Azərbaycanda Məhərrəmlik əyyamı başlayıb. Görünən budur ki, bu il Məhərrəmlik ayı, xüsusilə də Aşura mərasimi ötən illərlə müqayisədə fərqli keçiriləcək. Səbəb də “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişilliklərdir.
Bundan əlavə, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, Məhərrəmlik ayında dini xarakterli ayinlər yalnız məscidlərdə keçirilməlidir, evlərdə toplaşmaq, küçələrə çıxmaq qanunvericiliklə yolverilməzdir. Komitə sədrinin bu fikrinə dindarlar müxtəlif aspektdən yanaşıblar. Sosial şəbəkələrdə də bu fikirlər geniş müzakirələrə səbəb olub. Kimisi bu qərarı dövlətin dinə qarışması hesab edərək qeyri-düzgün, kimisi də təhlükəsizlik aspektini əsas götürərək, doğru sayır.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, burada əslində kimsənin inancına qarışılan məqam yoxdur: “Hər kəs dini inancına görə, öz dini rituallarını həyata keçirə bilər. Dövlət də bu barədə hər hansı bir şəkildə məhdudlaşdırma və ya qadağanedici normalar müəyyənləşdirməyib. Sadəcə olaraq, hər bir hüququn gerçəkləşdirilməsi, digər şəxslərin hüquqlarına müdaxilə zəminində olmamalıdır. Hüquqda bu prinsiplə məsələlərə yanaşılır. Ona görə də bu mərasimlərin məscidin içərisində keçirilməsində məqsəd həm də kənarlardakı insanların istirahət və digər bu kimi hüquqlarının pozulmasının qarşısını almaqdır. Burada müxtəlif bayraqların qadağan edilməsi islami baxımdan da doğrudur. Çünki islamda konkret olaraq bayraq anlayışı yoxdur. Döyüşlərdə işlədilən, yaxud islamı təmsil edən xilafətlərin, sülalələrin özlərinin bayraqları var.
Bu bayraqları da hərə bir rəng olmaqla, fərqlənmək üçün götürdükləri üçün bunu islamın bayraqları kimi qiymətləndirmək doğru deyil. Qanunvercilik bütün bunları nəzərə alaraq, mərasimlərin bir qədər məhdud, qapalı çevrələrdə keçirilməsini məqsədəuyğun sayıb. Məncə, bu, normal yanaşmadır. Onu da qeyd edim ki, bütün bunlar heç bir halda inanclı insanların adət-ənənələrini yaxud da dini ayinlərini həyata keçirməyə hər hansı formada məhdudlaşdırma mənasına gəlmir”.
F.Mustafa hesab edir ki, bu hal, ölkədə radikal dini qruplaşmaların iğtişaşlar törətməsinə səbəb ola bilməz:“Kimsə iğtişaş törədəcəksə, qanunla nəzərdə tutulan qaydada ictimai asayişi pozmağa görə məsuliyyət daşıyacaq. Bu baxımdan kimsə normaları bilirsə belə, bir addım atacağını zənn etmirəm. Ancaq belə bir addımlar olarsa, ölkənin hüquq-mühafizə orqanları bu istiqamətdə ictimai-asayişin pozulmasına, xuliqanlıq və digər maddələrə görə həmin şəxsləri cəzalandıracaqlar. Əslində Məhərrəm ayında hər hansı şəkildə savaş, başqalarına, özünə xəsarət yetirmək qadağan olunur. Ona görə də güman etmirəm ki, bu mahiyyəti anlayanlar hər hansı formada iğtişaşa əl atsınlar”.
Hökumətin qərarını “Yeni Müsavat”a keçmiş sabiq təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbər də şərh etdi: “Burada iki həssas məsələ var. Birincisi, bu, dini rituallar və qaydalar çərçivəsində keçirilməlidir. İkincisi də dövlətin bu məsələlərə müdaxiləsi çox ölçülü-biçili olmalıdır. Bir tərəfdən Dini Komitə mərasimlərin dini qaydalar çərçivəsində keçirilməsinə nəzarət etməlidir, digər tərəfdən isə dövlət orqanlarının bu məsələyə yersiz müdaxiləsinə yol verməməlidir. Belə olarsa, daha düzgün yanaşma olar”.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl isə bildirib ki, təhlükə istisna olunmur: “Amma ənənəyə söykənsək, deyə bilərəm ki, Azərbaycanda Məhərrəmlik ayında, eləcə də Aşura günündə hələ indiyə qədər heç bir terror hadisəsi baş verməyib. Hesab edirəm ki, o ənənə bu il də davam edəcək”.
Qeyd edək ki, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.
musavat
