|
Siyasətçilər üçün canlı yayım “bombası” Facebook imkan yaradır, onlar isə imtina edir
“Facebook” sosial şəbəkəsi birbaşa videoyayım xidmətini bütün istifadəçiləri üçün əlçatan edib. Artıq facebookda hesabı olan istənilən şəxs canlı yayıma qoşulub öz sözlərini, mesajlarını dostlarına, eləcə də dostluğunda olmayanlara (əgər həmin videonun hər kəs üçün açıq olması funksiyasını yükləsə) çatdıra bilər.

Bu servis 2015-ci ilin avqust ayından işə düşüb, ancaq bu xidmətdən yalnız məşhur insanlar istifadə edə bilirdilər. Canlı yayımlara üzvlərin xəbər lentində baxmaq olurdu. İndi isə hər kəs üçün əlçatandır.
 
Yeri gəlmişkən, Twitter kompaniyası da 2015-ci ilin mart ayında birbaşa videoyayım servisini işə salmışdı.
 
Hazırda isə facebookda canlı yayım xidməti xeyli populyardır. İnsanlarımız daha çox toy, nişan, ad günü mərasimlərindən canlı yayım videoları yerləşdirməyə üstünlük verirlər. Halbuki bu xidmət Azərbaycan kimi, azad televiziyaların olmadığı bir ölkədə ələdüşməz fürsət kimi qiymətləndirilməlidir. Təsəvvür edək ki, olduqca tanınmış ictimai-siyasi fiqurun dostluğunda 5000-ə yaxın şəxs, bir o qədər sayda da izləyicisi var. Bu isə artıq bir status, bir video ilə eyni vaxtda 10 min nəfərə nüfuz etmək deməkdir.

Həmin videolar ictimai-siyasi baxımdan əhəmiyyət kəsb edirsə, onun saytlar tərəfindən tirajlanacağı, daha çox auditoriyaya çatdırılacağı da şübhəsizdir. Bu halda gerçəkdən də ciddi bir çatımlılıqdan söhbət gedir. Çünki belə bir imkan insana sanki şəxsi televiziya kanalı yaratmış əhvalı verir.
 
Sosial şəbəkədə canlı yayım imkanı insanlara geniş meydan versə də, bunun neqativ tərəflərini də unutmaq olmaz. Azad məkanda heç də hər kəs normal, ölçülü davrana bilmir. Belə ki, canlı yayım funksiyasından yararlanıb, terrora çağırış da etmək olar, insanları təhqir də, başqa neqativ hərəkətlər də. Bu məqam da sözügedən funksiya barədə təmkinli davranmağı vadar edir.
 
Amma biz məsələnin müsbət tərəflərindən bəhs edək. Çünki yuxarıda da qeyd etdiyimiz kimi, bu, Azərbaycan kimi bir ölkədə auditoriyaya sözünü çatdırmaq istəyən insanlar üçün xüsusi fürsətdir. Xüsusən də siyasətçilər facebookun bu xidmət növündən səxavətlə yararlana, öz bəyanatlarını, xalqa müraciətlərini bu formada, canlı-canlı, isti-isti çatdıra bilərlər. Baxmayaraq ki, bizim yerli siyasətçilər arasında hələ də sosial şəbəkənin xidmətindən istifadə etməyənlər var. Onlardan bir neçəsi ilə bu barədə danışıb, sözügedən yeniliyin onları sosial şəbəkəyə gətirmə şansından bəhs etdik.
 
AXP lideri Pənah Hüseyn hesab edir ki, bu, virtual məkanda yeni mərhələdir. Müsahibimizin sözlərinə görə, sosial şəbəkədə canlı yayımın keyfiyyəti də get-gedə yaxşılaşır: “Amma ölkədə sürətli internet məsələsi istifadə olunmalıdır. Ondan sonra daha yüksək keyfiyyətdə olacaq. Bunun böyük gələcəyi var. Facebook fəalları var, ölkədə yeni KİV forması yaranmaqdadır. Bir neçə proqra yaradıb, müəyyən məsələləri canlı müzakirə etmək maraqlı ola bilər”.

P.Hüseyn dedi ki, bu, hansısa formatda əvvəllər də var idi. Amma siyasətdə geniş yayılmadı. Müsahibimizin sözlərinə görə, sürətli internetin olmaması buna mane olur. Pənah bəy sözügedən xidmətin böyük gələcəyi olduğuna inanır. Özü isə sosial şəbəkəyə qoşulmaq barədə düşünür: “Bu barədə qəti qərara gəlməsəm də, düşünürəm. Bu sistemin də kommunikasiya baxımdan gələcəyi olması qənaətindəyəm”.
 
ADP sədri Sərdar Cəlaloğlu isə facebookdakı canlı yayım xidmətinin onu sosial şəbəkəyə gətirə bilməyəcəyini söylədi. Müsahibimizin sözlərinə görə, ora bəlli auditoriya daxil olur ki, bu da böyük bir nəticə deyil: “Ancaq kompüteri olanlar girir ora. Onların müzakirəsi isə çox vaxt kustar səviyyədə olur. Üstəlik, hamı eyni yolu getməli deyil ki. Facebookdan istifadə etməmək də bir seçimdir”.
Cia.az