. Bazarın əsas oyunçularından biri kimi bunları nəzərə almaya bilmərik”. (APA)
Xalid əl-Falih OPEC üzvü olan ölkələrin maliyyə nazirlərinin və mərkəzi banklarının prezidentlərinin daimi məşvərət halında olduqlarını və iki ayda bir keçirilən toplantılarda vəziyyəti analiz etdiklərini bildirib. Qeyd edək ki, Türkiyə prezidentinin himayəsi altında keçirilən XXIII Dünya Enerji Konqresinin təşkilatçıları Dünya Enerji Şurası və Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyidir.

Səudiyyə Ərəbistanının enerji naziri Xalid Al-Falih həmçinin OPEC-in neft hasilatını çox azaldaraq bazarda bir şoka səbəb olmaması lazım olduğunu bildirib. O, noyabr ayında neft hasilatına dair razılaşma əldə ediləcəyi barədə nikbin olduğunu ifadə edib. OPEC-in balanslı və məsuliyyətli bir şəkildə davranması lazım olduğunu vurğulayan Falih, OPEC-in mühüm rolunun davam etdiyinə inandığını qeyd edib.
Rusiya prezidenti Vladimir Putin isə qeyd edib ki, neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur. O, bildirib ki, Rusiya OPEC-in neftin hasilatını azaltmaqla bağlı təklifinə qoşulmağa hazırdır: “Mən digər neft ixrac edən ölkələri də bu təklifə qoşulmağa dəvət edirəm. Biz OPEC-in neft ixracı ilə bağlı limitin müəyyənləşməsi barədə qərarını dəstəkləyirik və ümid edirik ki, noyabrdakı görüş zamanı bu qərarın icrasına başlanacaq”.

Ekspert Natiq Cəfərli musavat.com-a açıqlamasında bildirib ki, neft hasilatının azaldılması mümkün olacaq məsələ deyil. Bu səbəbdən qiymətlərin artımı da gözlənilmir: “Neft bazarının öz oyun qaydaları var. Amma görünən odur ki, sözlü müdaxilələr, neft dövlətlərinin rəhbər şəxslərinin, yaxud neftə cavab verən şəxslərinin bazarda hər hansı bir təlatüm yaratmaq üçün sözlü müdaxilələrlə, bəyanatlarla çıxış etməsinin hələlik bazara effekti olur. Son Əlcəzair görünüşündən sonra da ortada hələlik heç bir razılaşma yoxdur. Sadəcə qərara gəliblər ki, noyabrın 30-da hasilatın dondurulması məsələsi müzakirə olunacaq. Bu zaman müəyyən bir qərar ola bilər. Tək bu informasiyanın özü belə nefti təxminən 9 faizə yaxın bahalaşdırdı və neftin qiyməti 50 dolları keçdi. Neft 45 dollardan 52 dollara qədər qalxdı. Yəni görünən odur ki, hələlik belə müdaxilələr bazara ciddi şəkildə təsir göstərir. Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela kimi ölkələrdə, neftdən ciddi şəkildə asılı olan ölkələr üçün qiymət çox önəmlidir. Azərbaycan üçün də çox önəmlidir. Ona görə də bazara təsir edə biləcək bəyanatların sayının noyabr görüşünə qədər artacağını gözləyirəm”.
Ekspertin sözlərinə görə, amma noyabr ayında hər hansı anlaşma olsa belə, qiymət artımının olacağı real deyil: “Razılaşmanın olması ehtimalı çox aşağıdır. Çünki maraqlarının ciddi toqquşduğu ölkələr var. Hətta Nigeriya kimi, Liviya kimi, İraq, İran kimi ölkələr burada iştirak etməyəcəklərini indidən bəyan ediblər. Çünki onların hasilatında ciddi azalmalar var idi müəyyən dönəmlərdə. Onlar öz hasilatlarını artırmaq və əvvəlki səviyyələrə çıxmağı gözləyirlər. Məsələn, Liviyada cəmi gündəlik 400 min barel hasilat var, daxili mübarizə və müharibələrə görə belədir. Bir balaca indi səngimə prosesi gedir və orada daxildəki mübarizə səngiyib və Liviya yenidən öz payına- 1,2-1,4 milyon barel hasilat payına çatmağı düşünür. O cümlədən İraq da terror hadisələrinə görə, İŞİD-in orada törətdiyi əməllərə görə, Mosulun işğalına görə hasilatını təqribən 1 milyon barel azaltmışdı. İndi yenidən hasilatı bərpa etməyi düşünür. İŞİD-in əlində olan əraziləri işğaldan təmizləyən kimi yenidən hasilata başlayacağını bəyan edir. O cümlədən İran da 4,5 milyonluq hasilatını, sanksiyalara qədər olan həddə hasilatını qaldırmağı düşünür. Deməli, 500 min barel də o, artıracaq. Bu proseslər gedir. Rusiyanın özü elə tarixinin ən böyük neft hasilatını sentyabr ayında həyata keçirdi. Hətta SSRİ dövründən də yüksək səviyyədə hasil edir. Deməli, bu dondurma planının işləməsi mexanizmləri yoxdursa, əslində bu, bazara psixoloji effektdən başqa bir şey deyil. Amma hələlik bu effekt işləyir. Bazarda qiymətin müəyyən qədər artmasına səbəb olur”.

N.Cəfərli qeyd edib ki, bu proseslərdən udan ölkə proseslərin heç birində iştirak etməyən, heç bir danışıqlarda olmayan ABŞ-dır: “Orada slans neft yataqlarının hasilatının maya dəyəri daha yüksəkdir. Xərc digər ölkələrə nisbətən daha yüksəkdir. Neftin qiyməti artdıqca, orada rentabellik artır. Yeni quyuların qazılmasına, hasilatın sürətlə artmasına şərait yaradır. Ona görə düşünürəm ki, bu sözlü müdaxilələrdən hələlik ən çox udan elə ABŞ-dır. ABŞ-da hasilatın artması, qurğuların sayının artması gələcəkdə neftin qiymətinin kəskin şəkildə yüksəlməsinə mane olacaq əsas faktorlardan birinə çevriləcək. Hətta dünyada artıq yeni bir termin də yaranıb. Bu, “slans klapanı” terminidir. Yəni ABŞ-da hasilat artdıqca, bu, klapan rolu oynayır və qiymətləri yenidən aşağı salır. Bu nöqteyi-nəzərdən neftdən ciddi şəkildə olan ölkələr çalışacaqlar ki, noyabr ayına qədər tez-tez belə gurultulu bəyanatlar verib neftin qiymətinə bazarda təsir göstərsinlər. Amma reallıq onu göstərir ki, hasilatın həcmi onu göstərir ki, neftin qiymətinin kəskin artması üçün şərait yetişməyib. Bəzi fundamental faktorlar neftin qiymətinin kəskin artmasının qarşısını alacaq. Ona görə düşünürəm ki, yaxın gələcək üçün neftin qiyməti əsasən 45-55 dollar arası olacaq. İndi neftin bareli 52 dollardır. Ola bilər qiymət 55 dollara qədər artsın. Amma yenidən 45 dollara qədər enməsi ehtimalı da var. Yəni bu koridor yaxın gələcəkdə neftin ən optimal qiymət koridoru kimi görünür”.
Cia.az
