|
"FHN polkovniki" 6050 manat rüşvət aldı

Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edən rəis rüşvət almaqda ittiham olunur. İttiham tərəfi onda bunu sübut edəcək səs yazılarının olduğunu deyir.

Ucar şəhəri, Vaqif küçəsi, ev 13-də yaşayan İsmayıl İsrayıl oğlu Kərimov virtualaz.org saytının redaksiyasına müraciət edərək “FHN zabiti tərəfindən aldadıldığını” bildirib.

İsmayıl Kərimov özünü “FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik Əlövsət Məhərrəmov” kimi təqdim edən şəxsin onlardan bacısı oğlu Rauf Mehdiyevi işə düzəldəcəyi vədi ilə 6050 manat pul aldığını söyləyir.

Şikayətçinin sözlərinə görə, “polkovnik Məhərrəmov” R.Mehdiyevi FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ucar rayon şöbəsinə düzəldəcəyi vədini verib. Bununla da onlardan 6050 manat alıb.

İsmayıl Kərimov saytımıza açıqlamasında pulun Ə.Məhərrəmova üç dəfəyə verildiyini söylədi: “İlk danışığımız ötən ilin aprelində olub. Bacım oğlunu FHN-ə işə düzəldəcəyini demişdi. Qayınatam 3500 manatı şəxsən özü Əlövsət Məhərrəmova verib. Sonradan isə 250 manat və 2300 manatı Əlövsət Məhərrəmova bacım oğlu Rauf Mehdiyev verib. Məhərrəmov özünü bizə FHN-in Mülki Müdafiə Komissiyasının rəisi, polkovnik kimi təqdim edib”.

İ.Kərimovun sözlərinə görə, Ə.Məhərrəmov onlara deyib ki, əvvəlcə 2-3 aylıq kurs olacaq, bundan sonra isə Raufun FHN-ə işə düzəlməsi ilə bağlı əmr veriləcək: “Təxminən 3 aya yaxın vaxt keçdi. Bacım oğlu Rauf kursa da gedirdi. Biz və bacımgil rayonda oluruq. Rauf Bakıda kursa gedirdi. Bacım oğlu ali təhsilli deyil. Əlövsət Məhərrəmov Raufa deyib ki, gəl səni Ukraynaya universitetə düzəldək, oradan diplom alandan sonra səni zabit kimi işə düzəldərik, sıravi işçi kimi getmə. Məhərrəmov Raufdan buna görə də təhsilhaqqı kimi 2350 manat ödəniş tələb edib. Biz razılaşdıq. İnanın ki, biz bu məbləğin 50 manatını düzəldə bilməmişdik. Əlövsət Məhərrəmov özü cibindən 50 manat çıxarıb üstünə qoyaraq bu pulu ödəyib. 2300 manatı Rauf özü Əlövsət Məhərrəmovun Dövlət Dəmiryolu Xəstəxanasının həyətindəki ofisində görüşərək ona vermişdi”.