|
Xocalı cəlladı müxalifətə keçir, yoxsa Moskvaya vəzifəyə gedir?
“Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın işdən azad edilməsi gözlənilən bir məsələ idi. Bu, həm Azərbaycan ordusunun aprel ayında əldə etdiyi üstünlüklə bağlıdır. Eyni zamanda Ohanyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) rotasiya ilə Ermənistana veriləcək baş katiblik vəzifəsində namizədliyi ilə də əlaqəli ola bilər”. 
 
Bu fikirləri politoloq Arzu Nağıyev “Yeni Müsavat”a açıqlaması zamanı bildirdi. 

Qeyd edək ki, Ermənistanın Xocalı qatili olan sabiq müdafiə nazirinin müxalifət düşərgəsinə keçəcəyinə dair ilginc məlumatlar yayılıb. “Qraparak” qəzeti iddia edir ki, Ohanyan Prezident Aparatının rəhbərinin müavini Viktor Dallakyanın yaradacağı “Şrdjadardz” partiyasına rəhbərlik edəcək. (Azvision.az ttp://www.azvision.az/) “Qraparak” yazır ki, hakim Respublika Partiyası hadisələrin bu cür inkişafına inanmır, lakin partiyadan Ohanyanın Sərkisyana acıqlı olduğu bildirilib. “Dallakyanın Prezident Aparatının yeni rəhbərinin təqdimat mərasimində iştirak etməsinə baxmayaraq, Seyran Ohanyanın razılıq verəcəyi təqdirdə, o fikirləşmədən hakim komanda və partiyaya qarşı çıxacaq” deyə, yazıda vurğulanır. Nəşrin məlumatına görə, “Şrdjadardz” partiyası Rusiya mənbələrindən maliyyələşəcək. 

Ancaq A.Nağıyev S.Ohanyanın müxalifətə keçəcəyi barədə Ermənistanda səslənən fikirləri ciddi saymır:“Bu, o qədər də inandırıcı görünmür: ”Əgər onun elektoratı hərbçilərdən ibarət olsaydı, nə isə edə bilərdi. Məlumdur ki, Ermənistan ordusunda narazılıqlar özünün pik nöqtəsinə məhz Ohanyanın vaxtında çatıb. Deməli, hətta müxalifətə belə keçərsə, deməli, bu, Sərkisyan tərəfindən düşünülən siyasi gedişdir. Bu mənada onun KTMT-yə getməsi daha çox ehtimal olunur".
 
Image result for Arzu Nağıyev
 
A.Nağıyev əlavə etdi ki, hazırda rotasiya ilə həmin vəzifə əlifba sırasında Ermənistana məxsus olmalıdır və ermənilər də öz namizədlərini verməlidirlər: “Erməni mənbələri bununla bağlı susurlar. Çünki əsas təyinat məhz Rusiya tərəfindən edilməlidir. Düşünürəm ki, Ohanyan həm Rusiyanı, həm də elə erməniləri bu vəzifədə qane edəcək namizəddir. Məlumdur ki, o, Dağlıq Qarabağ ərazisində cinayətlər törətmiş səhra komandiridir və Sərkisyanın komandasında ən yaxın şəxslərdən biridir. Bundan başqa, Rusiyanın Ermənistan ərazisində olan 102 saylı bazası ilə əlaqələndirici rolunu oynayıb və regionun əməliyyat şəraitini bilir”. 
 
Xatırladaq ki, KTMT-nin növbəti toplantısı oktyabrın 14-də keçiriləcək və həmin iclasda Ermənistan nümayəndəsi qurumun baş katibli vəzifəsinə təyin olunacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin oktyabrın 14-də İrəvanda keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin həllinin müzakirə olunması mümkündür. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bildirib. O, toplantıda Dağlıq Qarabağ münaqişəsinə dair ayrıca görüşün keçirilməyəcəyini, münaqişənin nizamlanması yollarının toplantı çərçivəsində müzakirəsinin mümkün olduğunu söyləyib.
 
Diqqətçəkən odur ki, oktyabrın 14-də Rusiya xarici işlər naziri Sergey Lavrov da İrəvana səfər edəcək. Mariya Zaxarova bildirib ki, nazir Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak edəcək. Rusiya XİN sözçüsü toplantıda beynəlxalq terrorçuluğa qarşı birgə mübarizə, hərbi əməkdaşlığın inkişafı və digər məsələlərin müzakirə olunacağını qeyd edib. 
 
Deməli, “İsgəndər” “hədiyyəsindən” sonra KTMT-nin baş katibliyi də “təntənəli” şəkildə işğalçıya təqdim olunacaq. Bu postu isə Moskvanın adamı, S.Sərkisyanın ən qorxulu rəqibi Ohanyanın, 366-cı motoatıcı alayın tərkibində olaraq Xocalı soyqırımını törətmiş cəlladın tutacağı az şübhə doğurur. Bəzi ekspertlərə görə, istənilən halda Bakının bu təyinatı sükutla qarşılaması yaxşı görünmür. Ən azı Rusiya ilə qapalı müzakirələrdə məsələyə etiraz bildirmək olardı...
musavat