Ekoloji problemlərin həlli və ətraf mühitin mühafizəsi istiqamətində daha bir mühüm dövlət sənədi qəbul olunub.
İki gün əvvəl prezident İlham Əliyev “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017–2020-ci illər üçün Milli Strategiya”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Milli Strategiyanın mətninə görə, sənədin (http://azertag.az/store/files/SARIYYA/PROQRAM%20-%20BIOMUXTALIFLIK%202016-2020.pdf) əsas məqsədi bioloji müxtəlifliyin qorunması və gələcək nəsillərə çatdırılması, genetik ehtiyatlardan səmərəli istifadə, ekoloji tarazlığın tənzimlənməsi, ekoloji maarifləndirmənin həyata keçirilməsi, endemik flora və yerli fauna növlərinin bərpası, xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin artırılmasıdır.

Strategiyanın prioritet istiqamətlərinə gəlincə, bura bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı əhalinin maarifləndirilməsi, ekoloji biliklərin inkişaf etdirilməsi, monitorinq sisteminin təkmilləşdirilməsi, genetik müxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin səmərəli idarə edilməsi – milli parklar, qoruqlara yeni ərazilərin əlavə olunması, bioloji müxtəliflik sahəsində hüquqi qanunvericiliyin təkmilləşdirilməsi, cəmiyyətin bioloji müxtəlifliyin qorunmasında aktiv cəlb olunması, institusional potensial – qurumlar və QHT-lərlə iş aparılması daxildir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması departamentinin baş mütəxəssisi Rəşad Allahverdiyevin virtualaz.org-a verdiyi məlumata görə, Azərbaycan BMT-nin "Bioloji müxtəliflik haqqında" Konvensiyasına qoşulduğundan Strategiya konvensiyanın öhdəliyi olaraq qəbul edilib. Onun sözlərinə görə, Strategiyanın hər bir prioritet istiqaməti altında milli hədəflər dayanır.

“Hər bir prioritet istiqamətin arxasında bizim milli hədəflərimiz var. Məsələn, bioloji müxtəliflik və ekosistem xidmətləri ilə bağlı cəmiyyətin maarifləndirilməsi prioritet istiqaməti altında bizim milli hədəfimiz 2020-ci ilə qədər bioloji müxtəliflik və ekosistem xidməti ilə bağlı məsələlərin təhsilin bütün pillələrində öz əksini tapmasıdır. Bu dərsliklər vasitəsilə, şagirdlərlə və universitet tələbələri ilə iş zamanı öyrədiləcək. Daha sonra bura cəlb olunan institusional qurumlar, məsələn, Təhsil, Ekologiya və Kənd Təsərrüfatı nazirlikləri bir yerdə fəaliyyət göstərərək hədəfə nail olmaq üçün işlər aparacaqlar”-R.Allahverdiyev bildirir.
Strategiyanın vacib istiqamətlərindən biri də ekoloji problemlərin həll olunması ilə bağlıdır. Sektor müdirinin sözlərinə görə, bunun üçün ilk növbədə ekoloji problemlərin qiymətləndirilməsi həyata keçiriləcək. Hər hansı ekoloji problem, məsələn, bioloji müxtəlifliyin azalması və ya çirklənmə fonunda problemlər araşdırılaraq qiymətləndiriləcək.
“Əgər hər hansı problem olarsa, aidiyyati dövlət qurumları bu işə cəlb olunacaq, komissiya təşkil olunacaq. Komissiyanın rəyi əsasında hər hansı fəaliyyət nəzərdə tutul bilər. Strateji sənəd olduğuna görə, burada konkretləşmə apara bilmirik”, - deyə R. Allahverdiyev bildirib.
Komissiyanın tərkibinə gəlincə isə, R. Allahverdiyev bildirdi ki, bura Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Elmlər Akademiyası və sair strategiyada adları qeyd olunan qurumların nümayəndələri də daxil olmaqla bu sənədin icrası ilə bağlı orqan yaradılacaq və o, fəaliyyətlərin icra olunma statusuna nəzarət edəcək. O, həmçinin hansı proqreslərin əldə olunduğunu və hansı işlərin görülməli olduğunu müəyyən edəcək.

R. Allahverdiyev hesab edir ki, yeni Strategiyanın hazırlanması ilə ciddi dəyişikliklərin olacağı gözlənilir:“İstənilən belə sənəd ölkənin bioloji müxtəlifliyinə müsbət təsir göstərməlidir. İlk növbədə ona görə ki, artıq bizim əlimizdə yol planı var. Bilirik ki, 2020-ci ilə qədər biz hansı nəticələrə çatmalıyıq. Bu Azərbaycan üçün önəmli sənədlərdən biridir. Hər bir dövlət üçün belə Strategiyanın qəbulu öhdəlikdir. Çünki biz sənədimizi bioloji müxtəliflik konvensiyasının öhdəliyi olaraq qəbul etmişik. Burada artıq qarşımıza konkret məqsədlər qoyulub və onlara çatmalıyıq”.
Nazirlik nümayəndəsi deyib ki, sənəddə qarşıya qoyulmuş vəzifələr Azərbaycanın dövlət büdcəsi, qrantlar, ətraf mühit fondları, mikrokreditlər, beynəlxalq zonaların maliyyə qurumlarının vəsaitləri ilə maliyyələşəcək. Strategiyanın icra müddətinə gəlincə isə, R. Allahverdiyev bildirdi ki, artıq bu ildən icraya başlanılıb. Milli Strategiyanın aktiv hesabat fazası isə gələn ildən başlayacaq.
cia.az
