Son günlərin ən aktual mövzusu referendumdan sonrakı islahatlarla bağlıdır. Hər ötən gün isə Azərbaycanın valyuta ehtiyatlarının azalması, paralel olaraq əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, bahalığın tüğyan etməsi ilə müşayiət olunur. Ona görə də ekspertlər hesab edir ki, kritik vəziyyətin yaranmaması üçün təcili addımlara ehtiyac var. Deputat, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli ilə bu barədə danışdıq.
- Əli bəy, islahatlarla bağlı gözlənilənlər nə zaman reallaşacaq, sizdə bununla bağlı hansısa məlumat varmı?
- Məlum daxili səbəblər, eləcə də beynəlxalq aləmdə cərəyan edən meyllər, yeni təhlükə və çağırışlara vaxtında cavab vermək zərurəti Azərbaycanda islahatların yeni mərhələsinə başlamaq, həm də sıradan bir yox, çox geniş və əhatəli islahatların aparılmasını obyektiv zərurətə çevirib. Hazırkı reallıqlar şəraitində islahatların alternativi yoxdur, çünki bundan kənar bütün yollar uğursuzluq zolağına, sosial gərginliyə və qeyri-müəyyənliyə aparar. Bu baxımdan Azərbaycanda islahatlar qaçılmazdır. Bu ilin əvvəllərində həmin islahatlar istiqamətində addımlar atılmağa başlayıb. Referendumda qəbul olunan konstitusiya dəyişiklikləri yeni mərhələyə keçid islahatlarını sürətləndirəcək, həm də bu prosesə əlavə yeni çalalar gətirəcək. İslahatların sürəti üstümüzə gələn problemlərin sürətindən yüksək olmalıdır ki, həm vəziyyətdən az itki ilə, həm də rəqabət qabiliyyətli halda çıxa bilək. İslahatların siyasi, iqtisadi, hüquqi, sosial, institusional və sair effektləri isə görülən işlərin dolğunluq dərəcəsi və keyfiyyətindən asılı olacaq.
- Sizcə, prosesə nədən və haradan başlamaq lazımdır?
- Fikrimcə, referendum islahatları daha çox iki istiqamətdə ön plana çəkəcək: birincisi, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyinə, müdafiəsinə və cəmiyyətdə sabitliyə əlavə zəmin və təminatların yaradılması; ikincisi, ölkədə həyata keçirilən iqtisadi islahatların səmərəliliyini artırmaqdan ötrü dövlət və iqtisadi idarəetmə mexanizminin təkmilləşdirilməsi, çevik və effektli dövlət idarəçiliyi mexanizminə keçilməsi. Bununla belə, iqtisadi islahatlar daha böyük xüsusi çəkiyə malik olacaq. Bundan ötrü “Strateji yol xəritəsi” hazırlanıb. “Yol xəritəsi”ndə Azərbaycan iqtisadiyyatının 8 prioritet sektoru əsas götürülüb. Bura 4 istehsal sektoru - neft, qaz, kənd təsərrüfatı, istehlak malları istehsalı, ağır sənaye və maşınqayırma, 2 xidmət sektoru - ixtisaslaşmış turizm, logistika və ticarət və 2 sosial sektor - uyğun qiymətə mənzillər və kompleks məsələ kimi peşə təlimləri sahələri daxildir. Həmin əsas sektorların hər biri üçün ayrıca həm diaqnostik hesabat, həm də “yol xəritəsi” hazırlanıb. Yeni mərhələnin əsas prioritetləri Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətinin artması, yerli tələbatı dolğun şəkildə ödəməklə yanaşı qeyri-neft sektorunun ixrac potensialının artırılması olacaq. Bunların hamısı çox yaxşıdır. Eyni zamanda hesab edirik ki, islahatların səmərəsini artırmaqdan ötrü korrupsiya, inhisarçılıq və məmur özbaşınalıqlarına, eləcə də iqtisadi və digər sferalarda dərin kök salmış dələduzluğa qarşı mübarizə gücləndirilməlidir. Çünki bu dörd problemi həll etmədən islahatların səmərəliliyini yüksəltmək olmaz. Bununla yanaşı, iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə cavab verən islahatların sosial-iqtisadi və digər nəticələrinin yüksəldilməsi eyni zamanda siyasi və cəmiyyət həyatının digər sahələrində də islahatları labüd edib. Çünki yaşadığımız dünyada əsas insan və vətəndaş hüquqları və azadlıqlarını dövrün tələbləri səviyyəsində təmin etmədən nə idarəetmə sisteminin səmərəliliyini, nə də ölkənin etibarlı təhlükəsizliyini və davamlı sabitliyini təmin etmək olar. Eyni zamanda postsovet məkanını təcrübəsi göstərir ki, dövlətçiliyi yetərincə möhkəmləndirmədən liberal islahatların gedişində həmin dəyərlərdən sui-istifadə halları dövlətçiliyə ciddi zərbələr vurur və müstəqilliyi təhlükə altına salır. Ona görə də təkamül yolu ilə bu sahədə atılan addımlar kombinasiya halında bir-birini elə tamamlamalıdır ki, həm dövlət möhkəm olsun, həm də liberal islahatlar onu daha da möhkəmləndirsin. Yəni güclü və demokratik Azərbaycan naminə bu islahatlar iqtisadi azadlıqlara geniş meydan verməklə, müstəqil Azərbaycan dövlətinin möhkəmliyinə və ümumxalq rifahına yonəlsin. Bu iki məsələnin optimal kombinasiyasına nail olunması dünya düzəninin hazırkı sərt reallıqları şəraitində Azərbaycanın perspektivləri baxımından strateji əhəmiyyət kəsb edir.
- Deməli, sovet termini ilə desək, qarşıya kifayət qədər ciddi öhdəliklər qoyulub. Möbcud komanda bunun öhdəsindən gələ biləcəkmi?
|
“Dövrün tələblərinə uyğun islahatları həyata keçirməyə qadir komandaformalaşdırılmalıdır” |
- Müasir dövrün tələbləri ilə ayaqlaşmaqdan və iqtisadi inkişafı yenidən sürətləndirməkdən ötrü beynəlxal təcrübədə böyük aktuallıq kəsb edən “yaxşı idarəetmə” və optimal tənzimləmə üsullarına keçilməsi obyektiv tələbata çevrilib. Ona görə də iqtisadi islahatlar sahəsəndə atılacaq addımlar arasında struktur islahatlarının sürətləndirilməsi məsələsi xüsusi yer tutacaq. Bu baxımdan konstitusiya dəyişklikləri arasında ən çox diqqətçəkən məqam birinci vitse-prezident, vitse-prezidentlər institutlarının yaranması məsələsidir. Bu, ölkədə idarəetmənin təşkilatı quruluşunun həm struktur, həm də ciddi kadr islahatları ilə müşayiət olunacağına əsaslar yaradıb. Əhalisi 10 milyon nəfərin altında olan Azərbaycan üçün 19 nazirlik və bir o qədərə yaxın da komitə, baş idarə, xidmət və sairin olması dövlət idarəçiliyinin səmərəlilyini aşağı salan, artıq xərc, artıq yük və inersiyalı inkişaf yoludur ki, artıq bundan irəli getməyə imkan vermir. Bu sahədəki struktur islahatlarını genişləndirməklə optimal ölçülü və çevik hökumət modelinə keçilməsi çox zəruridir. Bu baxımdan paralel fəaliyyət göstərən dövlət qurumlarının, həmçinin bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması, digərlərinin birləşdirilməsi istiqamətində işlər sürətlənəcək. Vitse-prezidentlik institutunun optimal vaxt kəsiyində özünü doğrultmasından ötrü, bir tərəfdən onun fəaliyyətinin işlək mexanizmi hazırlanmalı, digər tərəfdən isə bu yeni institutun Nazirlər Kabineti ilə qarşılıqlı münasibətin və fəaliyyət dairəsi istiqamətində əlavə hüquqi-normativ sənədlər qəbul edilməlidir. Bu həm də Nazirlər Kabinetinin işinin yenidən qurulmasını, hazırkı şəraitdə onun yeri və roluna yenidən baxılmasını tələb edəcək. Bütövlükdə götürdükdə sözügedən sahədəki köklü islahatlar iqtisadiyyatın tənzimlənməsində dövlətin yeni rolunu ortaya çıxacaq.
- Sovet zamanında hesab olunurdu ki, ölkə iqtisadiyyatını dirçəltmək üçün şok terapiyasına ehtiyac var. Hətta bununla əlaqədar konkret proqramlar var idi. Çətin dövrünü yaşayan Azərbaycan iqtisadiyyatına necə, şok terapiyası lazımdırmı?
- Azərbaycan iqtisadi inkişafda neft amilinin üstünlük təşkil etdiyi mərhələdən post-neft mərhələsinə keçir. Belə keçidin asan yolu yoxdur. Həm də Azərbaycanda qeyri-neft sektoru lazımi səviyyədə inkişaf etmədiyindən, bu sahənin ixrac göstəriciləri çox aşağı düşdüyündən, bir sıra məhsullar üzrə idxaldan asılılıq güclü olduğundan bizdə bu proses çox ağrılı gedir. Post-neft mərhələsinə keçid tam o qədər olmasa da, təqribən mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid zamanı zəruri olan keçid dövrü kimi yeni bir keçid mərhələsinin yaşanılmasını, bu, isə öz növbəsində yeni mərhələnin tələblərinə uyğun köklü islahatları zəruri edib. Sizin dediyiniz şok terapiyası ideyası daha xeyli dərəcədə burdan qaynaqlanır. Amma biz hesab edirik ki, post-sovet məkanına aid olan ölkələrin çoxu kimi Azərbaycan da ötən əsrin 90-cı illərində mərkəzləşdirilmiş planlı iqtisadiyyatdan bazar münasibətlərinə keçid zamanı şok terapiyası yox, terapiyasız şok mərhələsi yaşayıb. Və bunun sosial-iqtisadi itkiləri çox yüksək olub. Ona görə də bu dəfə Azərbaycana şok terapiyası yox, şoksuz terapiya lazımdır. Şoksuz terapiyanı həyata keçirməkədən ötrü isə hər şeydən əvvəl, dövrün tələblərinə uyğun islahatları həyata keçirməyə qadir komanda formalaşdırılmalıdır...
|
“Paralel fəaliyyət göstərən dövlət qurumlarının, həmçinin bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, bəzilərinin isə səlahiyyətlərinin məhdulaşdırılması, yaxud birləşdirilməsi istiqamətində işlər sürətlənəcək" |
- Yəni yeni mərhələyə yeni komanda ilə?
- Hakimiyyətdə öz işini bilən və vəzifəsinin öhdəsindən layiqincə gələn kadrlar çoxdur. Amma bu fikri hazırda fəaliyyətdə olan bütün komandaya şamil etmək olmaz. Hazırkı şəraitdə irəli sürülmüş “yol xəritəsi”ndəki məqsədlərə vəzifəsinin öhdəsindən layiqincə gələn yüksək ixtisaslı kadrlarla, yeniləşmiş islahatçı komanda ilə çatmaq mümkündür. Bu, islahatların uğurunu müəyyən edən əsas meyarlardan biridir. Bu işdə yerli kadrlar və ekspertlərlə yanaşı, dünyanın tanınmış və islahat təcrübəsi olan professional kadrlarının və ekspertlərin xidmətlərindən də müxtəlif yöndə istifadə edilməsi məqsədəuyğun olardı. Çünki kadr hər şeyi həll edə bilməsə də, çox şeyi həll edə bilir. Azərbaycanın əhalisinin sayına nisbətdə potensialı yetərincə güclü olduğundan, islahatlara əngəl olan məmurların kənarlaşdırılması, kadr potensialının gəncləşdirilməsi və müasir tələblərə cavab verən kadrlar hesabına “strateji yol xəritəsi”ni dolğun şəkildə gerçəkləşdirməklə inkişafın yeni mərhələsinə çıxmaq olar. Tədricən yeni islahatçı komandanın formalaşdırılması, iqtisadi azadlıqların genişləndirilməsi, sahibkarlığın qarşısındakı bütün maneələrin aradan qaldırılması ilə buna nail olmaq mümkündür. Bu isə öz növbəsində neftdənkənar sahənin sürətli inkişafına, rəqabət qabiliyyətinin artırılmasına, yerli təlabatın ödənilməsinə və ixracatda aparıcı rol oynamasına, eləcə də ölkə əhalisinin sosial durumunun müasir tələblər səviyyəsində təmin olunmasına şərait yarada bilər.
- Parlamentin iclasında banklardakı soyğunçuluqdan danışdınız. Bəs, bank soyğunçuluğa nə zaman son qoyulacaq?
- 2015-ci ildəki iki şok devalvasiya iqtisadiyyatda, xüsusən də bank sistemində olan problemlərin çoxunu üzə çıxardı. Bankların bir hissəsi bərbad vəziyyətdədir. Fikrimizcə, bank sahəsində köklü islahatlar aparmaq lazımdır ki, həmin sistem həm sağlamlaşsın, həm də dediyiniz problemlər birdəfəlik aradan qalxsın. Bundan ötrü aidiyyəti qurumlara göndərdiyimiz məlum Təkliflər Paketinin həyata keçirilməsi işin xeyrinə olardı. Həmin təkliflərin reallaşdırılmasından həm dövlət, həm banklar, həm də əhali və sahibkarlar udar.
- Əli bəy, bəzi idxal məhsullarına gömrük rüsumlarının artırılması nə vəd edir? Hələ qərar icra olunmamış bahalaşmanın növbəti dalğası başlayıb. Sizcə, bu prosesin qarşısını necə almaq lazımdır?
- Bu, çox mürəkkəb məsələdir. Belə addımlar atılan zaman bütün amillər nəzərə alınmalı və çoxvariantli ssenarilər hazırlanmalıdır. Əgər biz hansısa məhsuldan tələbatımız səviyyəsində və ondan da artıq istehsal ediriksə, onda həmin məhsula münasibətdə daxili bazar qorunmalıdır ki, yerli istehsalçılar istehsal etdikləri məhsulu həm yerli, həm də xarici bazarda satıb yetərincə qazana bilsinlər. Bunun da yollarından biri gömrük rüsumlarını artırmaqdır ki, xaricdən gətirilən mallar yerli mallardan ucuz olub, yerli istehsalçını bankrot vəziyyətinə salmasın. Yox, əgər biz ölkə daxilində hansısa məhsulu tələbatımızın yarısı qədər istehsal ediriksə, onda belə məhsula münasibətdə gömrük rüsumlarının artırılması təbii ki, qiymət artımına gətirəcək. Xaricdən gətirilən xammal hesabına istehsal olunan məhsulların da qiyməti artacaq. Bu zaman həm də əhalinin ödəniş qabiliyyətli tələbi də nəzərə alınmalıdır ki, qiymətlər sürətlə artmasın. Bu problemin asan yolu yoxdur. Ən etibarlı yol isə yerli istehsalı stimullaşdırıb inkişaf etdirməkdir ki, əhalinin istehlakında ölkədə istehsal olunan məhsulun payı artsın...
musavt
