|
Neftin qiyməti 40 dollardan yuxarı olarsa...
Rusiyanın yaxın 3 il üçün dövlət büdcəsində neftin 40 dollardan götürüləcəyi qərara alınıb. Azərbaycanın büdcəsində də neft 40 dollardan nəzərdə tutulub. Ekspertlər musavat.com-a neftin yaxın illərdə hansı qiymət həddində qalxıb-enə biləcəyini açıqlayıblar. 

Ekspert İlham Şaban bildirib ki, Azərbaycan büdcəsində büdcəni 40 dollardan formalaşdırmaq doğru qərar hesab edilə bilər: “Risklər baxımından kifayət qədər normal yanaşmadır. Çünki hazırda beynəlxalq enerji institutları, enerji mərkəzləri, o cümlədən şirkətlər büdcələrini həmin həddə proqnozlaşdırırlar. Bu rəqəm 45-55 dollar arasında dəyişir. Şirkətlərin də bəziləri öz büdcələrini 40 dollardan götürüblər. İstənilən halda bu rəqəm büdcəni bazardakı təlatümlərdən, risklərdən qorumağa qadirdir. Əgər reallıqda həqiqətən qiymət 50 dollardan yüksək olarsa, o deməkdir ki, neftin qiyməti nəzərdə tutulduğundan 25 faiz və daha çox artım əldə edə bilir. Yəni artım isə büdcəyə köçürmələr, daxilolmalar, Neft Fonduna gələn gəlirlərin artımı, yığımın artımı deməkdir. Nəticə etibarı ilə hökumət gələn ili 2016-cı ildəki kimi çox gərginlik fonunda deyil, daha manevr imkanlarını artıracaq bir şəraitdə keçirə bilər”.
Mərkəzi Bank isə bildirir ki, dünya bazarında neftin qiymətinin 40 dollar səviyyəsindən yuxarı olması 2017-ci ildə Azərbaycanın valyuta ehtiyatlarını artıracaq. 
 
Bildirilir ki, gələn ilin büdcə layihəsində Dövlət Neft Fondunun büdcəyə nəzərdə tutulan 6,1 milyard manatlıq transferti diqqətə alınaraq neftin qiymətinin 40 dollardan yüksək olması durumunda valyuta ehtiyatlarında artım davam edəcək. Qeyd edək ki, Azərbaycanın məcmu valyuta ehtiyatları ilin əvvəlində 38 590,8 milyon dollara bərabər olub. İlin ilk yarısının yekunlarına görə, valyuta ehtiyatları 43 686,5 milyon dollara çatıb. Beləliklə, valyuta ehtiyatları ilk 6 ayda 5 095,7 milyon dollar və ya 13,2 faiz artıb.

“Caspian Barrel” isə sentyabrda Azərbaycanın neft gəlirlərinin nə qədər azaldığını hesablayıb. Bir ay ərzində Azərbaycan neftinin orta ixrac qiyməti cəmi 10 sent ucuzlaşsa da, gəlirlərə təsir xeyli olub. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin açıqladığı məlumata görə, BTC FOB Ceyhan tipli xam neftin 2016-cı ilin sentyabr ayında orta satış qiyməti 47,30 dollar olub. Xatırladaq ki, cari ilin avqust ayında  “BTC FOB Ceyhan” tipli xam neftin avqust ayında orta satış qiyməti 47,40 dollar dəyərində idi. “Caspian Barrel” Neft Şirkətinin mətbuat xidmətinə istinadən bildirir ki, SOCAR  sentyabr ayında Ceyhan limanından 942 min 882 ton xam neft ixrac edib, Supsa limanından isə- 274 min 705 ton, avqust ayında isə bu göstəricilər müvafiq olaraq 1 milyon 273 min 708 ton və 87 min 177 ton olmuşdu.
 
Avqustda SOCAR-ın Ceyhan və Supsa limanlarından ixrac etdiyi neftdən əldə etdiyi gəlirlər (bura dövlətin mənfəət nefti də daxildir- hansılar ki, Dövlət Neft Fondunda toplanır) 477 milyon dollar təşkil edib. Sentyabr ayında isə SOCAR bu iki limandan 426 milyon dollar dəyərində xam neft ixrac edib. Cari ilin sentyabrında Ceyhan və Supsa limanlarından Azərbaycanın neft ixracı avqust ayı ilə müqayisədə 143 298 ton azalıb. Dəyər ifadəsində isə azalma 51 milyon dollar təşkil edib. “Sentyabrda biz Ceyhan limanından neft ixracının avqusta nisbətən 330 826 ton azaldığını müşahidə edirik. Sentyabrın ilk 12 günü profilaktiki işlərlə əlaqədar Dərinsulu Günəşli platformasında BP hasilatı tam dayandırmışdı və bu zaman gündəlik olaraq 136 min barellik hasil itirilmişdi. Bu platformadan hasil edilən neft Ceyhan limanına ixrac edilirdi”,- deyə hesablamada vurğulanır.

Bəzi ekspertlər dekabrda neftin qiymətinin 60 dollar həddini keçə biləcəyini də proqnoz edirlər. “Bank of Amerika” Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hasilatı azaltmaq barədə qərarının neft qiymətlərinə təsir edə biləcəyi, lakin qiymətin 70 dolları ötməyəcəyi qənaətindədir. Bankdan verilən açıqlamada OPEK-in gündəlik istehsalı 700 min barel azaltmaq barədə qərarının neftin qiymətində bahalaşmaya səbəb olacağı bildirilir. “Lakin OPEK-in hasilatı azaltması 2017-ci ilin ortalarına qədər ”Brent" markalı neftin qiymətinin 70 dollar/bareli üstələməsinə səbəb olmayacaq",- deyə bankın məlumatında deyilir. “Bank of Amerika” 2017-ci il üçün neftin orta qiyməti üzrə proqnozunun 61 dollar/barel olduğunu açıqlayıb.

Cia.az