|
Fazil Mustafa: “Çadır mafiyası ölüləri, toy mafiyası da diriləri soymaqla məşğuldur”
Dəbdəbəli toy mərasimləri təkcə Azərbaycanın yox, bir çox ölkələrin problemi imiş. Virtualaz.org-da yer alan məlumata görə, Büdcə gəlirləri cəmi 1.5 milyard dollar olan, 6 milyon əhalinin yaşadığı bu ölkədə insanlar toylara və digər ziyafətlərə 3 milyard 700 milyon dollara yaxın xərc çəkilər. Azərbaycanda əhali sayının 10 milyona yaxınlaşdığını nəzərə alsaq, toylara çəkilən xərcin bundan daha yüksək rəqəmlə ifadə olunduğunu görə bilərik. Bu qədər vəsaitin restoran mafiyasına verilməsinin nə dərəcədə doğru olması isə cəmiyyətin əsas müzakirə mövzularından biridir. 
 
Azərbaycanda da kasıb-varlı hər kəs “qonşudan geri qalma” prinsipi ilə kreditə, borca girərək dəbdəbəli toy etməyə çalışır. 
 
Dəfələrlə ölkəmizdə toy məclislərində israfçılığın aradan qaldırılması ilə bağlı müzakirələr açılsa da, heç bir nəticəsi olmayıb. Əksinə zaman keçdikcə, nişan, xınayaxdı kimi xırda hadisələr də dəbdəbəli toy məclisi kimi keçirilir. 
 
“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən deputat Fazil Mustafa dəbdəbəli toy edənləri tənqid edib: “Bu yersiz toy dəbdəbəsini ortadan qaldırmaq da çox çətindir. Çünki hər bir şadlıq evinin arxasında duran qüvvələrə diqqət etsək, nə qanunvericilik baxımından bunu həyata keçirmək mümkün olacaq, nə də cəmiyyətin özünün xarakteri bunu ortadan qaldırmağa hazırdır. Çünki həddindən artıq şöhrətpərəst cəmiyyətdə yaşayırıq. Dəbdəbəli toyların keçirilməsinin günahı təkcə zəngin insanlarda deyil, həm də yoxsul insanlardadır.  İnsanlar ailə xoşbəxtliyin daha çox təmtəraqdan keçdiyini düşünür. Ona görə də bu ənənəni yığışdırmaq çətindir. Biz dəfələrlə bu məsələni qaldırmışıq ki, insanlara müəyyən mənada alternativlər verilməlidir. Əvvəllər Sovet dövründə ən azı komsomol toyları və başqa variantlar var idi. İmkanı olmayan insanlar sadə toylara üstünlük verirdilər. İsrafçılığa yol vermədən, mədəni şəkildə, çal-çağırla toy edirdilər. İndi isə bu imkanlar ortadan qalxıb. Toylar mütləq şadlıq evlərində baş tutmalıdır. Orada da səs gücləndiricilər vasitəsilə insanların sağlamlığını məhv  edir, həkimlər üçün çoxlu pasientlər hazırlayırlar. Yeməklər də insan səhhətinə mənfi təsir edir. Hesab edirəm ki. cəmiyyət bu toylara etirazını hansısa şəkildə ortaya qoymalıdır.  Təmtəraqlı toylardan imtina edilməsin yolları tapılmalıdır. Daha sadə toylara üstünlük verməyə çalışılmalıdır. Ancaq alternativlər az olduğuna görə insanların belə bir imkanı da yoxdur. Bir şadlıq evinə gedirsən baha olur, digəri nisbətən daha ucuz olur ancaq xidmətin keyfiyyəti aşağı olur”. 
 
Deputat  bu məsələnə maarifləndirmə tədbirlərinin rolunu vurğuladı: “İnsanlarda elə bir fikir formalaşdırmaq lazımdır ki, toya yemək üçün gəlinmir, iki gəncin xoşbəxtliyinə şahid olmağa gəlinir. Çox təəssüf ki, insanlar daha çox qarın otarmağa  görə toya gedirlər. lakin toydakı yeməkləri də yemək mümkün deyil.  Belə anormal bir vəziyyətdir. Azərbaycan toy adətləri vəhşilik və soyğunçuluqdan başqa bir şey deyil. Hansı cəmiyyətə göstərsən ki, bizi gözümüz görə-görə soyurlar, bütün cəmiyyətlər təəccüblənər ki, insan özünü bur cür soyğunçuluğa açıq qoyarmı?  Təəssüf ki, çadır mafiyası ölüləri, toy mafiyası da diriləri soymaqla məşğuldur. Biz bunun qarşısını almaq üçün səfərbər olunan bir cəmiyyət deyilik”. 
 
Bu məsələnin qanunla tənzimlənməsinə gəlincə, F. Mustafa bunun effekt verəcəyinə inanmadığını vurğuladı: “Qanunu qəbul etsək belə o,  öz əməyi, zəhməti ilə çörəkpulu qazanan, işçilərini güclə dolandıran şadlıq evlərinin başında çatlayacaq. İmkanı olan sahibkarlar heç vergini də ödəmirlər, onlara da heç bir qurum müdaxilə edə bilmir. Ölkədə inhisarçılıq tam mənada ortadan qalxmadığına görə,  iqtisadiyyat tam açıq olmadığına görə ixtisaslaşma yayılmır. Hər toyda ən  azı 200 nəfərin üzərindən pul qazanılırsa, bu ciddi rəqəmdir və bundan bəylə gəlinə heç nə çatmır. Bu da çox acınacaqlı bir vəziyyətdir və bundan çıxış yolunu təəssüf ki, bilmirəm.  
 
Orta Asiya ölkələrində sadəlik nümunələri qalsa da, bizdə demək olar ki, qalmayıb. Borc alıb toy keçirən, daha sonra çətinliklə o borcu ödəyən insanlar bizim cəmiyyətdə daha çoxdur. Bizim toylarda müğənnilərə xərclənən pul başqa heç bir ölkədə xərclənmir”. 
musavat