Aprel ayındakı 4 günlük müharibədə ağır itkilər verən işğalçı Ermənistan kütləvi silahlanmaya start verib. Hər halda onun Rusiyadan “İsgəndər” raket komplekslərini alması və onu İrəvanda keçirilən hərbi paradda nümayiş etdirməsi işğalçı ölkənin danışıqlarda Azərbaycandan üstün mövqedə dayanmaq istəyindən irəli gəlir.
Doğrudur, Azərbaycandakı müşahidəçilər hesab edir ki, İrəvan atəş dairəsi 500 kilometr olan son “İsgəndər-M” sistemi yox, daha qısa məsafəli (280-300 kilometr) “İsgəndər-E” kompleksilə təchiz edilib. Eyni zamanda Ermənistandakı 21 sentyabr paradından sonra Azərbaycanın müdafiə naziri Zakir Həsənov bəyan edib ki, yarana biləcək istənilən hərbi təhdid ehtimalını nəzərə alaraq Ermənistan ərazisindəki, hədəflərin məhv edilməsinə hazır olmaqla bağlı tapşırıqlar verib.
Nazir xüsusilə vurğulayıb ki, Silahlı Qüvvələrin sərəncamında olan raket-artilleriya sistemləri bu tapşırığı yerinə yetirməyə imkan verir. Bunun ardınca Naxçıvandakı Əlahiddə Qoşun bölmələri hərbi təlim keçərək Ermənistanın dərinliklərinə zərbələr endirilməsini məşq ediblər. Eyni zamanda Azərbaycan işğalçının təhdidlərinin qarşısında yeni silahların alınması istiqamətində də hərəkətə keçib.
Ermənistanın Rusiyadan aldığı “İsgəndər” raket kompleksini nümayiş etdirməsindən sonra Azərbaycanın da İsraildən “Dəmir günbəz” havadan müdafiə sistemi alması barədə məlumatlar yayılıb. Düzdür, yəhudi əsilli millət vəkili Yevda Abramovun verdiyi bu açıqlama İrəvanda şübhə ilə qarşılanıb. İsrailin Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib. Bu arada isə “Dəmir günbəz” sisteminin İsgəndər raketlərinə qarşı effektiv olmasına dair suallar ortaya çıxıb.
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan isə hesab edir ki, Azərbaycan “Dəmir günbəz” sistemini ala bilməz, çünki Rusiya ilə müttəfiqdir. “Söhbət ”Dəmir günbəz" raketdən müdafiə sisteminin “İsgəndər” raketini tutmaq imkanından gedir. Artıq izah olunub ki, bu kimi sistem Azərbaycanda peyda ola bilməz, lakin əgər bu baş tutsa da, heç nə edə bilməz", - Artsrun Hovhannisyan Facebook hesabında yazıb.
İsrail raket komplekslərinin Bakıya satılması haqqında məlumatlar “istər siyasi, istər hərbi-texniki xarakterli şübhələr doğurur”, siyasətşünaslıq üzrə doktor, İrəvandakı Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan bildirir. “İsrail tərəfindən belə bir sistemin Rusiya və İranla sıx əlaqədə olan Azərbaycan kimi ölkəyə verilməsini təsəvvür etmək çətindir” - Minasyan BBC Azərbaycancanın İrəvan müxbirinə deyib. Lakin Yevda Abramov Azərbaycanın İsrail raket kompleksinə sahib olduğunu israrla təkrar edir.
“Mən 12 ildir ki, parlamentdəyəm. Bu iki ölkə arasında dostluq qrupunun rəhbəriyəm. Mən bu işin içindəyən, xəbərdaram” - deputat deyib. “Mən İsraillə daima əlaqədəyəm və bilirəm ki, Azərbaycanın hərbi arsenalı Qafqazda ən güclü hücum və taktik silahlara malikdir”.
Bu arada Amerikanın “Global Fire Power” araşdırma mərkəzi dünya ən güclü ordularının yeni reytinqini açıqlayıb. “Global Fire Power” araşdırma zamanı əsas 50 faktoru nəzərə alıb. Burda müdafiə sahəsinə ayrılan vəsaitin məbləğı, şəxsi heyətin, limanın, ordunun və tankların sayı, eyni zamanda maliyyə ehtiyat və s. meyarlar önəm daşıyır.
Siyahıda 126 ölkə yer alıb. İlk onluqda ABŞ, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Yaponiya, Türkiyə, Almaniya, İtaliya yer alıb. Dünyanın ən güclü orduları arasında Azərbaycan da daxil edilib. Ölkəmiz siyahıda 60-cı yerdə qərarlaşıb. Düşmən Ermənistan isə reytinq siyahısında bizdən 34 pillə geridə - 94-cü yerdədir.
Ümumilikdə görünən budur ki, Qafqaz bölgəsi nəhəng bir silah arsenalına çevrilib və faktiki olaraq kvota pozulub. Azərbaycan təcavüzə məruz qalan ölkə kimi yeni silahlar almağa məcburdur. Üstəlik, ölkəmiz bu silahları almaq üçün böyük vəsaitlərindən keçməli olur. Lakin işğalçı Ermənistan Rusiyadan hədiyyə olaraq yeni silahlar əlamaqdadır və artıq bu, “hədiyyə”lər raket-komplekslərini də əhatə edir. Bu duruma beynəlxalq nəzarətin olmaması isə sonda bölgədə böyük fəlakətlərin baş verməsinə gətiib çıxara bilər.
Hərbi ekspert Azad İsazadə “Yeni Müsavat”a bildirdi ki, əvvəllər kvota mövcud olub: “Ancaq 2008-ci ildə baş verən Gürcüstan hadisələrindən sonra Rusiya Avropada Adi Silahlara Nəzarət Müqaviləsindən çıxdığını bəyan etdi və o vaxtdan kvotalara nəzarət etməyin mənası qalmadı. İndi də vəziyyətə ciddi təsir edən qurum yoxdur. Cənub-Cinah müqaviləsi çərçivəsində bir dəfə olmayıb ki, hansısa dövlət kvotanı yerinə yetirsin. Hər bir ölkə öz tərəfindən səbəb göstərib kvotanı pozduğunu bəyan edir. Odur ki, kvota heç vaxt yerinə yetirilmir”.
A.İsazadənin sözlərinə görə, Stokholm Hərbi Araşdırma İnstitutu silahlanma barədə hər il məlumat hazırlayıb yayır: “Ermənistan ərazisinə daxil olan silahlar qeydiyyata alınır, lakin onun harada yerləşdirilməsi açıq qalır. Azərbaycanla bağlı da məlumatlar əksini tapır. Amma Azərbaycan beynəlxalq müqavilələrə əsaslanır, rəsmi olaraq, şəffaf şəkildə ikitərəfli müqavilələri açıqlayır. Ermənistan isə qeyr-rəsmi şəkildə silahlar əldə edir. Yəni bu məsələ ilə maraqlanan qurumlar var, amma mətbuata açıqlama vermirlər və hay-küy salmadan araşdırmaları davam etdirirlər. Ümumilikdə isə təbii ki, sürətlə silahlanma nəticəsində regiondakı silahlar bir gün işə düşə və böyük fəlakətlər baş verə bilər”.(musavat)
Cia.az
