|
İlham Əliyev: “...Yenə Azərbaycan qırğın meydanına çevrilə bilər”

Xəbər verildiyi kimi, bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin 9 ayının yekunlarına həsr edilmiş iclasını keçirib. Cia.az rəsmi dövlət KİV-lərinə istinadən xəbər verir ki, İlham Əliyev iclasda geniş çıxış edib, gündəmdə olan məsələlər və Azərbaycanın daxili, xarici siyasətinin əsas prioritetləri ilə bağlı mühüm bəyanatlar verib.

Referendum və nəticələri haqda

Prezident çıxışında sentyabrın 26-da Azərbaycanda Konstitusiya düzəlişləri paketinin səs qoyulduğu referendum və nəticələri barədə danışıb. “Biz bu il ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. Referendum demokratik, ədalətli, tam şəffaf şəkildə keçirilib”-İlham Əliyev bildirib.

Prezident referendumu yüzdən çox xarici müşahidəçinin izlədiyini deyib. Bildirib ki, bir neçə beynəlxalq rəy sorğusu agentliyi exit-poll keçiriblər. Exit-pollun nəticələri və rəsmi nəticələr üst-üstə düşür.

“Bu da təbiidir. Çünki referendum tam şəffaf, ədalətli keçirildi. Mənə verilən son məlumata görə, Mərkəzi Seçki Komissiyasına təqribən cəmi 20, ya ondan bir qədər çox şikayət daxil olub. Bizim beş mindən çox seçki məntəqəmiz var. Cəmi 20, bəlkə də bir qədər çox şikayət olub. Bu, nəyi göstərir? Onu göstərir ki, insanlar, Azərbaycan xalqı referendumun nəticələrini dəstəkləyir. Onların iradəsi referendumun nəticələrində öz əksini tapıb”-İlham Əliyev deyib 

Gəlsinlər, bizdən öyrənsinlər...

Dövlət başçısının sözlərinə görə müşahidə aparan beynəlxalq müşahidəçilər referenduma yüksək qiymət veriblər və bunun çox böyük əhəmiyyəti var.

“Çünki adətən Avropa strukturlarında bizi tənqid edirlər. Bir çox hallarda əsassız tənqid edirlər. Ancaq hətta bizi tənqid etməyə öyrəşən qurum da artıq heç bir irad tapa bilmir. Bu, referendumun bir nəticəsidir. Bu, onu göstərir ki, kim nə deyirsə-desin, hansı uydurma ortaya atırsa-atsın Azərbaycan demokratiya yolu ilə gedir. Bizdə azad seçki keçirilir, şəffaf şəkildə referendum keçirilir. Biz bir çox ölkələr, xüsusilə özlərini demokratiyanın beşiyi sayan ölkələr üçün nümunə ola bilərik. Gəlsinlər, bizim təcrübəmizi öyrənsinlər”-prezident deyib.

İlham Əliyevin sözlərinə görə, referendumun ikinci əsas nəticəsi ondan ibarətdir ki, Azərbaycan xalqının mütləq əksəriyyəti təklif olunan dəyişikliklərə öz dəstəyini verdi.

“Bu da əslində bizim siyasətimizə növbəti dəfə xalq tərəfindən verilən böyük dəstəkdir. Mən şəxsən bunu belə qəbul edirəm”-prezident bildirib.

Bu, böhranlı ildə sınaq idi

“Bu, əlbəttə ki, bizə əlavə güc verir. Bu, bizim üçün böhranlı ildə növbəti bir test, sınaq idi. Əlbəttə, onsuz da mən bilirəm ki, ölkəmizdə hansı ab-hava var, insanları hansı məsələlər düşündürür və onların ümumi işimizə münasibəti necədir. Bunu mən yaxşı bilirəm. Referendumun nəticələri bütün ölkəyə, bütün xalqımıza, dünyaya bunu bir daha əyani şəkildə təqdim etdi. Azərbaycan xalqı apardığımız siyasəti dəstəkləyir, bu dəstəyə sadiqdir və görür ki, bizim siyasətimizə alternativ siyasət yoxdur”-İlham Əliyev əlavə edib.

 Azərbaycan qırğın meydanına çevrilə bilər

Dövlət başçısı qeyd edib ki, alternativ siyasət fəlakət ola bilər, yenə Azərbaycanı uçuruma apara bilər, yenə Azərbaycanı qırğın meydanına çevirə bilər: “Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyərək referendumda “Hə” dedi. Azərbaycan xalqına göstərdiyi böyük etimada və dəstəyə görə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da bu yolla gedəcəyəm, Azərbaycanın inkişafını təmin edəcəyəm və heç bir kənar qüvvə bizi bu yoldan çəkindirə bilməz”.

Beynəlxalq əlaqələr haqda

Prezident çıxışında Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri haqda da danışıb. Deyib ki, bu il Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənib. Bir çox beynəlxalq təşkilatda Azərbaycana bir daha dəstək nümayiş etdirilib.

“Bu təşkilatlar arasında iki təşkilatı xüsusilə qeyd etmək istərdim. Biri İslam Əməkdaşlıq Təşkilatıdır ki, builki Zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradıb, kontakt qrupu artıq işə başlayır. Zirvə görüşündə Azərbaycanın ərazi bütövlüyünə bir daha dəstək ifadə olundu. Bu yaxınlarda Qoşulmama Hərəkatının - BMT-dən sonra ən çox üzvü olan bu təşkilatın Zirvə görüşündə də növbəti dəfə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll edilməsi haqqında qərar qəbul edildi. Bu, bizim böyük diplomatik və siyasi uğurumuzdur”, - İlham Əliyev deyib.

“Biz təhqir olunduq”

Dövlət başçısı bildirib ki, digər təşkilatlarda da bu gözəl meyilləri müşahidə olunmaqdadır. Bura Dağlıq Qarabağa dair ədalətli bəyanat verən Avropa Parlamenti də daxildir.  “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, bir il ərzində Azərbaycan Avropa Parlamenti ilə bütün əlaqələri kəsib, Avronest qurumundan çıxıb. Bunun da səbəbi var, ictimaiyyət bunu bilir. Sadəcə olaraq, demək istəyirəm ki, bu, bizim günahımızdan olmayıb. Biz günahkar deyilik. Bizə qarşı ədalətsizlik nümayiş etdirildi. Biz təhqir olunduq. Bizə qarşı diplomatiyada qəbuledilməz sözlər işlədildi. Təbii olaraq, biz də öz sözümüzü dedik”.

Nəticədə nə oldu

Bəs nəticədə nə oldu? Prezidentin sözlərinə görə, münasibətləri bərpa etmək üçün özləri gəldilər. İlham Əliyevin fikrincə, gördülər ki, təhqir, təzyiq yolu ilə keçmir. Halbuki bunu çoxdan bilməli idilər ki, keçmir və keçməyəcək. Gəldilər ki, münasibətləri bərpa etsinlər.” Bizim də bəzi təkliflərimiz olub. O təkliflər müsbət qəbul edildi və bu təkliflərin nəticəsində birgə bəyanat da səsləndi. O bəyanatda ifadə olundu ki, Avropa Parlamenti belə hərəkətlərə yol verdiyinə görə təəssüf edir. Orada göstərilir ki, gələcəkdə bu cür hərəkətlərin təkrar olunmaması üçün işlər aparılacaq. Biz də konstruktiv mövqe nümayiş etdirərək qərar qəbul etdik ki, artıq bu, bizi qane edir və münasibətlər indi bərpa olunur”-prezident çıxışında deyib.

İlham Əliyev onu da bildirib ki, Azərbaycan 25 ildir müstəqil yaşayan ölkədir və imkan verə bilməz ki, kimsə onu təhqir etsin.“Mən özümüzü tərifləmək istəmirəm, heç vaxt da tərifləməmişəm, halbuki tərif üçün bir çox məqam var. Heç kimə imkan vermərik ki, bizi təhqir etsin. Qəbuledilməz hər bir hərəkətə cavabımızı veririk, sözümüzü deyirik, heç kimdən çəkinmirik, nəinki bizə aid olan məsələlərdə, bütün məsələlərdə prinsipial mövqe nümayiş etdiririk. Dünyada gedən işlərlə bağlı bizim mövqeyimiz var və biz bu mövqeyi çəkinmədən ifadə edirik”, – deyə, o bildirib. 

Cia.az