|
“...Sözsüz ki, camaat ayağa qalxa bilər”
Milli Məclisin Regional məsələlər komitəsi iki gün əvvəl keçirilən geniş müzakirələrdən sonra ölkədəki mübahisəli torpaq məsələlərinin həll edilməsi məqsədilə 3 işçi qrup yaradıb. Aparılan müzakirələrdən bəlli olub ki, əslində bu sahədə çox ciddi problemlər var və artıq rayonların bir-birinə qarşı torpaq sahələri ilə bağlı iddiaları yuxarı səviyyələrə qədər gedib çıxıb.
 
Milli Məclis Aparatının bir sıra əməkdaşının adı var. Hacıqabul və Xaçmaz rayonlarındakı mübahisəli torpaqların araşdırılması deputat Tahir Rzayevin başçılıq etdiyi qrupa həvalə olunub. Binəqədi və Sabunçu rayonuna ayrılmış 2-ci işçi qrupunda deputat Rüstəm Xəlilov rəhbərlik edəcək. İmişli və Ağcabədi rayonlarında mövcud olan mübahisəli torpaqla görə yaradılmış 3-cü işçi qrupunun rəhbəri isə deputat Malik Həsənov olub. Deputat Tahir Rzayev “Yeni Müsavat”ın əhalini xeyli maraqlandıran bu mövzu ilə bağlı suallarını cavablandırdı. Öncə işçi qrupun yaradılmasın səbəbləri haqda danışdı:
 
- Bu gün bəzi rayonlar arasında müəyyən ərazi mübahisələri var. Hazırda respublika üzrə elektron xəritə hazırlanır. Bütün torpaqların sərhədləri dəqiqləşdirilməlidir. Bu məqsədlə də bəzi icra hakimiyyəti başçıları Milli Məclisə müraciət ediblər ki, məsələ dəqiqləşdirilsin. Ona görə də işçi qrupu yaradılıb. İşçi qrupuna deputatlarla yanaşı, İşçi qruplarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Milli Məclisin Aparatından nümayəndələr daxildir. 
 
Biz gedib yerlərdə vəziyyəti araşdırırıq, əvvəlki xəritələrə baxırıq, hansı səbəbdən torpaqların bu rayondan digərinə verilməsini araşdırırıq. O torpaqlar zəbt olunub, yoxsa əhali bilərəkdənmi, bilməyərəkdənmi gedib digər rayonun ərazisində məskunlaşıb, bütün bunlara aydınlıq gətiriləndən sonra müvafiq rayonların icra başçıları ilə görüşəndən, müzakirələr aparılandan sonra ortaq məxrəcə gələcəyik.

- Ümumilikdə neçə rayonda belə mübahisəli ərazilər var? İlkin məlumatda bu rəqəm 59-dur...
 
- 59 rayon deyil, ərazi vahidində belə mübahisələr var. Elə rayon var ki, orada 2-3 yerdə bu kimi mübahisələr hökm sürür.

- Bəzən eyni rayonun kəndləri arasında düşən mübahisəli ərazilər qan tökülməsinə belə səbəb olub...
 
- Yox, belə şey yoxdur. Biz bir neçə rayonda olmuşuq, sakinlərlə, müvafiq qurumların nümayəndələri ilə də görüşmüşük. Heç bir ciddi mübahisə yoxdur. Əslində vətəndaşlar bunu sakit qarşılayırlar. Biz kimin haqlı, kimin haqsız olduğunu müzakirə etmirik. Bu müzakirə obyekti olanda sözsüz ki, camaat  ayağa qalxa bilər. Ancaq biz deyirik ki, köhnə xəritə ilə torpaqlar bu rayonların ərazisinə daxil edilib. Sonrakı dönəmlərdə, 80-ci illərdə, ondan əvvəlki illərdə əkinçiliyi, pambıqçılığı, tütünçülüyü inkişaf etdirməkdən ötrü bir rayonun torpağı alınıb və Nazirlər Sovetinin qərarı ilə digər rayona verilib. Beləliklə, ərazi əvvəlki rayonun inzibati ərazisinin tərkibindən çıxarılıb. Xəritəni müəyyən etməkdən ötrü sözsüz ki, indi keçmişə qayıdıb onu dəqiq müəyyən etmək lazımdır.
 
- Amma bu illərdə ərazilər özəlləşmə nəticəsində kimlərinsə ixtiyarına verilib, əkilib. Belə olan təqdirdə həmin torpaqların alınması, başqa rayonun inzibati ərazisinə daxil edilməsi narazlıq yaratmayacaqmı?
 
- Özəlləşmədə heç bir problem yoxdur. Özəlləşdirilən torpaqlar və sərhədlər məsələsi tamam ayrı məsələlərdir. Bu mübahisələr daha çox dövlət torpaqları ilə bağlıdır. Bu, bələdiyyə torpaqlarına aid deyil. Ola bilsin ki, rayonların xəritəsi çəkiləndə az miqdarda belə mübahisəli vəziyyətlər yaranıb. Amma əsasən dövlət torpaqları ilə bağlı problemlər var. Amma hüquqi şəxslərə pay torpaqları ki, var, bunlara demək olar toxunulmayıb. Məsələn, Ucar və Zərdab arasında mübahisə var idi, gedib baxdıq, gördük ki, ordakı 47 hektar torpaq sahəsi heç xəritəyə düşməyib. O vaxt xəritə çəkiləndə bu ərazi tamam kənarda qalıb. İndi 47 hektarlıq torpağın mübahisəsini həll etməkdən ötrü icra başçıları, digər orqanlarla danışırıq. Təklif edirik ki, bu ərazilərin müəyyən hissəsi Zərdab rayonuna, digər hissəsi isə Ucara verilsin. Razılaşdırıldı ki, bu, daha yaxşı variantdır.
 
- Tahir müəllim, bir sıra rayonlarda münbit torpaq sahələrinin ayrı-ayrı məmurlar tərəfindən mənimsənildiyi də faktdır. Bu ərazilərin taleyi necə olacaq?
 

“Lakin bu məsələni başqa formada müzakirəyə çıxartmaq, ajiotaj yaratmaq, şouya çevirmək düz deyil”

 
- Bu, dövlət torpağıdır. Vaxtilə bu ərazilər kimlərinsə səhlənkarlığı ucbatından özəlləşdirilibsə, bunun xəritəyə dəxli yoxdur. Biz istəyirik ölkənin elektron xəritəsi dəqiq alınsın. O, tamam başqa bir mövzudur. Əgər doğrudan da hansısa bir rayonun ərazisi qanunsuz olaraq zəbt olunubsa, bunlar ciddi şəkildə araşdırılmalıdır. Bizdə belə faktlar yoxdur.
 
- Amma hətta ölkə başçısı da torpaqların qanunsuz zəbti barədə xəbərdarlıq edib...
 
- Sözsüz ki, dövlət rəhbəri bir dəfə yox, bir neçə dəfə bu barədə deyib, o barədə yerlərdə işlər aparılır. Elə hallar varsa, öyrənilir ki, bu ərazilər necə, hansı səbəbdən özəlləşdirilib. Bu faktlar varsa, aşkarlanmalıdır. Torpaq sahələri ilə bağı qanunsuzluğa yol verilibsə, belə məsələlərlə bağlı inzibati cəza tətbiq oluna bilər. Amma bizim işçi qrupunun yaranmasının məqsədi tamam başqadır.
 
- Son nəticədə bu işlərin faydası nə olacaq?
 
- Həm ölkənin qeyri-neft sektorunun inkişafı üçün lazımdır, həm də rayonların əraziləri dəqiq müəyyən olunmalıdır. O vaxt bir rayonun torpağını götürüb başqa rayona veriblər. İndi də adamlar gəlib o ərazidə məskunlaşıblar. Məsələn, Ağcabədinin torpağı Bərdə rayonuna verilib, artıq orda adamlar məskunlaşıb. İndi durub o adamları həmin ərazidən çıxartmaq da mümkün deyil. Onlarla söhbət etmək, vəziyyəti başa salmaq lazımdır. Gərəkdir ki, ərazilər dəqiq müəyyən olunsun və gələcəkdə əhali, həmçinin rayonlar arasında mübahisə predmeti olmasın.
 
- Belə başa düşdüm ki, bu vəziyyətin yaranmasına görə məsuliyyət daşıyan şəxslər cəzalandırılmayacaq, eləmi?
 
- Yox. Cəzalanma necə ola bilər ki? Xəritələr 15 il bundan əvvəl çəkilib, nələrsə üst-üstə düşüb...
 
-  Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi var idi. Həmin qurumun rəhbərliyi vəziyyətə görə məsuliyyət daşımırmı?
 
- Artıq həmin qurum ləğv olunub. Sözsüz ki, ciddi məsələlər varsa, yekunda qanunvericiliyə uyğun şəkildə məruzə olunacaq, bilinəcək ki, bu, nədir. Amma burada çox ciddi səhvlər yoxdur. Elə rayonlar var ki, 5 hektarlıq mübahisə var. Yaxud biz Zərdab, Ucar və Ağdaş arasında qəbiristanlıq mübahisəsi var idi. Zərdab deyir ki, qəbiristanlığın ərazisi bir neçə hektardır, bizə verilsin, Ucar da, Ağdaş da eyni sözü deyirdi. Baxıb gördük ki, bu ərazi tarixən Ağdaşa məxsus olub. Burada həm Zərdabın Seyidlər kəndi öz ölülərini dəfn edir, həm də Ağdaşın bir kəndinin əhalisi bura gəlir. Oturub söhbət etdik ki, axı, kəndlilərin burada hər hansı mübahisəsi yoxdursa, onda niyə problem yaransın? Hər iki kənd bu qəbiristanlıqdan istifadə edir. Xəritə ilə ərazi Ağdaşa aid olub, elə bu şəkildə də saxlansın. Razılaşdıq, mübahisə aradan qalxdı.
 
- İndiyə qədər neçə rayonda mübahisələr aradan qalxıb?
 
- Hardasa 7 rayonda torpaq mübahisəsi həll olunub. Bundan sonra digər rayonlara da gedəcəyik. Sözsüz ki, bu problemlər öz həllini tapmalıdır.  Bu, adamların rahatlığı üçündür, həm də dövlət əhəmiyyətli məsələdir. Hər bir adamın həyəti varsa, onun çəpəri, sərhədləri məlum olmalıdır. O cümlədən hər bir kəndin, rayonun da sərhədi müəyyən edilməlidir. Bu, çox vacib bir məsələdir. Eyni zamanda bu, həssas yanaşma tələb edir. Lakin bu məsələni başqa formada müzakirəyə çıxartmaq, ajiotaj yaratmaq, şouya çevirmək düz deyil.  Bəziləri yerlərdə də nə isə atmaca atirlar ki, “niyə belə olub?” Olub da indi, olub. 30-40 il bundan əvvəl olub. Yaxud torpaq islahatı gedəndə xəritəni çəkiblər, bu kəndin 5 hektarı o biri kəndə düşüb. Gərək bu səhvlər aradan qalxsın.
Cia.az