ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Daniel Bayer “Amerikanın səsi” radiosuna və “Turan” İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanda insan hüquqları və Qərbin demokratik institutları ilə münasibətlərdən danışıb. O deyib ki, ATƏT-in Bakı ofisinin fəaliyyətinin dayandırılması Azərbaycan hökumətinin tələbi idi. Bu isə həm hökumət, həm də Azərbaycan xalqı üçün bir itkidir.
“Bildiyiniz kimi, ATƏT-in Azərbaycanla konstruktiv işini ATƏT-in tərkibindəki qurumların və onun Vyanadakı Daimi Şurasında iştirakı formasında davam etdiririk. Bununla yanaşı inanırıq ki, ATƏT-in Azərbaycandakı missiyası Azərbaycan hökuməti və xalqına, həmçinin regionun təhlükəsizliyinə müsbət töhfə verəcək. ATƏT-in Bakıdakı fəaliyyətinin bərpası üçün Azərbaycanın atacağı addım onun ATƏT ilə əməkdaşlığa hazır olmasını göstərməsi olardı. Əgər Azərbaycan tərəfi Vyanaya gəlsə və ATƏT-in Bakıda fəaliyyətinin bərpasına hazır olduğunu söyləsəydi, Amerika Birləşmiş Ştatları bunu güclü bir şəkildə müdafiə edərdi. Daimi Şuranın Azərbaycanın xahişi ilə bağlı böyük dəstəyi olardı”, - Bayer deyib.
Səfir qeyd edib ki, Azərbaycan ABŞ da daxil olmaqla, digər ölkələr kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu (DTİHB) seçkiləri müşahidə etməyə dəvət etmək öhdəliyini götürüb. Gələcəkdə Azərbaycan hökuməti DTİHB-nin metodologiyasına və müşahidəçilərinə uyğun olduğuna əmin olmaq üçün öncədən DTİHB ilə işləsə çox yaxşı olardı: “Azərbaycan hökumətinin atacağı ən əhəmiyyətli addım gələcəkdə ATƏT-in seçki müşahidəçilərini qəbul etməkdir. Fikrimcə, həmin müşahidəçilərin ötən il seçkilərdə iştirak etməməsi təəssüfə layiqdir, çünki bu, Azərbaycan hökuməti və xalqını gedişatın necə olması və gələcəkdə nələr etməli olduqlarını bilməkdən məhrum etdi”.
Bayerin sözlərinə görə, əsas məsələ odur ki, Azərbaycan hökuməti insan hüquqlarına və Azərbaycan vətəndaşlarının əsas azadlıqlarına hörmət etməli və siyasi məhbusları azadlığa buraxmalıdır: “Ona görə yox ki, bunu Dan Bayer söyləyir, ona görə ki, bununla daha güclü, daha firavan Azərbaycan yaratmış olacaq. Amerika Birləşmiş Ştatlarının isə güclü və firavan Azərbaycanla əməkdaşlıqda uzunmüddətli marağı var”.
“Bir neçə konqresmen Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi ilə çıxış edib. Bu layihənin Konqresin gündəliyinə çıxarılması nə qədər realdır? Yaxud ”Qlobal Maqnitski Aktı" Azərbaycana da tətbiq edilə bilərmi" sualına səfir belə cavab verib: “Ümid edirəm buna ehtiyac olmayacaq. Biz insan hüquqları və əsas azadlıqları, ATƏT-in prinsip və öhdəliklərinə hörmət edilməsinə dair davamlı tərəqqi naminə dəstəyimizi göstərmək üçün Azərbaycan hökumətindəki həmkarlarımız və vətəndaş cəmiyyəti ilə diplomatik əlaqələrimizi davam etdirəcəyik”.
Səfir bir il yarım öncə xanım ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın ABŞ ilə Azərbaycanın demokratiya və insan hüquqlarının genişləndirilməsi məqsədilə hökumətlərarası birgə komissiyanın yaradılması barədə razılığa gəlindiyini, lakin həmin ikitərəfli komissiyanın planlaşdırılmasının alınmadığını deyib: “Ancaq bunun üçün əsl motivasiya hələ də qalmaqdadır. Həmin motivasiyanın məğzi isə Azərbaycanın dostu və müttəfiqi kimi bizim Azərbaycan, ABŞ və ATƏT-in digər üzv dövlətlərinin birlikdə hazırlamış olduğu öhdəlikləri yerinə yetirməyə, insan hüquqları və əsas azadlıqlarına dair irəliləyiş əldə etmək üçün konstruktiv və effektiv dialoqlar vasitəsilə Azərbaycan hökuməti ilə fəaliyyət göstərməyə davam etməyimizdir”.
ABŞ-ın ATƏT-dəki səfirinin müsahibəsindən belə nəticəyə gəlinir ki, ATƏT və ABŞ Azərbaycan hakimiyyəti ilə demokratiya məsələsində anlaşmaq, əməkdaşlığı bərpa etmək istəyindədir. Bu barədə danışan Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər bildirdi ki, bu istəyin reallaşmamasını istəyən, eyni zamanda Nulandın Bakıda razılaşdırdığı ikitərəfli komissiyanın baş tutmasın mane olan qüvvələr və səbəblər var: “Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul ediləndə xüsusi qeyd edilib ki, Azərbaycan Respublikası 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan milli azadlıq hərəkatı başlayan dövrdən Azərbaycanda demokratik hərəkat başladı. Azərbaycanın demokratik inkişafı 1990-cı ildə öz pik həddinə çatdı və nəticədə Azərbaycanın demokratik qüvvələri Azərbaycanda hakimiyyətə gəldilər və bir il ərzində ölkədə geniş demokratik islahatlara başladılar. Təəssüf ki, xarici dəstəkli 4 iyun hərbi qiyamı dövlət çevrilişi ilə başa çatdı və demokratik inkişaf qırıldı. Azərbaycanda demokratiya sahəsində geriyə getmə başladı. 1993-2003-cü illər arasında Azərbaycanda Heydər Əliyev dönəmində idarəolunan demokratiya siyasəti aparıldı. Həmin dövrdə həm ATƏT-lə, həm ABŞ-la Heydər Əliyev hakimiyyəti yaxınlaşmaq siyasəti yürüdürdü. Heydər Əliyev hətta Azərbaycanın NATO-ya üzvlüyü ilə bağlı ABŞ-la, NATO ilə danışıqlar da aparırdı. Proseslər bu dərəcədə dərinləşmişdi. Çox təəssüf ki, 2003-cü ildə - Heydər Əliyevdən sonrakı dönəm start götürəndən Azərbaycanda demokratiya sahəsində reqress - geriyə getmə başladı. Azərbaycan tədricən idarə olunan demokratiya siyasətindən imtina elədi. 2010-cu ildə parlament seçkilərində isə hətta demokratiya imitasiyasından da imtina edildi və reqres prosesi də başa çatdı. Son olaraq 26 sentyabrda referendum keçirərək Konstitusiyada məlum dəyişiklikləri etdilər. Bunları sadalamaqda məqsədim ondan ibarətdir ki, Azərbaycanda 1993-cü ildəki hərbi qiyamdan sonra reqres prosesi artıq öz məntiqi sonluğuna çatıb və avtoritar hakimiyyət formalaşıb. Bu cür hakimiyyətlərin də təbii ki, ATƏT-lə, Avroatlantik məkanla əməkdaşlıq potensialı məhduddur. Məhdud olan potensial da artıq tükənib. Buna görə ATƏT-lə, Avropa Birliyi ilə, NATO ilə, ABŞ-la münasibətlərdə Azərbaycan problem yaşamağa başlayıb. Başlıca ABŞ-la ortaq komissiyasının baş tutmamasının səbəblərindən biri budur. Digər səbəb odur ki, Azərbaycanın yerləşdiyi geopolitik məkanda hakim olan Rusiya bu məkanda heç bir keçmiş postsovet respublikasının, o cümlədən Azərbaycanın demokratikləşməsini istəmir. Çünki demokratikləşən respublika demokratik dünya ilə inteqrasiya edəcək. Rusiya və İran Azərbaycanda sahib olduqları ”beşinci kolon" vasitəsilə mümkün qədər demokratik inkişafın qarşısını alırlar, demokratik dünya ilə əməkdaşlığın olmaması üçün əllərindən gələni edirlər. Nulandla razılaşdırılmış ortaq komissiyanın da işə başlamasının mümkün olmaması bunlarla bağlıdır".
S.Əkbər vurğuladı ki, bununla belə, ABŞ postsovet məkanının demokratikləşməsini istəyir: “ABŞ-ın, ATƏT-in əməkdaşlıqda davam etmək istəklərini ortaya qoyması bununla bağlıdır. Ona görə istəyirlər ki, birinci öz maraqları var. Bilirlər ki, demokratikləşən Azərbaycan ABŞ-ın NATO-nun təbii müttəfiqi olacaq. Təbii ki, burada başqa maraqları da mövcuddur. Ona görə də Azərbaycanla anlaşmaq istəyirlər. Demokratik proseslərin tədrici, danışıqlar yolu ilə, mərhələli, iadrə olunan şəkildə getməsini istəyirlər. Həmçinin də tələb edirlər”.
musavat
