|
“Klinton prezident seçiləcəyi təqdirdə demokratiya paradı davam edəcək”
2004-cü ildə beynəlxalq güclərin, əsasən də Qərbin dəstəyi ilə Gürcüstandan başlanan məxməri inqilablar, demokratiya dalğası adlanan proses az sonra Ukraynada narıncı inqilabla davam etdi. 2011-ci ilin əvvəllərindən proses Tunisə, Liviyaya, Misirə keçdi. 

“Ərəb baharı” adı verilən dalğa özü ilə ciddi qarşıdurmalar da gətirdi. Nəhayət proses gəlib Suriyada “demokratiya çığırı”ndan çıxdı və illərdir dünyanın bir nömrəli probleminə çevrilmiş Suriya müharibəsinə yol açdı. Beləliklə demokratiya dalğası Suriyada qırıldı və geri çəkilmə başladı. Bir sıra politoloqlar hesab edir ki, demokratik proseslər, inqilabi proses dalğadır. Bu dalğanın qabarması mərhələsi bir müddət yaşanır və yenidən sakitləşir. Bir müddət sonra yenidən dalğa baş qaldırır. Hər dəfə də müxtəlif ölkələrdə izini buraxır. Bu baxımdan hesab etmək olar ki, demokratiya dalğası artıq dayanma, geri çəkilmə mərhələsini yaşayır. 

Bu barədə danışan VİP sədri Əli Əliyev qeyd etdi ki, siyasət dinamik prosesdir. Fəaliyyətdə qabarma və çəkilmələr olur, lakin hərəkətsizlik olmur. Dünyanın demokratiya dalğası durmayıb, ola bilər sakit fazaya keçib: “Demokratiyanın tərəfdarları kimi, əleyhdarları da fəaliyyətdədir. Mənə görə son illərdə demokratiyanın ən böyük qələbəsi Ukraynada baş tutub. Bu günlərdə ukraynalılar üçün Şengen fəzasına vizasız hərəkətin açılacağı barədə siyasi qərar qəbul olundu. Qərar Ukrayna coğrafiyasının Avropa Birliyi siyasi məkanına qatılım anlamındadır. Demokratiyanın əks qüvvələri dalğanın inkişaf etməməsi üçün əllərindən gələni edirlər. Elə nümunə kimi gətirdiyim Ukraynada son 2 ildə baş verənlərə baxsaq, kifayət edər. Krımın ilhaqı, Dnestryanı separatçı rejimlər Ukraynanın müstəqil dövlətə çevrilməsi üçün real əngəldir ki, Kreml hər vəchlə bunu dəstəkləyir. Qarabağ müharibəsinin səbəbi nədir? Gürcüstan , Moldova torpaqlarında yaradılmış süni qurumlar haradan yemlənir? Elə Suriyada minlərlə insanın qətliamı, dövlətin tar-mar edilməsində iştirak edən demokratiya düşmənləri deyilmi? Dünyanın mədəni hissəsi ilə inkişaf etməmiş hissəsi, xeyirlə şər arasında savaş hər zaman olub, olacaq da”.

Ə.Əliyevin fikrincə, burada bir məsələni ayırmaq mütləq lazımdır. Demokratiya pərdəsi altında bəzən sırınan xaos və təlatümlərdən qorunmaq gərəkdir: “Demokratiyanın carçısı olan Qərb bəzən millətlərə siyasi mikstura təklif edir. Ağıllıları onun içərisindən demokratiyanı, əbləhləri müharibəni, qarışıqlığı və fəlakəti seçirlər. Çünki Qərbin də başbilənləri yekcins deyil. Onların da sıralarında qarışıqlıqdan mənfəət axtaranları var. İnqilablar yenə olacaq. Durğunluq ABŞ-dakı  seçkilərlə əlaqəlidir. Hillari Klintonun prezident seçiləcəyi təqdirdə, demokratiya paradı davam edəcək. Diqqət yetirin, Rusiya KİV-ləri xanım Klintona qarşı necə təbliğat aparırlar. Sanki Tramp Kremldə oturacaq kimi təqdim edilir. Avtoritar siyasi çevrələrin öz davranış və idrak tərzləri var. Onlar siyasi obyektivlikdən çəkinir, siyasi şəffaflığa qarşı fobiyaları vardır. Bu isə artıq diaqnozdur. Demokratiya Azərbaycana da gələcək. Mütləq gələcək! İqtidarlı-müxalifətli çalışmalıyıq ki, bu azadlıq formatı özü ilə rifah və ədalət gətirsin. Təəssüf ki, xaos və fəlakət perspektivimiz də kifayət qədər yüksəkdir. İstərdim bizdə baş verəcək dəyişiklik inqilab deyil, təkamül adlansın, inqilab baş tutsa belə, məxməri, şüurlarda baş verən transformasiya olsun”.
musavat