"1937-ci ildə, tuthatut vaxtları rəhmətlik atam İsmayıl Şıxlı ilk dəfə gəlir Bakıya. İndiki Yazarlar Birliyi binası o zamanlar yaşayış binasıydı. Necə olursa, bilmirəm, atam məhz bu binada, indi Anarın oturduğu otaqda bir müddət yaşamalı olur. Gün-güzəranını keçirir orda. Bakının xeyr, şər işlərinə qarışır. Bəlkə, nə bilim, müharibənin ilk gününü də məhz bu ünvanda yaşayır... Sonra, 1981-ci ildə, düz 44 il sonra İsmayıl Şıxlı, həmin binaya, həmin kabinetə bir dəfə də dönüb qayıdır. Amma bu dəfə adi vətəndaş kimi deyil, AYB-nin sədri vəzifəsində. Yeddi il o otaqda yazıb yaradır".
Elçin Şıxlının dilindən eşitdiyim bu qəliz məlumatdan sonra ancaq susmaq olardı. Mən də susdum. Akvariumdakı əl-əlvan balıqlar da qoşuldu bu sükutuma.
Akvariumun həyat ritmiylə söhbətimizin axarı bu nöqtədə, bir nöqtədə birləşib eyniləşdi. Suda köpüklənən hava axarının səsi, muğamatı xatırlatdı. Hiss etdim balıqlar Elçinə yaxşı bələddirlər. Hərəkətlərini, xasiyyətini həmişə təkrarlayırlar.
- Yemlərini həmişə vaxtında vermişəm deyə balıqlar mənə yamanca öyrəşiblər. Özü də, əvvəlcədən bilirlər, hiss edirlər sonrakı növbəti hərəkətlərimi.
Söhbətimizin lirik ricəti burda nəhayət bitdi. Yenə qayıtdım öz qəliz suallarıma:
- Yazıçı qələmi istəyir siz deyən mövzular, xatirələr, - deyib, köksümü ötürürəm. - Yazıçı olsaz, oxşar mövzulara müraciət edərdiz, eləmi?
- Bilirsiz, doğum günü novruz bayramına düşən bir dəstə Azərbaycan yazarı var - Süleyman Rəhimov, Səməd Vurğun, Mehdi Hüseyn, Cəfər Cabbarlı... Siyahını rəhmətlik atam qapayır. O da, bəli, qəribədir, Novruz günü dünyaya göz açmışdı. Təsadüf bilmərəm bunu. Hesab edərəm bu şəxsiyyətlər xalqımıza uca göylər tərəfindən bayram hədiyyəsi, ulduz yağışı kimi verilib.
Akvariumdakı balıqların bu vaxt elə bil donu açılır. Həyəcanlanıb, akvariumda vurnuxmağa başlayırlar. Eyni həyəcanı öz daxilimdə də hiss edirəm. Qorxuram ağzımı açıb nəsə deyim. Söhbətimizin incə məqamıdır. Elçinə əsla mane olmuram.
- Bəli. Bu, mistik mövzulardır. Yazıçı olsam təkcə həmin mövzularla kifayətlənməzdim. Məsələn, atam 26 iyulda dünyasını dəyişdi, anam 26 sentyabrda.
-Elçin, söhbət əsnasında ilk dəfə gülümsəyir. Fürsəti boşa verməyib, mən də bu xəfif gülüşə qoşuluram:
- Hə... qəribədir... Ancaq mən burda numeroloji sirlər axtarmazdım. İnsani hisslər axtarardım burda. Valideynlərinizin bir-birinə sədaqətini görərdim həmin 26 rəqəmində.
- Hə... elədir... Ancaq gördüyünüz kimi, onların həm doğum, həm ölüm tarixləri sadə, elə belə, kor təsadüf deyilmiş. Əvvəldən bir missiyası olub onların.
- Görürəm Sizi mistik, numeroloji mövzulara ciddi marağınız var. Bu nöqtədə tale bizi elə belə görüşdürməyib düşünürəm. Yazıçı olsaydız görürəm, həmin mövzulardan əl çəkməz, ədəbiyyatımıza Edqar Po, Stiven Kinq ənənələrini gətirərdiz.
Küncdən zərbə
Elçindən aldığım qələmin mürəkkəbi bu vaxt bitir deyə, qeydlərimi yarımçıq kəsməli oluram. Kabinetdə katibə-filan yoxdu. Elə isti pürrəngi çay da. Üstəlik, yazı masasındakı bütün qələmlərin mürəkkəbi tükənib. Jurnalistikamızın yaşadığı böhran dövrü, bu kabinetdə özünü açıq-aşkar göstərir.
- Təhsil aldığım 190 saylı orta məktəbin ədəbiyyat müəllimi Zərbəli Səmədovla münasibətlərimiz əvvəlcədən soyuqdu, - hiss etdim ki, Elçin öz həyatının ən qədim, köhnə günlərinə qayıtmaq istəyir.
- Ədəbiyyat sahəsində ilk zərbəni Zərbəli Səmədovdan almışdınız, eləmi?
- Həəə... Bir gün o, yazdığım inşanın birində vergül səhvi tutdu. Məzmuna, qrammatikaya görə iki qoşa “2" yazdı gündəliyimə. Dalımca donquldandı - ”Şair oğlusan neynim? Gəlib, oturmalısan boynumda?" İki həftə dərsə gəlmədim, sinfə daxil olmadım. Bəxtimdən 2 həftə sonra məktəbimizdə Süleyman Rüstəmlə görüş keçirildi. Qonaqlar sırasında atam da vardı. İxtilafımızı birtəhər yoluna qoydular...
- Zərbəli müəllim, şagirdlərə zərbə vurmasa, öz adını doğrultmazdı. Aradan gör neçə illər ötüb, siz isə hələ də Zərbəlinin bu zərbəsini unutmayıbsız. Olmaz belə. - iradlarım, deyəsən Elçini xeyli təəssüfləndirir. O, yerindən qalxıb şəffaf şüşə akvariuma yaxınlaşır. Elçini, bax bu cür, balıqlara yem verən anda görmək, düzü, lap gözlənilməz olur mənimçün. Mənzərə, həqiqətən ürəyimi kövrəldir. Hiss edirəm ki, Zərbəli müəllimin zərbəsi hələ də Elçinin daxilini göynədir...
“Elçinin ədəbiyyatdan ayrılıb jurnalistikaya üz çevirməsi Zərbəli müəllimin bax bu ”zərbə"sindənmi qaynaqlanıb?", sualını daxilimdə özümə pıçıldayıb səsimi xırp kəsirəm. Qorxuram bu sualımı Elçin Şıxlı eşitsin.
Balıqlara borcunu ödəmiş Elçin masa arxasına qayıdıb bu ağrılı mövzunu davam etdirir.
- Zərbəli müəllim ağır, samballı adamdı. Etiraf edərdi ki, qrammatikanı heç özü də beşə bilmir. Sonrakı növbəti dərsimiz “Hacı Qara”ya həsr edilmişdi. Suallara cavab verməyə xatir, Roma yazarı Plaftın “Xəzinə”, Molyerin “Xəsis”, Balzakın “Qobsek” əsərlərini son nöqtəsinə qədər oxuyub yazı taxtası önünə gəldim. Zərbəli müəllim, yadımdadı, bunları diqqətlə dinlədi. Axır çox xəsis bir cavab qaytardı mənə - "Düzəlibsən... Şükür, başlayırsan oxumağa".
***
Hiss edirəm xatirələrdən qırılıb günümüzə qayıtmağın əsl zamanıdır. Fürsəti əldən verməyib mövzumuzu müasirləşdirirəm.
- Sonralar Sizə zərbə vuran növbəti Zərbəlilər bəs necə, yenə də oldumu? Çoxmu əziyyət çəkdiniz həmin zərbələrdən?
Bir tərəfdə Elçin sükuta qərq olub, digər tərəfdə akvariumdakı al-əlvan balıqlar. Əvvəl gözləri gülür Elçinin. Sonra dodaqları başlayır xəfifcə titrəməyə. Balıqlar anında bu həyəcanı paylaşır. Şüşə arxasında yamanca fəallaşırlar.
- Düz dediz. Necə deyərlər “kitabın düz ortasından”. Bəli, həyatda aldığım o ilk zərbə, sonralar silsilə şəkli aldı. Zərbələr indiyədək davam edir. Ancaq, Zərbəli Səmədov, bünövrəmi yaxşı qazıb. Zərbələrə öyrəncəliyəm. Bir başqa müəllimim dayəm Matilda Yevqrafovna Kolonova idi. Ondan rus dilini, ədəbiyyatını öyrəndim. Volqa boyu ruslarındandı. Bağçaya getməməyim bəlkə bu kübar xanımla bağlıydı. Digər müəllimim rus dili müəlliməsi Mariya Semyonovna Sıç idi. Bir dəfə, bilməm niyə, “2" aldım bu xanımdan. Bərk acıqlandım. Evə gəlib Mayakovskinin ”Lenin" poemasını bittə-bittə əzbərlədim. Bir gün mənə bəs elədi. Sabahısı gün yazı taxtası önünə sıçrayıb poemanı başdan-ayağa əzbər oxudum. Hamı təəccübləndi buna, vallah. Bir özümdən başqa. Bir də gördüm, sinifdən hıçqırıq səsləri yüksəlir. Baxıb gördüm Mariya Semyonovnadı. Əlləriylə üzünü örtüb, için-için ağlayır...
***
- Demək...
Sözüm ağzımda yarımçıq qalır. Elçin, necə deyərlər, estafeti götürüb, eyni sözlə söhbətinə başlayır.
- Demək, Zərbəlilərin zərbəsi mənə həmişə müsbət təsir edib. Nəticələri həmişə xeyrimə olub. Bu səbəbdən üstümə yağan zərbələrdən kənara çəkilmirəm. Həmişə son məqamda uduram. Növbəti məqamda uduzmağım, həəə, mümkündü. Ancaq, axırda həmişə qalib özüməm.
- Növbəti mərhələdə uduzmaq, axırda qalib gəlmək...hmmmm...bu, ciddi adamların işidi...Kimdən götürdünüz bu təcrübənizi? - deyib, akvariumdakı balıqlar kimi bir nöqtədə donub qalıram.
- İlk növbədə valideynlərimdən. Anam boğaz-qulaq həkimiydi. “Basin” küçəsindəki poliklinikalardan birində həkim işlədi ölən gününəcən. Sonrakıların adını bayaq çəkdim sizə - Zərbəli Səmədov, dayəm Matilda Yevqrafovna Kolonova, rus dili müəlliməm... Görünür, başqaları da olub bu uzun siyahıda.
***
Şıxlı məzarlığı
- Elçin bəy, bəs siz niyə Şıxlı ocağınızı xatırlamayırsız? “Dəli Kür” filminin ilk kadrlarındakı Cahandar ağa, atüstəykən, yaxınlıqdakı məhz bu müqəddəs ünvana tələsirdi sanki. Amma, birdən o atının cilovunu cəld özünə tərəf çəkir. Yolunu dəyişir. Düşür Mələyin caynağına. Orda da məhv olur. Həmişə belə hesab edərdim ki, Cahandar ağa Mələyi oğurlamayıb. Tam tərsinə, Mələk oğurlayıb Cahandar ağanı...
Tam vaxtında səslənən bu fikirlərimə Elçinin reaksiyası, cavabı gözlənilməzdi mənimçün:
- Kişilərə həmişə elə gəlir ki, bəs guya biz ixtiyar sahibiyik. Roman da göstərir ki, əslinə qalsa bu belə deyil. Bəli, Cahandarı Mələk oğurlayıb, nəinki Cahandar Mələyi. Bilirsiz, Cahandar ağa kimilər, müəyyən bir əxlaq kodeksinin cangavərləriydilər. Ömürləri boyu əxlaq kodeksi ilə yaşamışdılar. Bir gün, Cahandar ağa Şıxlı ocağı tərəfdə yolunu azıb bir başqa ünvana gəlir. Kodeksini unudub, yad arvadını qaçırdır. Nəticədə ölümə yuvarlanır, bax, o uca təpənin kəlləsindən aşağı.
- Təpənin ətəyində isə Şıxlı ocağı yerləşir, - deyib, mövzunu lap qızışdırıram. - Qəribə yol ayrıcıdır ora. Bir tərəfdə dirilik suyu, qarşı tərəfdə qadın və ölüm. Qəribə təzaddı. Düşünülmüş qarşıdurmadı. İsmayıl Şıxlının qəhrəmanları bu yol ayrıclarında qalıb çapalayırdılar elə bil...
Əlimdəki qələmin qurumuş mürəkkəbi, şükür, bu vaxt canlanıb dirilir. Sanki, söhbətimizin təsir gücüylə baş verir bu. Elçin də bunu gözündən qaçırmır. Gülümsəyib, mövzuya davam edir:
- Qısası, əxlaq kodeksini pozmaq olmaz. Xüsusən Cahandar ağa kimilərə.
- Şəxsi təcrübənizdənmi qaynaqlanır bu qənaətiniz?
Sərrast sualım vaxtında səslənir elə bil. Ox olub Elçinin ürəyinə sancılır. Onun qısa cavabında bir ömür təcrübəni hiss edirəm.
- Bəli.
***
İsmayıl, Elçin Şıxlıların canında, ruhunda Şıxlı ocağının güclü təsiri hiss olunur. Bu ocaq qəribə, paranormal bir ünvandadır. El arasında ona Gəmiqaya da deyirlər. Guya Nuhun gəmisi orda tufan zamanı dayanıb. Guya həmin ərazidə o gəminin mirası var. Məncə, həmin mirası ordakı dağda, daşda axtarmaq əbəsdi. Həmin mirası gəlin indi yerli sakinlərin, Şıxlı soyadını daşıyanların daxilində, psixikasında axtaraq. Məsələn, bu kəndə sanki ölüm, əli dəryazlı Əzrayıl yoxdu. Burdan müharibəyə gedənlər həmişə geriyə sağ-salamat qayıdırlar. Böyük Vətən Müharibəsi dövründə də belə olub, Qarabağ savaşı vaxtı da. Qısası, bu kənddə əsgərlərə ölüm yoxdu. İsa Hüseynovun “Tütək səsi” kinofilmində, povestində bu fenomen geniş şərh edilir.
***
Mövzu ətrafındakı fikirlərimi bu dəfə Elçin Şıxlının özüylə bölüşdüm. Aldığım cavab həqiqətən heyrətamizdi:
- Atamın bir dəfə qara kağızı Şıxlıya gəlmişdi. Qohumlarımız o gündən qan-yasa batmışdılar. Ocağa gedib, elə hey atamı səsləyərdilər. Bir də görürlər ki, bəs uzaqdan qaraltı gəlir. Sonrasını day danışmıram. Sonrasını “Tütək səsi” filminin son kadrlarında görsəz yaxşıdı...
- Demək, sizlərdə bir ölməzlik var, eləmi? Nisbi mənada əlbəttə...
- Nə bilim...- Elçin Şıxlı, bir an öz daxilinə çəkilir. Xəyallarında Şıxlı ocağına qayıdır bəlkə də. Arada kövrəlib dərindən udqunmağı diqqətimdən yayınmır.
- Növbəti sualımı qorxa-qorxa, çəkinə-çəkinə səsləndirirəm:
- Bakılılar demiş, Nizami kinoteatrının 22 sırasından görünən pedaqoq, müəllim istedadı duyulur sizdə. Atanız müəllim, babanız Qəhrəman Şıxlinski, Qori müəllimlər seminariyasının məzunu.
Elçinin sualıma cavabı, tam gözlənilməz olur bu dəfə də mənimçün.
- Düzü, mənimçün ölməzlik fenomeni, nəsildən nəslə ötürülən bax bu pedaqoq istedadımızdadır. Azərbaycanda maarifçiliyin qələbəsini təmin edənlərin sırasında Şıxlılar həmişə ön sırada addımlayıblar. Özümü də həmişə onların arasında hiss edərəm. Hesab edirəm Qori müəllimlər seminariyasının təcrübəsinə indi də ciddi ehtiyac mövcuddur.
***
Akvariumdakı balıqlara bu dəfə birlikdə yem verdik. Balıqlar mənə çox tez alışdılar. Sonrakı söhbətlərimiz, mövzudan kənardı deyə onları day diqqətinizə çatdırmıram. Balıqlarla danışanlar isə, bilin, sükut dilinə də dərindən bələd olurlar.
Elçinlə həm bu dildə danışdıq, həm də öz dilimizdə.
Hər iki dildə eşitdiklərim doğrudan da çox maraqlıydı.
Həmid HERİSÇİ
