|
Referendumdan sonra müxalifət partiyaları nə edir?
Uzun zamandır ölkədə siyasi partiyaların aktiv fəaliyyəti müşahidə olunmur. Bu, sosial şəbəkələrdə və mediada tənqid edilsə də, vəziyyət dəyişmir.
 
Bəs, referendum sonrası siyasi partiyaların fəaliyyətləri nədən ibarətdir?

KXCP sədrinin müavini Xəzər Teyyublu “Yeni Müsavat”a bildirdi ki, referendumla bağlı boykot qərarından sonra ənənəvi olaraq hər həftə KXCP-in İdarə Heyətinin iclasları keçirilir: “Rayon şöbələrinin tədbirləri, müşavirələri keçirilir. Təşkilatlanma istiqamətində bu və ya digər formada siyasi fəaliyyətlər göstərilir. Ümumilikdə ölkədə baş verən ictimai-siyasi həyata partiyanın rəhbərliyi səviyyəsində mövqelər də bildirilir. Bu istiqamətdə fəaliyyətimiz davam etdirilir”.

ADP sədrinin müavini Həsrət Rüstəmov isə söylədi ki, cari fəaliyyətlə məşğuldurlar: “Bildiyiniz kimi, referendumla bağlı partiyanın bəyanatı oldu. Vətəndaş və İnkişaf Partiyası ilə birlikdə ölkədəki ictimai-siyasi vəziyyət də bir daha dəyərləndirildi. Yaz aylarında partiyanın qurultayını keçirməyi planlaşdırırıq. Partiyadaxili qarşıya qoyulan məqsədlərdən biri budur. Ölkədə ümumiyyətlə, müxalif siyasi partiyaların fəaliyyəti üçün çox da geniş zəmin yoxdur. Digər partiyalar kimi bizim də partiyamızda maliyyə çətinliyi var. Partiya üzvləri ilə əlaqə saxlamaq, regionlarda konfranslar keçirmək kimi fəaliyyətləri bir qədər arxa plana keçirmişik. Ancaq buna baxmayaraq, partiyanın mərkəzi strukturları fəaliyyətdədir. Mümkün qədər yerli təşkilatlarla da əlaqə yaratmağa çalışırıq. Onlar da öz fəaliyyətlərini davam etdirməyə cəhd göstərirlər”.

Yeni qurulan Ağ Partiyanın lideri Tural Abbaslı isə bildirdi ki, qurultaydan sonra sənədləşmə işləri ilə məşğuldurlar: “Ədliyyə Nazirliyinə Reyestr Xidmətinə qəbul olunmaq üçün məktub göndərmişik. Sənədləşmə işləri artıq sonuncu mərhələdədir. Ümid edirik ki, on gün ərzində qurultayın nəticələri təsdiqlənəcək. Bununla yanaşı təşkilatlanma istiqamətində də işlər görürük. Partiyanın qurultaydan əvvəlki strukturlarının üzvlərindən demək olar ki, heç kim qalmayıb. Yəni partiya sıfırdan qurulur. İstər  regionlarda, istərsə də Bakıda yeni üzvlərin qəbul olunması istiqamətində çalışırıq. Gündəlik siyasi proseslərə də münasibət bildirib, bu və ya digər formada müzakirələrdə iştirak edirik. Həmçinin digər partiyalarla, siyasi şəxslərlə yeni bir partiya kimi ünsiyyət qurmağa çalışırıq. Əsas fəaliyyətimiz bu istiqamətdədir. Demək olar ki, bütün müxalif partiyalarla münasibətlərimiz yaxşıdır. Bir çox partiyalarla dostluq  münasibətlərimiz var və müxtəlif məsələlərdə də əməkdaşlıqlarımız olub”.

Vətəndaş Həmrəyliyi Partiyası isə qurultaya hazırlaşır. Bu barədə “Yeni Müsavat”a məlumat verən partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli bildirib ki, hazırda konfranslar keçirirlər: “Nəzərdə tuturuq ki, ilin sonuna qədər bütün işlərimiz baş tutarsa, qurultayımızı keçirəcəyik. Təbii ki, rayonların bir çoxunda konfrans keçirmək problemdir. Yer ayrılmır, verilmir. Məhz bu da konfransların keçirilməsi üçün mane olan əsas səbəblərdən biridir. Bütün bunlara baxmayaraq konfranslar davam edir. Bu ilin sonuna qədər yekunlaşdıra bilməsək də, qarşıdakı ilin may ayına qədər qurultayı keçirməyi nəzərdə tuturuq”.

BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlının sözlərinə görə, onların partiyası  da intensiv fəaliyyətlərini davam etdirirlər: “Həftədə bir dəfə BAXCP idarə heyətinin ənənəvi toplantısı keçirilir. Orada ölkənin ictimai-siyasi məsələləri müzakirə olunur. Bu gün də faktiki olaraq iclas keçirildi və müzakirələr aparıldı. Bizim 60-a yaxın rayon şöbələrimiz var ki, onlarla da əlaqələrimiz mövcuddur. Sırf  siyasi qanunvericilikdə nəzərdə tutulan siyasi partiyanın fəaliyyət istiqaməti üzrə ardıcıl işlər aparırıq. Bəlli olduğu kimi liderimiz Qüdrət Həsənquliyev həm də deputatdır. Millət vəkillərinin də sessiyası başlayır. Onun da partiyada və Milli Məclisdə ümumi fəaliyyət istiqamətləri müəyyən olunur və müzakirə edilir. Partiyanın aparat üzvləri olaraq gündəlik işə çıxaraq, ardıcıl fəaliyyətimizə davam edirik”.
musavat