|
REAL və NİDA gözləntiləri niyə doğrulda bilmədi...
NİDA və REAL hərəkatları fəaliyyətə başlayanda cəmiyyətin müxtəlif kəsimlərinin onlardan gözləntiləri yüksək idi. Yarandıqları ilk illərdə bu qurumların ölkənin demokratik düşərgəsində canlanma yaradacaqları deyilirdi. Amma bir müddətdən sonra bu təşkilatlar da digər müxalif qurumlar kimi passiv dövrlərinə qədəm qoydular...

Doğrudur, ölkədə NİDA və REAL-a qarşı olan təzyiqlər də onların fəaliyyətlərinə ciddi əngəllər yaratdı. Xüsusilə, 2013-cü ilin əvvəllərində REAL sədri İlqar Məmmədovun və NİDA rəhbərlərinin həbsi burada mühüm rol oynadı. Sonradan NİDA rəhbərləri böyük qismi azad olunsa da, bu da hərəkatın fəaliyyətinə ciddi təsir etmədi. REAL sədri isə hələ də məhbəsdədir.
 
Referendumla bağlı da hər iki təşkilatın aktiv olmaması da ciddi müzakirələrə səbəb oldu.
 
Amma REAL-ın idarə heyətinin üzvü Rəsul Cəfərov hərəkatın passivləşməsi ilə bağlı deyilən fikirlərlə razılaşmır: “Heç bir fəaliyyəti həyata keçirməkdən imtina etməmişik. Ölkənin siyasi mühitində nələr baş verirsə, REAL da öz proqramına, mövqeyinə uyğun şəkildə bu proseslərdə iştirak edir. İlqar Məmmədov hələ azadlıqda olandan REAL-ın əsas məqsədi hakimiyyətə gəlib, ölkənin idarəetməsini formal olaraq dəyişdirməkdən ibarətdir. Bunun nə  qədər çəkəcəyini, gec və ya tez olacağını heç zaman düşünməmişik. Həmişə işimiz fəaliyyətimizi ardıcıl olaraq davam etdirməkdən ibarət olub. REAL hərəkat olaraq 2009-cu ildə yaranıb. 7 il siyasi təşkilat üçün - özü də Azərbaycan kimi ölkələrdə uzun zaman hesab edilmir. Bu 7 ilin yarısından çoxunu da hərəkatın sədri həbsdə keçirib. Sual oluna bilər ki, niyə həbsdədir. REAL-ın və İlqar Məmmədovun aktivliyi buna əsas oldu. 
 
Burada söhbət təkcə İlqar Məmmədovun həbsindən getmir, Natiq Cəfərli də həbs olunmuşdu, sonradan azad olunsa da, nəinki ölkədən, Bakıdan çıxışına qadağa var. Cinayət işi də hələ bağlanmayıb. Hər an bundan ona qarşı istifadə edə bilərlər. Bir müddət bundan əvvəl REAL-ın fəaliyyətində əsas fiqurlardan biri olan Azər Qasımlının ölkədən çıxışına qadağa qoyuldu. Adətən kimlərin ölkədən çıxışlarına qadağa qoyulduğunu biz yaxşı bilirik. İdarə heyətinin üzvü kimi mən də həbsdə olmuşam. Düzdür, fəaliyyətim daha çox hüquq sahəsi ilə bağlı idi. Həbsimə səbəbin də bu olduğunu düşünürəm. Yəni bunları ona görə deyirəm ki, bu müddət ərzində REAL fəaliyyətsiz qalmayıb. Hərəkatımız yarandığı ilk illərdən qarşısına qoyduğu məqsədlərdən bir dəqiqə də yayınmayıb. Bu istiqamətdə fəaliyyətimizi də dayandırmamışıq. Hansısa bir proses uzun çəkə bilər, müəyyən dövrlərdə geriləmə ola bilər, bunlar təbiidir. Ölkədəki siyasi mühitin hansı vəziyyətdə olduğu məlumdur. Repressiyalar, təzyiqlər hələ də davam edir. Heç bir plan, mövqe dəyişikliyi şəxsən mənim üçün yoxdur, düşünürəm ki, REAL üçün də yoxdur”.

NİDA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər fəaliyyətləri ilə bağlı bunları dedi:“Müxalifətin fəaliyyətində səngimələrin olması ilə bağlı tez-tez yazılar gedir. O fikirlərlə razı deyiləm. Nəzərə almaq lazımdır ki, Azərbaycanda repressiv durum var. Bu durumun nəticəsində tez-tez fəallar polisə aparılır, həbslər olur, insanlar təqib olunur, işdən qovulur, universitetlərdə incidilir. Bu problemlərə rəğmən, NİDA, REAL və digər müxalif qurumlar ayaqda qalmağı bacarırlar, böyüyə bilirlər, yeni üzvlər cəlb edirlər. NİDA daim fəaliyyətini göstərib, bundan sonra da belə olacaq. Keçən ildə olduğu kimi, bu il də debatlar, açıq tədbirlər, leksiyalar təşkil etdik. Bu fəaliyyətimiz davam edəcək. Azərbaycanda mümkün olan nə qədər variantlar varsa, istifadə edəcəyik”.
musavat