|
Türkiyənin yeni səfiri gələn həftə Bakıya gəlir
Türkiyənin Azərbaycana təyin olunmuş yeni səfiri Erkan Özoral gələn həftə Bakıya gələcək və fəaliyyətə başlayacaq. Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz “Yeni Müsavat”ın sualına cavabında deyib. 

Aldığımız məlumata görə, səlahiyyət müddəti başa çatmış sabiq səfir İsmayıl Alper Coşqun isə cümə günü Azərbaycanı tərk edəcək. Qeyd edək ki, İ.A.Coşqun bundan sonra digər 11 sabiq səfirlə bərabər Türkiyə XİN-də çalışacaq. Yeni səfir daha əvvəl əvvəl Türkiyə XİN-də baş direktorun müavini vəzifəsində çalışıb.
 
Qardaş ölkənin diplomatı üçün Azərbaycan yeni ölkə deyil. Belə ki, 45 yaşlı Erkan Özoral 2007-2008-ci illərdə Bakıdakı səfirlikdə çalışıb. O zaman böyükelçiliyin müstəşarı (aparat rəhbəri) vəzifəsini daşıyan və ölkəmizə kifayət qədər bələd olan cənab Özorala Azərbaycanda çalışmaq elə də çətin olmayacaq.   
 
Yeri gəlmişkən, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub. Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.  Məlumata görə, yeni hərbi attaşe briqada generalı Zəfər Ocaqdır. O, yaxın vaxtlarda Azərbaycana gələrək vəzifəsinin icrasına başlayacaq. Qeyd edək ki, Türkiyənin Azərbaycandakı hərbi attaşesi briqada generalı İhsan Başbozqurd avqust ayında yaş həddi ilə əlaqədar Silahlı Qüvvələrdən ehtiyata buraxılıb.
musavat