|
Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi sentyabrda 29 faiz artıb
Bu ilin sentyabr ayında Heydər Əliyev Beynəlxalq Hava Limanı 365 min sərnişinə xidmət göstərmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 faiz çoxdur.
 
Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, ümumilikdə, 2016-cı ilin ötən doqquz ayı ərzində Bakı hava limanı 2,5 milyon sərnişinə xidmət göstərmişdir. Onlardan 1,5 milyon nəfəri  AZAL aviaşirkətinə üstünlük vermişdir. Bu, ötən ilin sentyabr ayı ilə müqayisədə 13 faiz çoxdur.
 
Bu müddət ərzində hava limanının yük terminalları vasitəsilə 11,4 milyon ton yük daşınıb.  
 
"Azərbaycan Hava Yolları"-nın Naxçıvan və Gəncəyə daxili uçuşları ilə 431 min sərnişin daşınmışdır ki, bu da ümumi sərnişin dövriyyəsinin 15 faizini təşkil edir. 
 
Beynəlxalq istiqamətlər üzrə ən çox tələbat əvvəlki kimi Bakıdan İstanbula, Moskvaya, Dubaya və Kiyevə olub. Xaricə gedən sərnişinlərin ümumi sayının 38,3 faizi onların payına düşür. 2016-ci ildə ən məşhur istiqamətlərin siyahısına həmçinin Antalya, Tehran və Tbilisi daxil olub. Bu il sərnişinlərin böyük axını İraqın Bağdad, Bəsrə və Ən-Nəcəf şəhərlərindən müşahidə olunub. Onların ümumi sayı təxminən 60 min nəfər təşkil edib. 
 
2016-cı ildə Pegasus, Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo və Komaviatrans aviaşirkətləri Azərbaycana uçuşlara  başlayıb. 
 
Bildirilir ki, qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə (30 oktyabr) Rusiyanın "Pobeda" lou-kosteri (Rostov-Bakı) və İranın Mahan Air aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlara başlayacaq.
cia.az