|
Gürcüstan üçün kritik iki gün-dünyanın diqqəti bu ölkədə
Gürcüstan tarixi dəyişiklik astanasındadır. Parlamentli respublikada oktyabrın 8-də parlament seçkiləri keçiriləcək. Bütün dünyanın diqqəti qonşu ölkəyə yönəlib. 2004-cü il inqilabından başlayaraq, Gürcüstanda iqtidarların müəyyən olunmasında böyük söz sahibləri olan ABŞ və Rusiya yenə də bu ölkədə maraqlarına uyğun gələn tərəfin qalib gəlməsi üçün üz-üzə dayanıblar.
 
Şimal qonşumuz hazırda iqtidarda olan “Gürcü Arzusu” siyasi blokunun qalib gəlməsini, Qərb isə 4 il öncə hakimiyyətdən gedən Mixail Saakaşvilinin partiyası kimi tanınan Vahid Milli Hərəkat Partiyasının qalibiyyətini istəyir. Gürcüstanın gələcək siyasəti ilə bağlı hər iki ölkə üçün seçkilərin nəticələri böyük önəm daşıyır.

Ekspertlər Saakaşvilinin qalibiyyət olacağı təqdirdə ölkəyə qayıdışının təkcə Gürcüstan üçün deyil, region baxımından müsbət yöndə ciddi təsirlərinin olacağını proqnozlaşdırırlar. Azərbaycana da böyük təsir olacağı istisna edilmir. Gürcüstanın sürətlə NATO ölkəsinə çevriləcəyi deyilir.
 
Nəticələrlə bağlı proqnozların əksəriyyəti müxalifətin lehinədir. Xüsusilə, oktyabrın 5-də Tiflisdə Saakaşvilinin partiyasının keçirdiyi izdihamlı mitinqdən sonra iqtidarın dəyişəcəyi ilə bağlı fikirlər daha çox səslənir.
 
Qonşu ölkədəki seçkilərin orada yaşayan soydaşlarımız baxımından da böyük əhəmiyyəti var. Belə ki, ilk dəfə olaraq, Gürcüstan parlamentinə düşmək uğrunda mübarizəyə qoşulan namizədlər arasında azərbaycanlıların sayı 30-a çatıb. Onların əksəriyyəti müxalifətin iddiaçılarıdır. Hakim partiyadan yalnız üç nəfər azərbaycanlının namizədliyi var. Azərbaycanlı namizədlərin bəzisi majoritar, bəzisi də proporsional qaydada seçkiyə qatılıblar. Proporsional qaydada namizədliklərini irəli sürənlər azərbaycanlıların sıx məskunlaşdığı Marneuli, Bolnisi, Dumanisi və Qardabani rayonlarını təmsil edirlər.
 
Image result for Şahin Cəfərli
 
Əslən Borçalıdan olan politoloq Şahin Cəfərli seçkilərdən öncə baş verən hadisələrin seçki kampaniyasının üzərinə kölgə saldığını düşünür: “Gürcüstanda seçkiqabağı təbliğat-təşviqat yekunlaşıb, artıq hər kəs səsvermə gününü gözləyir. Kampaniya siyasi partiyaların, əsasən də iki aparıcı siyasi qüvvə - ”Gürcü Arzusu" ilə Vahid Milli Hərəkatın sərt rəqabəti və qarşılıqlı ittihamları ilə müşayiət olunsa da, ümumilikdə normal keçdi və hər hansı ciddi qarşıdurma baş vermədən yekunlaşmaq üzrə idi. Lakin təşviqatın son günlərində əvvəlcə Qoridə deputatlığa namizəd, sabiq müdafiə naziri İrakli Okruaşviliyə odlu silahdan atəş açılması, daha sonra isə Tiflisdə Vahid Milli Hərəkatın deputatı və namizədi Givi Tarqamadzeyə qarşı törədilən terror aktı seçki kampaniyasına kölgə saldı. Xoşbəxtlikdən İrakli Okruaşvili və Givi Tarqamadze hər hansı yara almadan qurtuldular. Oktyabrın 5-də Vahid Milli Hərəkatın paytaxtdakı böyük mitinq-yürüşünün insidentsiz başa çatmasını həm bu partiyanın, həm də bütövlükdə ölkədəki seçki kampaniyasının pozitiv yekunu kimi qiymətləndirmək olar".
 
Politoloq qonşu ölkədə ikiqütblü siyasi sistemin olduğunu bildirdi: “Gürcüstanda ikiqütblü siyasi sistem formalaşıb. Qütblərdən biri ”Gürcü Arzusu", digəri isə Vahid Milli Hərəkatdır. Mixail Saakaşvilinin qurucusu olduğu Vahid Milli Hərəkatın son aksiyası çox uğurlu alındı və bu partiyanın gücünü göstərdi. Sirr deyil ki, “Gürcü Arzusu” 2012-ci ildə iqtidara gəldikdən sonra Bidzina İvanişvilinin əsas fəaliyyəti Vahid Milli Hərəkatı marginallaşdırmağa və bir rəqib kimi sıradan çıxarmağa yönəlmişdi. Saakaşvili və onun silahdaşları hər cür qanunsuzluqda, korrupsiyada, müxtəlif cinayət əməllərində suçlandılar, sabiq baş nazir Vano Merabişvili və keçmiş Tiflis meri Giqi Uqulava kimi aparıcı fiqurlar həbs olundular. Lakin bu repressiv siyasət Milli Hərəkatın Gürcüstan siyasətindəki mövqelərini itirməsinə səbəb olmadı, partiya öz sosial dayaqlarını qorudu və tədricən siyasi nüfuzunu bərpa edərək hakim partiyanın əsas alternativi kimi qismində öz iddiasını təkrar ortaya qoydu. Təşviqat dövründə Saakaşvilinin xanımı Sandra Rulofsun partiyanın əsas siması qismində önə çıxarılması uğurlu gediş idi. Lakin bütün bunlar hələ Vahid Milli Hərəkatın seçkidən zəfərlə ayrılacağını söyləməyə əsas vermir. Çünki “Gürcü Arzusu” müəyyən reytinq itkisinə rəğmən, gücünü qoruyub saxlayır. “Gürcü Arzusu”nu və dövləti pərdə arxasından idarə edən Bidzina İvanişvilinin seçki kampaniyası ərəfəsində partiyanın liderini - baş naziri dəyişdirərək İrakli Qaribaşvilinin yerinə liderlik keyfiyyətlərinə görə ondan daha üstün olan, ölkədə müsbət imicə malik Georgi Kvirikaşvilini gətirməsi düzgün addım idi və partiyanın reytinqinə pozitiv təsir göstərdi. Ona görə də “Gürcü Arzusu”nun yenidən qələbə qazanması sürpriz olmayacaq".
 
 
Ş.Cəfərli gözlənilən nəticələrə toxundu: “Gürcüstanda qarışıq seçki sistemi tətbiq olunur. 150 yerdən ibarət parlamentə 77 deputat proporsional, 73 deputat isə majoritar qaydada seçiləcək. Son rəy sorğuları 2 aparıcı siyasi qüvvənin reytinqinin bir-birinə çox yaxın olduğunu göstərib. Çox güman ki, proporsional sistem üzrə hər iki partiya bir-birinə yaxın sayda mandat əldə edəcək. Vahid Milli Hərəkat və ya əksinə, "Gürcü Arzusu" proporsional sistem üzrə seçkilərdə 1-ci ola bilər, amma hökuməti kimin formalaşdıracağı birmandatlı dairələrdəki nəticələrdən asılı olacaq. Postsovet məkanının seçki təcrübəsindən məlumdur ki, birmandatlı dairələrdə adətən əlində inzibati resursları cəmləşdirən iqtidar partiyaları daha şanslı olur. Bu səbəblə “Gürcü Arzusu”nun majoritar sistem üzrə daha çox mandat əldə edəcəyi gözləniləndir. Buna rəğmən, şübhə yoxdur ki, 73 dairədə ciddi mübarizə gedəcək və ehtimal edilir ki, bir çox dairədə namizədlərdən heç biri 50 faizdən artıq səs toplaya bilməyəcəyi üçün təkrar seçki keçiriləcək dairələrin sayı kifayət qədər çox olacaq. Majoritar dairələrdən müxtəlif siyasi partiyaların namizədləri də deputat seçiləcək. Əgər yeni parlamentdə “Gürcü Arzusu” ilə Milli Hərəkat təkbaşına çoxluq yarada bilməsələr, koalisiya axtarışlarında digər siyasi partiyaların azsaylı təmsilçilərinin mövqeyi həlledici ola bilər. Bir sözlə, seçkidən sonra yeni hökumətin formalaşdırılması kifayət qədər problematik ola bilər. Mixail Saakaşvilinin qayıdışı isə o halda mümkündür ki, onun partiyası hakimiyyətdə olsun".
 
 
Müsahibimiz azərbaycanlı namizədlərdən və Gürcüstanın NATO ölkəsinə gedən yoluna bu seçkilərin təsirlərindən də söz açdı: “Azərbaycanlı namizədlərə gəldikdə isə, həm "Gürcü Arzusu", həm də Vahid Milli Hərəkatın sıralarında iddialı soydaşlarımız var. Bundan əvvəlki seçkilərdə 3 azərbaycanlı namizəd deputat seçilmişdi, bu dəfə onların sayının artacağına ümid edirəm. “Gürcü Arzusu”nda Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev, Vahid Milli Hərəkatda isə Azər Süleymanov, Əhməd İmamquliyev, Ramin Bayramov, Samirə İsmayılova kimi iddialı namizədlər var. Soydaşlarımızın müxtəlif siyasi partiyalarda təmsil olunması və rəqabət aparmaları normal haldır, bundan narahat olmağa dəyməz. Parlamentdə azərbaycanlı deputatların sayından asılı olmayaraq, Gürcüstan-Azərbaycan münasibətləri hər zaman inkişaf edəcək. Çünki iki ölkəni ortaq maraqlar, mühüm regional və beynəlxalq layihələr birləşdirir. Lakin əlbəttə ki, soydaşlarımızın Gürcüstan parlamentində təmsil olunması istər ikitərəfli əlaqələr, istərsə də Gürcüstandakı azərbaycanlıların hüquqlarının qorunması baxımından çox vacibdir. Seçkidən sonra Gürcüstanın xarici siyasət kursunda dəyişiklik gözlənilmir. Gürcüstan öz strateji seçimini çoxdan edib və avroatlantik inteqrasiyaya üstünlük verib. Hökumət dəyişsə də, dəyişməsə də, bu kurs davam edəcək və Gürcüstanın NATO-ya üzvlüyü sürətlənəcək".(musavat)
Cia.az