ABŞ dövlət katibi Con Kerri Rusiya və Əsədə bağlı Suriya qüvvələrinin mülki şəxslərə, xəstəxanalara bomba yağdırdığını bildirərək istintaq açılmasının vacibliyini qeyd edib.
Musavat.com-un məlumatına görə, Fransa xarici işlər naziri Jan-Mark Eronla təkbətək görüşdən əvvəl jurnalistlərə açıqlama verən C.Kerri Suriyadakı vəziyyəti dəyərləndirib.
“Əsəd oktyabrın 7-i gecə saatlarında yenə xəstəxanaya hücum edib. 20 nəfər ölüb, 100 nəfər isə yaralanıb. Rusiya və Suriya nə səbəbdən xəstəxanaları, sağlamlıq mərkəzlərini, qadınları, uşaqları vurduğlarını dünyaya açıqlamaq məcburiyyətindədirlər. Bunlar müharibə cinayəti istintağı açılması üçün yetərli səbəblərdir. Bu cinayəti törədənlər məsuliyyət daşımalıdırlar”,-deyə C.Kerri qeyd edib.
C.Kerri xəstəxanaların, mülki şəxslərin yaşadıqları ərazilərin vurulmasının qəza olmadığını deyib: “Artıq bunu təsadüf və qəza kimi açıqlamaq mümkün deyil. Bu bəhanələri illərdir eşidirik”.
Cia.az
