Daha bir qiymətli ay Qarabağ nizamlanması üçün itirilmiş hesab oluna bilər. Əfsuslar olsun ki, sentyabr ayı ümumiyyətlə, problemin həlli yönündə heç bir ciddi təşəbbüs və hərəkətliliklə yadda qalmadı. Əksinə, ayın sonuna yaxın işğalçı ölkə İrəvanda həm də Rusiyaya məxsus döyüş sistemlərini parada çıxarmaqla, işğal altındakı Ağdamda isə hərbi təlim keçirməklə onsuz da kövrək olan sülh danışıqlarını növbəti dəfə sabotaj etdi, münaqişə tərəfləri arasında etimad atmosferinə daha bir zərbə vurdu.
Bununla Ermənistan təbii ki, barışıq və nizamlamada maraqlı olmadığını bir daha ortaya qoydu. Mövcud status-kvonun dəyişilməsində maraqlı olmadığını nümayiş etdirdi. Təbii ki, bunu da ATƏT-in Minsk Qrupu həmsədrlərinin təcavüzkara loyal münasibəti fonunda edə bilərdi və etdi.
Yeri gəlmişkən, həmsədr dövlətlər işğalçı ölkənin Azərbaycan ərazilərində növbəti qanunsuz təlim keçirməsinə heç bir reaksiya bildirmədi, hər hansı etiraz səsləndirmədi, erməni tərəfinin danışıqlar prosesini, prezidentlərin növbəti görüşünü əngəlləyən bu təxribatçı və pozucu əməlini qınamadı. Bu isə işğalçın faktiki şəkildə yeni təxribatlara şirnikləndirmək deməkdir.
***
Bəs oktyabrda Qarabağla bağlı əsas gözlənti nədir, payızın ilk ayı ötən yay - prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərindən sonra Qarabağa dair səslənən optimist bəyanatlara öz təsdiqi möhürünü basa biləcəkmi, prezidentlərin görüşünün davamı gələcəkmi, yoxsa müharibə ehtimalı bu ayda da güclənəcək? Hələ ki suala birmənalı cavab vermək mümkün deyil.

Ancaq ötən həftəsonu ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan ABŞ-ın dövlət katibi Con Kerrinin indiki mərhələdə konfliktin həllinin qeyri-mümkünlüyü barədə açıqlaması, üstəlik, problemin nizamlanması üçün məsuliyyəti bütünlüklə Azərbaycan və Ermənistan prezidentlərinin üstünə atması bu xüsusda bədbinliyi daha da artırıb. Çünki hamı bilir ki, münaqişənin kardinal həlli Ermənistandan yox, onun arxasındakı Rusiyadan asılıdır. Rusiyanı isə yalnız Qərb, ABŞ yola gətirmək imkanındadır.
***
“Azərbaycan Dağlıq Qarabağ konfliktinin nizamlanması üçün mümkün olan hər şeyi edib - baxmayaraq ki, o, hər gün erməni silahlı qüvvələri tərəfindən törədilən provokasiyalara qarşı durmalı olur”. Bu barədə beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tase “Vesti kavkaza” nəşrinə problemin dinc yolla həlli imkanlarını şərh edərkən bildirib.
“Son illər ərzində Azərbaycan bu ölkənin rəhbərliyindən asılı olan hər şeyi edib. Prezident İlham Əliyev daima məsələ ilə bağlı istənilən əməkdaşlığa hazır olduğunu bəyan edib, həmişə Qarabağ probleminin dinc həll yolunu alqışlayıb. Erməni ordusu isə hələ də özünü faşist rejiminin silahlı qüvvələri kimi aparır, təxribatlar törədir, atəşkəs rejimini pozur, Azərbaycan əsgərlərinə, dinc sakinlərə atəş açır, tarixi və mədəniyyət abidələrini dağıdır. Bu - bəşəriyyət əleyhinə cinayətdir” - ekspert deyib.

Amerikalı politoloqun sözlərinə görə, Qarabağa dair BMT Təhlükəsizlik Şurasının (TŞ), Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələri, digər sənədlər çoxsaylı ölkələr tərəfindən də bəyənilib: “Bu, Qarabağ konfliktinin həllinin beynəlxalq birlik tərəfindən erməni silahlı qüvvələrinin suveren Azərbaycan ərazilərindən çıxmaqda gördüyünə yalnız özəl bir dəstək nümunəsidir. İndiyədək Azərbaycan ərazisinin 20%-i - Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon Ermənistan silahlı qüvvələr tərəfindən işğal altında saxlanılır. Bu, o deməkdir ki, Ermənistan BMT TŞ-nin Qarabağa dair 4 qətnaməsinə hörmətsizlik edir, üstəlik, bu qətnamələri pozur. Bundan əlavə, erməni tərəfi ötən 25 ildə başqa beynəlxalq qanunları da pozub”.
Ekspertin qənaətincə, ABŞ münaqişənin həlli ilə daha fəal şəkildə məşğul ola bilərdi: “ABŞ dövlət katibi Con Kerrinin Bakı səfərini xatırlatmaq yetər ki, multikulturalizm, dinlər arası tolerantlıq, xalqların dinc birgə yaşayışı sahəsində Azərbaycan dünyaya hansı nəhəng ehtiyatkar təqdim edə bilər. Düşünürəm ki, gələcəkdə biz Azərbaycanla Ermənistan arasında başqa bir danışıqlar prosesini görəcəyik. Bunu deməklə bərabər, mən həm də hesab edirəm ki, Vaşinqton Dağlıq Qarabağ konfliktinin həllində daha fəal hərəkət eləməlidir”.
Analitik hesab edir ki, Dağlıq Qarabağ silahlı konfliktinin hələ də həll olunmamış qalması - beynəlxalq ictimaiyyətin bu cür uzunmüddətli, qlobal sülhü və sabitliyi təhdid edən konfliktləri yoluna qoymaq bacarığının olmadığını sübut edir. “Beynəlxalq birlik deyəndə mən BMT TŞ-ni, ATƏT-in Minsk Qrupunu, Avropa Birliyini, Avropa Komissiyasını, digər Avropa institutlarını, BMT Baş Məclisini nəzərdə tuturam. BMT Baş Məclisi konfliktlərə daha böyük təsir imkanı qazanmalıdır. Çünki bu gün onun sülh, sabitlik əldə edilməsi, dünyanın müxtəlif regionlarında iqtisadi inkişafın möhkəmləndirilməsi məsələlərində heç bir səlahiyyəti yoxdur. Əfsus ki, son on illiklər ərzində BMT problemlərin müzakirə olunduğu, adamların çox danışdığı, lakin ardınca heç bir görmədiyi bir foruma, meydançaya çevrilib” - sonda amerikalı ekspert əlavə edib.
***
Bu, doğrudan da belədir. BMT-nin qlobal proseslərə və konfliktlərə, onların həllinə hansı təsir imkanında olduğunu Dağlıq Qarabağ münaqişəsinin timsalında parlaq şəkildə görmək olar. Artıq üçüncü on illikdir ki bu konflikt həll olunmamış qalır və hər an genişmiqyaslı müharibəyə çevrilə bilər. Bu da ona görədir ki, işğalçı Ermənistan BMT-nin Dağlıq Qarabağa dair qətnamələrinə, BMT-nin özünə hörmət qoymur, daha çox Rusiyanın və ABŞ-ın “ağzına” baxır. Öz növbəsində ABŞ və Rusiyanın özləri də BMT-ni saymır, onun qətnamələrinin, o sırada Qarabağa dair qətnamələrinin Ermənistan tərəfindən icrasına laqeyd yanaşır. Bu yöndə işğalçı ölkəyə təzyiq etməyə hazırlaşmır. Dairə qapandımı?
musavat
