Rusiya prezidenti ilə yaxın dostluq münasibətini Azərbaycanın xeyrinə istifadə etmək Rəhimovun əsas hədəflərindən biridir
Bir neçə gün öncə hüquq professoru İlham Rəhimovun təşəbbüsü ilə Bakıda Qara dəniz və Xəzər dənizi Hövzəsi Hüquqşünasları Assosiasiyasının toplantısı keçirildi.
Böyük bir coğrafiyanı əhatə edən qurum bu ilin yanvarında Sofiyada İ.Rəhimovun bolqar dilinə tərcümə edilən “Cinayət və cəzanın fəlsəfəsi” əsərinin təqdimatı günlərində yaradılıb. Azərbaycanla yanaşı Rusiyadan, Türkiyədən, İrandan, Makedoniyadan Sofiyaya dəvət edilən hüquqşünaslar müzakirələr zamanı bu geniş coğrafiyada mövcud olan hüquq problemlərinin çözümünə dəstək vermək üçün ictimai birlik yaratmaq qərarına gəliblər.
Təşəbbüs qrupunun ilk toplantısında professor İlham Rəhimov təşkilatın sədri seçilib.
Adından göründüyü kimi, qurum geosiyasi baxımdan dünya gündəminin son dərəcə önəmli bir bölgəsini əhatə edir. Təşkilatda üzv ölkələrin tanınmış hüquqşünasları ilə bərabər hüquq sisteminin əsas qurumlarının, o sıradan vəkillər kollegiyalarının təmsil olunması isə Assosiasiyasının perspektivindən xəbər verir.
|
"İlham Rəhimov Rusiyada dövlət vəzifəsi tutmasa da hər zaman prezident Putinin komandasında olub. Bu gün də belədir" |
Belə bir quruma Azərbaycan təmsilçisinin rəhbərlik etməsi ölkə üçün bir neçə məqamdan üstünlük sayıla bilər. Bakıda keçirilən toplantıda səslənən fikirlərdən də aydın oldu ki, quruma üzv ölkələrdə müvəqqəti yaşayan, təhsil alan, həmçinin biznes fəaliyyəti ilə məşğul olan əcnəbilərin hüquqi problemləri yaranan zaman onlara real dəstək verə biləcək nüfuzlu qurum faktiki olaraq yoxdur. Bu isə mövcud problemlərin illərlə həll edilməməsi deməkdir. Ölkələrin məhkəmə-hüquq sistemlərinin, vəkillər kollegiyalarının rəhbərliyində təmsil olunan şəxslərin təmsilçiliyi ilə yaranan qurum ilk sırada bu şəxslərin hüquqla bağlı problemlərinin çözümünü asanlaşdıracaq. Eyni zamanda qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğun olaraq möhkəmləndirilməsi üçün konkret təşəbbüslər irəli sürəcək.
Vətəndaşlara dəstək qurumun əsas prioritetlərindən olsa da Assosiasiyanın fəaliyyətinin yalnız bununla məhdudlaşmayacağı bəri başdan bəllidir. Ən azından qurum rəhbərinin şəxsi personasına görə.
Hüquq professoru İlham Rəhimovun dünyanın iki supergücündən biri olan Rusiyanın dövlət başçısı Vladimir Putinlə dostluq münasibətləri heç kim üçün sirr deyil. Qərb liderləri zaman-zaman Rusiya dövlət başçısını insani dəyərləri nəzərə almamaqda ittiham etsələr də faktlar fərqli mənzərəni canlandırır. Görünən odur ki, nəhəng bir dövləti öz iradəsinə tabe edən və sərhədsiz imkanlara sahib olan prezident Putin dostluqda çox sədaqətlidir. Bir zamanlar onunla indiki Sankt-Peterburq, keçmiş Leninqrad Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan şəxslər yenə də Vladimir Putinin yaxın çevrəsindədirlər. Rusiya hakim elitasının önəmli bir hissəsini məhz onlar formalaşdırır. Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, daxili işlər nazirinin müavini, DİN-in İstintaq Komitəsinin rəisi general Aleksey Aniçin, ədliyyə generalı Vitaliy Mozyakov, Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun prezidenti, Sankt-Peterburq Vəkillər Kollegiyasının rəhbəri Viktor Xmarin... (Yeri gəlmişkən, Xmarin də Bakı toplantısından iştirak edirdi). Bu siyahını xeyli uzatmaq da olar. “Putingilin qrupu”nun qrup nümayəndəsi İlham Rəhimov Rusiyada dövlət vəzifəsi tutmasa da hər zaman prezidentin komandasında olub. Bu gün də belədir.
Bu məsələ Azərbaycanda indiyə qədər çox fərqli rakurslardan dəyərləndirilib. Dünya liderlərindən biri ilə şəxsi dostluq münasibətlərinin real üstünlüklərini qəbul edənlər kimi, bu faktı qeyri-adekvat dəyərləndirənlər də olur.Onların ictimaiyyətin fikrini “Putinlə dostluq Azərbaycanın müstəqillik ideyasına qarşıdır” iddiasına yönəltmək cəhdləri heç zaman uğurlu alınmır. Çünki əksini sübut edən faktlar həddən artıq çoxdur.
Belələrindən fərqli olaraq professor İlham Rəhimov indiyə qədər həm şəxsi, həm də professional sahədə qazandığı bütün uğurlarını Azərbaycan üçün təmənnasız xərcləyib. Onun atdığı addımlardan da görünür ki, bu missiyanı yürütməkdən, Vətən üçün, millət üçün yararlı olmaqdan hədsiz məmnundur.
Bunu onun Bakıda düzənlədiyi son toplantıdakı çıxışında da aydın hiss etmək mümkün idi. İlham Rəhimov Rusiyanın, Türkiyənin, Bolqarıstanın, Moldovanın, Serbiyanın, İranın, Belorusun ali dərəcəli hüquqşünaslarına Azərbaycanın geosiyasi önəmini xatırladaraq bildirirdi ki, regionun bir sıra önəmli məsələlərini Azərbaycanın iştirakı olmadan çözmək mümkün deyil. Professor konkret faktlarla çıxış edərək vurğulayırdı ki, Azərbaycan ictimai fiqurları bu gün mövcud olan bir sıra məsələlərin çözümündə vasitəçilik missiyasını üzərlərinə götürə, prosesi uğurla davam etdirə bilərlər.
|
"Professor deyib ki, Azərbaycan ictimai fiqurları bu gün mövcud olan bir sıra məsələlərin çözümündə vasitəçilik missiyasını üzərlərinə götürə bilərlər" |
Əslində bu fikri açıqlamaqla İlham Rəhimov üzərinə ciddi bir məsuliyyət götürmüş olurdu. Çünki günün reallıqları deyir ki, adı çəkilən bütün ölkələrin hakim elitası ilə ondan daha çox sıcaq münasibətləri olan ikinci bir şəxs yoxdur. Rusiya prezidenti ilə dostluq haqqında yuxarıda danışdıq, Azərbaycan professor Rəhimovun vətənidir və burada o, hər zaman xüsusi statusu olan şəxsdir, üstəlik onun Türkiyədə hakim AKP ilə sıx münasibətləri var. Hər kəsə bəllidir ki, Qara dəniz və Xəzər dənizi hövzəsi ölkələrində söz sahibi ölkələr məhz Rusiya ilə Türkiyədir.
Xüsusi olaraq vurğulayaq ki, Qara dəniz və Xəzər dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakıda keçirilən yığıncağında Türkiyənin geniş nümayəndə heyəti ilə təmsil olunması qardaş ölkənin İlham Rəhimovun şəxsi personasına xüsusi diqqətindən irəli gəlir. Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi məsələlər üzrə müşaviri Özləm Zənginin məhz bu toplantıya qatılmaq üçün Bakıya cəmi bir neçə saatlıq səfər etməsi və çıxışındakı əsas diqqəti Türkiyənin yaşadığı geosiyasi problemlərə, o sıradan Rusiya ilə münasibətlərə yönləndirməsi Ankaranın Assosiasiyanın gələcək fəaliyyətindən gözləntiləri kimi də qəbul oluna bilər.
Başqa bir məqam isə İlham Rəhimovun şəxsli əlaqələri vasitəsi ilə Azərbaycan hüquq ictimaiyyətinin öz beynəlxalq əlaqələrini genişləndirmək imkanı qazanmasıdır. Bakıda keçirilən yığıncağa Azərbaycan hüquq elminin bir sıra aparıcı simaları qatılmışdı. Yığıncaqda səslənən ideyalardan biri də üzv ölkələrin hüquqşünaslarının öz elmi məqalələrini dərs etdirəcəkləri dərginin və internet portalının yaradılması oldu.
|
"Qara dəniz və Xəzər dənizi Hövzəsi Ölkələri Hüquqşünasları Assosiasiyasının Bakıda keçirilən yığıncağında Türkiyənin geniş nümayəndə heyəti ilə təmsil olunması qardaş ölkənin İlham Rəhimovun şəxsi personasına xüsusi diqqətindən irəli gəlir" |
Bu, Azərbaycan alimlərinə öz elmi fəaliyyətlərini ölkə miqyasından kənarda da tanıtmaq, eyni zamanda beynəlxalq təcrübə ilə tanışlıq imkanı qazandıracaq.
Professor Rəhimov belə geniş coğrafiyada Azərbaycanın, azərbaycanlıların önəmini artıran ictimai fəaliyyətlə könüllü şəkildə məşğul olur. Prosesi diqqətlə izləmək bu gerçəyi aşkar görmək üçün yetərlidir. O, Azərbaycan və bütünlükdə region üçün önəmli olan bir missiyanı heç kimin kölgəsində qalmadan yürüdür, bu işə ciddi vəsait və enerji sərf edir. Savaşların və konfliktlərin insan həyatını cəhənnəmə çevirdiyi günümüzdə liderləri xoşməramlı missiyalarla yaxınlaşdırmaq, dialoq mühiti yaratmaq təşəbbüsləri qısqanclıqdan doğan mənasız “altmənalar” axtarmağa yox, xüsusi minnətdarlığa layiqdir.
musavat
