|
Gürcüstan parlamentində üç azərbaycanlı -
Oktyabrın 8-də Gürcüstanda keçirilən seçkilər təkcə qonşu ölkə üçün deyil, region və dünya baxımından ciddi nəticələrlə tarixə keçdi. Gözlənilməyən halda eks-prezident Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası seçkilərdə şok məğlubiyyətlə üzləşdi və hakim “Gürcü Arzusu” Partiyası hakimiyyətini daha da möhkəmləndirdi. 

Oktyabrın 10-da seçkilərin son nəticələri açıqlanıb. Səslərin 99,92%-nin sayılmasından sonra 3 partiya proporsional əsaslarda parlamentə keçə bilib.
 
Avropa.info xəbər verir ki, hakim partiya səslərin 48,6%-i yığıb. İkinci yerdə isə Mixail Saakaşvilinin 27,14%-lə “Vahid Milli Hərəkat” Partiyası qərarlaşıb. Millətçi yönlü “Gürcüstan Patriotları Alyansı” Partiyası da 5%-lə parlamentə keçməyi bacarıb. 
 
150 yerlik Gürcüstan parlamentinə seçkilər 77 yer partiya siyahıları, 73 yer majoritar dairələr üzrə olmaqla keçirilib. Majoritar dairələrin bir hissəsi üzrə seçkilərin ikinci turunun keçiriləcəyi gözlənilir. İlkin məlumata görə, 50-53 birmandatlı dairədə ikinci tur keçiriləcək. Bu səsvermə noyabrın 2-nə təyin olunub.
 
Saakaşvilinin partiyası nəticələri tanımayacağını bəyan edib. 
 
“Bidzina İvanişvili özü seçkinin nəticələrini yazıb və bunu Mərkəzi Seçki Komissiyası adından əhaliyə bəyan edib”
 
Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Vahid Milli Hərəkat Partiyasının lideri Qiqa Bokeriya söyləyib. O, bu seçkinin xalqın iradəsini əks etdirmədiyini bildirib: “Hökumətin bütün təhdidlərinə rəğmən bizi müdafiə edən bütün tərəfdarlarımıza təşəkkür edirik. Partiyamız təslim olmayacaq və bundan sonra da siyasi mübarizə davam edəcək”.
 
Image result for Qiqa Bokeriya

Qiqa Bokeriya
 
Gürcüstan parlamentinə üç azərbaycanlı, o sayda da erməni keçə bilib. Modern.az saytı Gürcüstan parlamentində təmsil olunacaq soydaşlarımızla əlaqə saxlayıb.
 
Hakim “Gürcü azusu” partiyasından proporsional seçki siyahısı ilə qalib gələn Mahir Dərziyev təəssüratlarını belə bölüşüb.
 
Image result for Mahir Dərziyev
 
Mahir Dərziyev
 
“Gürcüstan parlamentinə ikinci dəfədir ki, deputat seçilirəm. Azərbaycanın tanınmış insanları, siyasətçilər arasında çoxlu təbrik edənlər var. Deputat fəaliyyətim boyu xalqıma, vətənimə layiqli xidmət etməyə çalışacağam. Deputatın fəaliyyətində hansı qaydalar varsa, mən də ona uyğun olaraq işimi quracam. Gürcüstan azərbaycanlılarının problemlərini həll etməyə səy göstərəcəm”.
 
Ruslan Hacıyev də deputat fəaliyyəti boyu Gürcüstan azərbaycanlılarının problemlərini işıqlandıracağını deyib.

Image result for Ruslan Hacıyev Gürcüstan

Ruslan Hacıyev
 
“Gürcüstan parlametinə deputat seçilməyim münasibətilə hələ ki Azərbaycandan təbrik edənlər olmayıb. Nəticələr yeni elan olunub. Yəqin ki, təbrik edənlər olacaq. Eyni zamanda, mənə edilən etimadı hər zaman doğrultmağa çalışacağam. Gürcüstanda yaşayan azərbaycanlıları parlamentdə təmsil edəcəm. Onların problemlərini, müraciətlərini parlamentdə işıqlandırmağa çalışacam”.
 
Hakim “Gürcü arzusu” partiyasından namizədliyi irəli sürülən Savalan Mirzəyev isə baş nazirin milli məsələlər üzrə köməkçisidir.

Image result for Savalan Mirzəyev Gürcüstan

Savalan Mirzəyev 
 
“Birinci dəfədir ki, deputat seçilirəm. Bu vaxta qədər baş nazir İrakli Kvirikaşvilinin milli məsələlər üzrə köməçisi olmuşam. Amma deputat seçildiyimə görə bu vəzifəni icra edə bilməyəcəm. Çünki qanunvericilik buna yol vermir. Bir gənc deputat olaraq Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə kömək etməyə çalışacam. Düşünürəm ki, bu işlərin də öhdəsindən layiqlə gələ biləcəm. Təbrik edən bütün dostlara da öz təşəkkürümü bildirirəm”.
 

Azər Süleymanov 
 
Saakaşvilinin partiyasının Marneulidən olan namizədi, milləti vəkili seçilə bilməyən Azər Süleymanov “Yeni Müsavat”a açıqlamasında seçkilərlə bağlı saxtakarlıqlardan söz açdı: “Bu, seçki deyildi. Keçmiş baş nazir İvanişvilinin yazdırdığı ssenari idi. Kimin haradan seçilməsi müəyyən edilmişdi. Seçkilərin nəticələri tam məlum deyil, yəni hansı partiyanın nə qədər səs qazandığı. Majoritar seçkiyə gəldikdə isə, Saakaşvilinin partiyasından bir namizəd belə parlamentdə düşə bilmədi. Bəzi seçki məntəqələrində işıqları söndürdülər. Yadıma 90-cı illər düşdü. Həmin vaxtda axşam saat 8-də işıqları söndürür, sonra istədiklərini edirdilər. 1200 nəfərlik seçki məntəqəsinə təsəvvür edin ki, 1050 seçici gəlmişdi. Belə bir seçki indiyə qədər olmamışdı. İnanmıram ki, bu nəticələrlə digər partiyalar da razılaşsınlar. Biz artıq qayıtmışıq sovet dövrünə. Həmin dövrdə də hakimiyyət birpartiyalı sistemlə idarə olunurdu”.
 
A.Süleymanov təkmandatlı dairələr üzrə keçiriləcək II tur seçkilərdə boykot qərarını verə biləcəklərini də istisna etmədi: “Seçkilərin şəffaf keçiriləcəyinə heç kəs də ümid yoxdur. İnsanlarda seçkinin təmizliyinə inam qalmayıb. Seçkiləri tam boykot etmək də gündəmimizdə var. Hələ ki son nəticələri tam gözləyirik. Biz həmişə deyirdik ki, demokratik seçkilər olarsa, “Gürcü Arzusu” Partiyası müxalifətdə qalacaq. Güc strukturları və əllərində olan resurslar hesabına nəticələri müəyyən etdilər. Hakimiyyəti başa düşürəm. Çünki qarşılarında başqa yol da qalmamışdı. Ya iqtidarda qalmaq, ya da müxalifətə keçmək yollarından birini seçməli idilər. Onlar da iqtidarda qalmaq üçün seçkiləri saxtalaşdırdılar”. 
 
 
Image result for Politoloq Şahin
 
Politoloq Şahin Cəfərli bildirdi ki, seçkilərdə bütün ölkə boyu genişmiqyaslı saxtakarlıq olduğuna inanmıram: “Kifayət qədər qanun pozuntularına yol verildiyi də ortadadır. İstər seçki ərəfəsində, istərsə də səsvermə günü müxalifətə ciddi təzyiqlər oldu, seçicilərin səsinin pulla alınması hallarına rast gəlindi və nəticələrə təsir etmək üçün başqa hüquqa zidd üsullardan istifadə edildi. Xüsusən yeni siyasi qüvvə kimi meydana çıxan Paata Burçuladzenin blokunun parlamentdə təmsil olunmaması üçün hakimiyyət əlindən gələni etdi və buna nail oldu. Səslər sayılarkən bəzi məntəqələrdə zorakılıq hallarının baş verməsi, səsvermədən sonra Mərkəzi Seçki Komissiyasının nəticələri açıqlamağı xeyli gecikdirməsi neqativ hadisələrdir. Bütün bunlar seçkilərə kölgə salan amillərdir. Bu seçkilər hakimiyyət dəyişikliyinin baş verdiyi 2012-ci ilin parlament seçkiləri ilə müqayisədə irəliyə doğru addım olmadı. Lakin “Gürcü Arzusu”nun məhz bu qanunsuzluqlar nəticəsində rəqiblərini geridə qoyduğunu söyləmək ədalətsizlik olar. “Gürcü Arzusu”nun doğrudan da seçkinin qalibi olduğuna şübhə etmirəm, partiyanın öz gücünü və nüfuzunu qoruduğu seçkidən əvvəl keçirilən rəy sorğularından da görünürdü. 
 
Image result for İvanişvili
 
Üstəlik, Bidzina İvanişvilinin seçkidən əvvəl çevik qərarları, “Gürcü Arzusu”nun liderini və baş naziri dəyişdirməsi, hökumətin maaşları artırması kimi bəzi populist xarakterli addımlar hakim partiyanın reytinqinə müsbət təsir göstərdi. 73 majoritar dairənin 53-də seçkilərin 2-ci tura qalması da göstərir ki, ciddi saxtakarlıqdan danışmaq doğru olmaz. Amma şübhə yoxdur ki, iqtidar namizədləri ilə müxalif namizədlər bərabər imkanlara malik olmayıb və “Gürcü Arzusu” inzibati resurslardan geniş yararlanıb. 2-ci turda majoritar dairələrin əksəriyyətində hakimiyyət namizədlərinin qalib gələcəyi gözlənilir, bunun nəticəsində “Gürcü Arzusu” yeni parlamentdə Konstitusion çoxluq (113 yer) əldə edə bilər ki, bunun da Gürcüstan demokratiyası baxımından heç də müsbət mənzərə olmayacağını düşünürəm.

Seçkilərdən sonra xarici siyasətdə hər hansı ciddi dəyişiklik gözlənilmir. “Gürcü Arzusu” Rusiyanı çox qəzəbləndirmədən ehtiyatlı avroatlantik inteqrasiya kursunu davam etdirəcək. Daxili siyasətdə isə istər hakim partiyanın və şəxsən İvanişvilinin, istərsə də Vahid Milli Hərəkatın izləyəcəyi yol önəmli olacaq. Hələlik Vahid Milli Hərəkatın yeni taktikası bəlli deyil, onlar parlamentin legitimliyini tanımayaraq kütləvi etiraz aksiyalarına başlasalar, ölkədə vəziyyət gərginləşəcək. Digər tərəfdən də, İvanişvili ölkədə avtoritarizm qurmaq və müxalifəti əzmək yolunu seçərsə, bu da ciddi gərginlik və qarşıdurmaya səbəb olacaq”.(musavat)
Cİa.az