Suriya böhranı yeni və daha təhlükəli mərhələyə qədəm qoyub. Ən təhlükəlisi isə ABŞ və Rusiya maraqlarının heç vaxt olmadığı qədər toqquşma həddinə gəlməsidir. Bu ziddiyyətlər xüsusən də strateji əhəmiyyətli Hələb şəhəri uğrunda Moskvanın dəstəklədiyi Bəşər Əsəd qüvvələri ilə ABŞ-ın müdafiə elədiyi müxalif silahlı qüvvələr arasında gedən amansız mübarizədə özümü qabarı büruzə verməkdədir.
Bəlli olduğu kimi, iş o yerə çatıb ki, dinc əhaliyə humanitar yardım aparan karvanı Rusiya aviasiyası bombardman edib. Bundan sonra atəşkəs rejimi haqda anlaşma tamamilə qüvvəsini itirdi, hətta ABŞ Rusiya ilə danışıqları dayandırdığını bəyan elədi, Moskvaya qarşı yunu və daha sərt sanksiyaların qəbul ediləcəyinin anonsu verdi. Bu xüsusda Dövlət Departamentinin rəsmisi Con Kibri artıq ABŞ-ın səbrinin tükəndiyini bildirdi. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə cavabında bildirdi ki, Vaşinqton Suriya üzrə əldə olunan razılaşmanı yerinə yetirməyib və məsuliyyəti üzərindən atmağa çalışır.
***
Maraqlıdır ki, bu gərginlik fonunda üstəlik, Rusiyada iki Amerika diplomatını zəhərlənməsi xəbəri yayılıb. Xəbərə görə, ABŞ-ın diplomatik pasport daşıyan iki rəsmisi ötən il Rusiyada bir konfrans zamanı zəhərləməyə çalışıblar (Virtualaz.org). Rəsmilər bunu Rusiyanın Amerika diplomatlarına qarşı daha geniş, artan qısnama kampaniyasının bir hissəsi olduğunu deyirlər.
Hadisənin ötən ilin noyabrında Sankt-Peterburqda BMT-nin antikorrupsiya konfransı çərçivəsində bir oteldə baş verdiyi deyilir.
Olay Amerika Dövlət Departamentinin narahatlığına səbəb olub, qurum Moskvaya sakitcə etirazını da bildirib. Amma Vaşinqton rəsmiləri noyabr hadisəsinə bu ilin iyununda baş vermiş dramatik insidentdən sonra yenidən baxıb, bunun müəyyən bir kampaniyanın tərkib hissəsi olması qənaətinə gəliblər. Belə ki, iyunda Moskvadakı ABŞ səfirliyi qarşısında bir amerikalı diplomat mühafizəçi tərəfindən döyülüb. Departamenti bildirir ki, son iki ildə Rusiyada amerikalı diplomatlara qarşı təqib kampaniyası gedir.

Bu arada - vəziyyətin kritik şəkil aldığı məqamda Amerika diplomatiyasının “ağır topu” sayılan, dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın təcili Moskvaya uçacağı xəbəri də yayılıb. Məlumata görə, V.Nuland Moskvaya Brüsseldən gələcək. Lakin onun Rusiyanın rəhbər şəxsləri ilə görüşləri bu günə nəzərdə tutulub. Heç şübhəsiz, əsas müzakirə mövzusu Suriya böhranı, bu böhrandan çıxış imkanları, iki qlobal gücün toqquşmasından yayınmaq yolları olacaq.
***
Siyasi və hərbi ekspertlər də vəziyyətin ciddiliyinə diqqət yönəltməyə, hətta böyük müharibə haqda xəbərdarlıqlar etməyə başlayıblar.
“Suriyada ABŞ və Rusiya arasında hərbi münaqişə mümkündür”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu fikirlə hərbi politoloq, Q.V. Plexanov adına Rusiya İqtisadi Universitetinin sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiyev çıxış edib.
“Təəssüf ki, Suriyada Rusiya və ABŞ arasında hərbi münaqişəsi mümkündür. Bu, həm də dolayısi ilə artıq baş verib: Rusiya tərəfi terrorçuları bombalayırdılar, amma bazada amerikalılar olub. Amerikalılar Suriyanın hökumət qoşunlarının bölmələrinə atəş açır və bombalayırdılar, amma orada bizim hərbi məsləhətçilərimiz var idi”, - ekspert bildirib.
Analitik yaranmış vəziyyəti ciddi adlandırıb. Bununla belə, onun fikrincə, qlobal hərbi münaqişədən və Rusiya ilə Amerika silahlı qüvvələrinin birbaşa toqquşmasından qaçmaq mümkündür: “Ümid edirəm ki, birbaşa hərbi toqquşma olmayacaq. Rusiya-Amerika danışıqlarının əsas məqsədi hərbi toqquşmaya icazə verilməməsi olmalıdır”.
***

“Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər”. Bu sözləri sabiq dövlət müşaviri Qabil Hüseynli deyib (Axar.az). Rusiya-ABŞ rəqabətinin xüsusilə Suriyada pik həddə çatdığını deyən politoloq iki ölkə münasibətlərinin tam qarşıdurma səviyyəsində olduğunu bildirib: “Rusiya Amerikanın hegemonluq siyasətinə qarşı dayandığını bildirsə də, əslində, vəziyyət heç də göründüyü kimi deyil. ABŞ Rusiyaya qarşı fövqəladə tədbirlərini davam etdirir: bunlar sanksiyalar və Suriyada hərbi əməliyyatlar şəklində ola bilər.

Hərbi əməliyyatların Amerika qoşunları tərəfindən həyata keçirilməsi mütləq deyil, bunu Vaşinqtonun bölgədəki tərəfdarları da yerinə yetirə bilər. ASO və kürd peşmərgələrinin istənilən zaman Rusiyanın bazasına terror hücumları Rusiyanın Suriyadan vurulub çıxarılmasına, ən son nəticədə isə Amerikanın Bəşər Əsədlə haqq-hesabı çürütməsinə gətirib çıxara bilər. Moskva isə Əsədə toxunulacağı təqdirdə bunun dünya müharibəsinə səbəb olacağını bildirir. Tərəflər hədsiz təhdidedici bəyanatlardan çəkinmirlər. Görünən odur ki, Səudiyyə da daxil olmaqla, ərəb ölkələrinin əksəriyyəti, eləcə də bir sıra Avropa ölkələri Rusiya və İranın Suriyadan çıxarılması istiqamətində müəyyən addımların atılmasını həm BMT, həm də konkret hərbi hərəkətlər səviyyəsində həyata keçirmək niyyətindədir”.

Vəziyyətin kritik olduğunu söyləyən politoloq əlavə edib ki, yaxın zamanlarda Rusiyaya qarşı sanksiyaların yeni dalğasının şahidi ola bilərik: “Üstəlik, Suriyada rus qoşunlarına müxtəlif hücumlar da istisna deyil. Düzdür, ruslar ASO-nu dənizdən ballistik raketlərlə vuracaqları ilə təhdid edirlər. Ancaq hər halda vəziyyət Kremlin düşündüyü qədər sadə deyil. Proseslər Rusiya və İranın əleyhinə işləyir. Çünki Səudiyyə də Suriyada nəinki fəaliyyətini artırır, Ər-Riyadı təmsil edən müsəlman ittifaqını da gücləndirir. Dünya hazırda çox gərgin dövrünü yaşayır. ABŞ və Rusiya arasında kəskin, barışmaz xarakter alan münasibətlər böyük fəlakətlərlə nəticələnə bilər. III Dünya savaşı heç bir dövlət üçün arzulanan deyil”.
***
Beləcə, Suriya diktatoru Bəşər Əsədin hakimiyyət hərisliyi nəinki öz xalqını və ölkəsini fəlakətə sürükləyib, artıq həm də dünyanı böyük fəlakət astanasına gətirib. Onu da yaddan çıxarmaq olmaz ki, böhrana artıq Türkiyə də cəlb olunub - qardaş ölkənin qoşunları da burada Əsəd rejiminə və İŞİD-ə qarşı ASO tərəfdə hərbi əməliyyatlarda iştirak edir.
musavat
