“Azərbaycanın Müstəqillik Günü tarixi 1991-ci il dekabrın 29-dan hesablanmalıdır”. Bunu respublika.az-a açıqlamasında Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin müşaviri olmuş deputat Fazil Mustafa təklif edib.
F.Mustafa fikrini belə əsaslandırıb ki, 1991-ci il dekabrın 29-da Azərbaycanın dövlət müstəqilliyi haqqında Ali Sovetin Konstitusiya Aktının qəbul olunması məsələsi barədə referendum keçirilib. Onun sözlərinə görə, həmin referendumda “Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı” sualı qoyulub. Həmin referendum zamanı seçicilərin mütləq əksəriyyəti qoyulan sualın lehinə səs veriblər: “Bu baxımdan da mən təklif edirəm ki, Azərbaycanın müstəqillik günü 1991-ci il dekabrın 29-da keçirilən müstəqillik referendumundan götürülsün. Çünki bu referendumun nəticəsi Azərbaycanın xalqının iradəsini ortaya qoydu. Digər tərəfdən isə 1991-ci ilin Referendum Aktı Milli Şuranın qəbul etdiyi sənəddən də daha üstündür. Yəni, Referendum Aktı birbaşa xalqın iradəsinə söykənən sənəddir. Azərbaycanın müstəqilliyinin bu tarixdən hesablanması üçün hüquqi əsaslar da mövcuddur”.
F.Mustafa Azərbaycanın müstəqillik gününün 1991-ci il avqustun 30-da qəbul edilən Müstəqillik haqqında Bəyannamənin qəbulu tarixindən götürülməsi ilə bağlı səslənən təkliflərə münasibət bildirib. Deputat xatırladıb ki, 1989-cu il sentyabrın 23-də Respublika Ali Sovetinin sessiyası tərəfindən “Azərbaycan SSRİ-nin suverenliyi haqqında” Qanunu qəbul olunub.
Daha sonra isə Müstəqillik haqqında Bəyannamə qəbul edilib: “Ancaq bu Bəyannamə Müstəqillik Aktı demək deyil idi. Bu sənəd Müstəqillik Aktı barədə iradə demək idi. Doğrudur, Özbəkistanda və digər ölkələrdə müstəqillik üçün bəyannamə kifayət edirdi. Ancaq Azərbaycanda 1991-ci ilin 18 oktyabr tarixi əsas götürülüb. Bu tarix rəsmi sənəd olaraq həm də daha legitim qurum olan Milli Şura tərəfindən qəbul olunurdu. Ona görə də bu sənəd Azərbaycan müstəqillik tarixi ilə bağlı əsas sənədə çevrilib. Bu baxımdan da ”Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı 1991-ci ilin avqustun 30-da qəbul edilən Müstəqillik haqqında Bəyannamədən daha legitim və mötəbər sənəddir".
Qeyd edək ki, Azərbaycanın müstəqillik günü 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündən hesablanır və dövlət bayramı olaraq keçirilir. Azərbaycanın müstəqilliyinin bərpa olunduğu gün isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunduğu gün hesab edilir. Sözügedən Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Sovetində qəbul edilib.
Fazil Mustafanın təklifinə Azərbaycan xalq hərəkatının liderlərindən biri olmuş keçmiş baş nazir, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında münasibət bildirib.

P.Hüseyn qeyd etdi ki, müstəqillik günü tarixinin dəyişdirilməsinə ehtiyac yoxdur: “Azərbaycan Respublikasının istiqlal günü olan 28 May günündən sonra ən şərəfli günlərdən biri 18 oktyabr dövlət müstəqilliyi günüdür: "18 oktyabrda qəbul olunan “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında həm dövlətin müstəqilliyinin bərpası nəzərdə tutulurdu, həm də dövlət quruluşunun əsasları, bərpanın hüquqi əsaslarını, yeni dövlət quruculuğu prinsiplərini özündə əks elətdirən müddəalar öz əksini tapırdı. Bu Konstitusiya Aktına o zaman Azərbaycanda bütün siyasi qüvvələrin nümayəndələri tərəfindən yekdilliklə səs verilmişdi. Eyni zamanda həmin gün qərara alınmışdı ki, 18 oktyabr Müstəqilik Günü kimi dövlət səviyyəsində qeyd olunsun. 18 oktyabrın Azərbaycanın müstəqilliyinin bərpa olunduğu günü kimi qeyd olunması doğrudur. Çünki bu tarix Azərbaycan tarixinin şanlı səhifələrindən biridir. Bu günün qeyri-iş günü olan bayramlar sırasına daxil edilməsi lazımdır.
İndiki hakimiyyət özünün iştirakçısı olmadığı hadisə və prosesləri, tarixi günləri gözdən salmaq, əhəmiyyətini azaltmaq siyasəti yürüdür. 18 oktyabr dövlət müstəqilliyi bayramının statusunun aşağı salınması, həmin günün iş günü elan olunması həm də bununla bağlıdır. Təsadüfi deyil ki, dövlət müstəqilliyinin bərpasının 25 illiyinə az qalsa da 25 illik həmin tarixi hadisənin əhəmiyyətinə uyğun səviyyədə qeyd olunmur. Bu bayramın statusuna uyğun səviyyədə qeyd olunmasına ehtiyac var".(musavat)
Cia.az
