|
Gürcüstan iqtisadiyyatının inkişafının sirri
Son 10 ildə Gürcüstan iqtisadiyyatı nəzərəçarpacaq dərəcədə sürətlə inkişaf edir. Xüsusilə Mixail Saakaşvilinin 2004-cü ildən etibarən qonşu ölkəyə rəhbərlik etməsindən sonra iqtisadiyyat sıçrayış mərhələsinə qədəm qoyub. Onun 3 il öncə rəhbərlikdən getməsi də qoyduğu sistemin yaşamasına əngəl olmadı.

2017-ci il proqnozuna görə, qonşu ölkə ilə Azərbaycanın adambaşına düşən büdcə xərcləri eynidir. Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev maraqlı açıqlama verib. O bildirib ki, indiyədək fikirləşirdim ki, hazırkı inkişaf tempi ilə Gürcüstanla Azərbaycan arasında iqtisadi fərqləri daha aşkar formada 2020-ci ildən sonra hiss etmək mümkün olacaq:“Amma proses çox sürətlidir: bu fərqləri artıq indidən qabarıq görməyə başladıq. 2017-ci il yanvarın 1-dən orta məktəbdə ən az maaş alan praktikant müəllimlərin məvacibi 257 USD, müəllimlərin maaşı 414 dollar, aparıcı müəllimlərin əmək haqqı 343 dollar olacaq. Bu hazırkı məzənnə ilə 420-670 Azərbaycan manatına bərabərdir. Azərbaycanda isə orta məktəb müəllimlərinin ən azı 70%-nin əmək haqqı 250 manatdan azdır. Orta maaş isə 300 manata çatmır”.
 
Ekspert başqa bir maraqlı məqamı da toxunub: “2017-ci ilin proqnozuna görə, Azərbaycanda və Gürcüstanda adambaşına büdcə xərcləri eynidir: təxminən 1000 dollar. Halbuki 5-6 il öncə Azərbaycanda adambaşına büdcə xərcləri 2500 dollara çatırdı, Gürcüstanda isə 500 dollar ətrafında idi. Onların qatarı sürətlə irəli, bizimki isə geriyə gedir. Azad sahibkarlığın dayaq olduğu iqtisadiyyatın fərqi budur”.
 
Image result for Natiq Cəfərli
 
Əslən Gürcüstandan olan iqtisadçı-ekspert Natiq Cəfərli gürcü iqtisadiyyatının inkişaf səbəblərini belə izah etdi: “Gürcüstanda qanunun aliliyini, məhkəmə hakimiyyətinin müstəqilliyini, hüquq-mühafizə orqanlarının müəyyən çərçivə şəklində işləmələrini təmin edərək, ondan sonra iqtisadi islahatlara başladılar. Bu proses 2004-cü ildən başladı. Saakaşvilinin gəlişi inkişafa bir təkan verdi. Artıq 12 ilə yaxındır ki, Gürcüstan bu yolla gedir. Sivil dünya onu sübut edir ki, iqtisadiyyatda inkişaf üçün mütləq məhkəmənin müstəqilliyini, qanunun aliliyini, mülkiyyət toxunulmazlığını təmin etməlisən. Gürcüstanda bunlar təmin olunandan sonra ölkəyə investisiyalar gəldi, iqtisadiyyatın inkişafı üçün münbit şərait yarandı. Diqqət yetirsək görərik ki, Gürcüstan güclü olduğu sahələrdə ciddi irəliləyiş əldə edib. Məsələn, şərab və spirtli içkilərin ixracatından təqribən 500 milyon dollara yaxın gəlir götürür. Ölkənin xarici siyasətində bu bölümün rolu kifayət qədər yüksəkdir. Mineral sularda çox ciddi irəliləyiş var. Təqribən 270-280 milyon bu ixracatdan gəlir götürür. Çox böyük nəticədir. Kənd təsərrüfatında son illərdə 5 dəfəyə qədər artım müşahidə olunub. Bu da ölkəyə ciddi valyuta gətirir. Bunlardan əlavə, turizm Gürcüstanda əsas gəlir sahələrindən birinə çevrildi. Son məlumatlara görə, son illərdə təqribən 5.5 milyona yaxın turist ölkəyə gəlir. Günə 16 min turist düşür. 
 
 
Hər turistin xərcini 500 dollarla götürsək, milyardlarla gəlir əldə olunur. Bu sahəni Gürcüstan inkişaf etdirməyi bacardı. Bunun yolları əslində qalsa sadədir. Bunun üçün böyük biliyə və bacarığa sahib olmaq lazım deyil. Gürcüstan bu istiqamətdə nə etdi?
 
İlkin olaraq vizaları ləğv etdi. 108 ölkədən turistlərin vizasız gəlməsinə icazə verdi. Bundan əlavə, ucuz uçuş üçün 12 şirkətin gürcü bazarına daxil olmasına şərait yaratdı. Gürcüstan Avropaya getmək 50-60 avro təşkil edən uçuşlar təşkil etdi. Azərbaycan, Ermənistan bu dəqiqə Gürcüstan üzərindən Avropaya daha çox gedirlər. Bunun nəticəsində iqtisadiyyatın inkişafının təməli qoyuldu. Problemlər yenə də var. Bunun tamamilə aradan qalxması mümkün də deyil. Böyük investisiyaların Gürcüstana gəlməsi üçün hökumət böyük işlər aparır. Yaxınlarda Çinlə böyük layihələrə imza atıldı. Yaxın 5 ildə təkcə Çin tərəfindən Gürcüstana 5 milyarda yaxın investisiya qoyulacaq.
 
Bundan əlavə, Amerikanın regionda ən çox real sektora investisiya qoyduğu ölkə Gürcüstandır. Son 10 ildə 4 milyard investisiya ABŞ tərəfindən qoyulub. Gürcüstan investisiya cəlb edən ölkələr sırasında ilk 20-likdədir. Postsovet məkanında bu sahədə birinci yerdədir. Bunun nəticəsində çoxşaxəli inkişaf mərhələsinə qədəm qoydu. Bu yolla da inkişafa doğru gedir. Təsəvvür edin ki, dünyanın istənilən yerindən internet üzərindən Gürcüstanda şirkət qeydiyyatdan keçirmək mümkündür. Yəni orada olmadan da bunu həyata keçirmək olar. ”Qızılgül inqilabı" bu günkü Gürcüstanın inkişafının əsasını qoydu".

İqtisadçı-ekspert Azərbaycanın hələ də regionda lider ölkə olduğunu bildirdi: “Təəssüflər olsun ki, getdikcə belə mənzərə yaranır. Amma əhalinin sayına və ümumdaxili məhsula görə Azərbaycan hələ də regionun lider ölkəsi olaraq qalır. İqtisadi göstəricilərimiz dayanıqlı deyil. Buna görə mövqelərimizi getdikcə itiririk. Bu ilin ilk 8 ayında Azərbaycanda ümumdaxili məhsulda 3.5-4% azalma müşahidə olunur, amma Gürcüstanda 3% artım var. Yəni gürcü iqtisadiyyatı artan xətlə gedir, amma Azərbaycan iqtisadiyyatı getdikcə kiçilir. Üzümüzə gələn bir neçə ildə Gürcüstanın Azərbaycandan daha çox ümumdaxili məhsul istehsal etməyə, orta aylıq əmək haqqında, təqaüdlərin həcmində bu gedişlə Azərbaycanı qabaqlayacaq. Ən azından Azərbaycan velosiped kəşf etmədən, Gürcüstan modelinə bənzər bir tranzit modeli hazırlamalıdır”.
musavat