Rusiya Mərkəzi Bankı bank köçürmələri yolu ilə bu ilin birinci yarısında MDB respublikalarına pul köçürmələrinin həcmini açıqlayıb. Mərkəzi Bankın məlumatına əsasən, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlı miqrantlar vətənə cəmi 203 milyon dollar göndəriblər.
Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlər bu ölkəyə qazanc dalınca gedən azərbaycanlılardan daxil olan pulun ilbəil azaldığını göstərir. Belə ki, azərbaycanlı miqrantlar 2014-cü ildə vətənə 1.3 milyard dollara yaxın pul göndərmişdilər. 2015-ci ildə isə bu göstərici iki dəfə aşağı düşərək 650 milyon dollara yaxın olub. Bunun əsas səbəbi Rusiya rublunun dollar qarşısında kəskin dəyər itirməsi və bu ölkədə iqtisadi şərtlərin ağırlaşmasıdır.
Bu il isə belə görünür ki, azərbaycanlı miqrantların vətənə göndərdikləri pulun həcmi 400 milyon dollar civarında olacaq.
Məlum olduğu kimi, Rusiyadan Azərbaycana göndərilən vəsaitlər əhalinin yaşam səviyyəsinə müsbət təsir göstərirdi. Xüsusən də regionlarda əhalinin dolanışığının təminatında bu bu vəsaitlə böyük əhəmiyyət daşıyırdı. İlədən-ilə həmin vəsaitlərin həcminin bu cür kəskin azalması həmin ailələrin vəziyyətinə də pis təsir göstərir. Artıq Rusiyada çalışıb ailəsinə pul göndərən həmvətənlilərimizin əksəriyyəti bölgələrə qayıdıblar.
Bəs, hökumət həmin insanların vəziyyətinin yaxşılaşdırılması üçün hansı addımlar atmalıdır?
“Yeni Müsavat”ın sualını cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da bildirdi ki, Rusiya iqtisadiyyatındakı böhran səbəbindən orada yaşayan həmvətənlilərimizin bir çox vətənə qayıtmaq məcburiyyətində qalıb: “Neftin qiymətinin kəskin aşağı düşməsi Rusiya iqtisadiyyatına ciddi təsir göstərir. Həm dövlət büdcəsində müəyyən kəsirlər var, həm borc çoxalıb. Bununla əlaqədar orada çalışan vətəndaşlarımızın da gəliləri əvvəlki kimi deyil. Həmyerlilərimiz əsasən ticarət və xidmət sektorunda işləyirlər, həmin sahələrdə də rublun dəyərdən düşməsi ilə əlaqədar müəyyən problemlər yaşanır. Ona görə də, vətəndaşlarımızın ölkəyə göndərdikləri vəsaitlərin azalması gözlənilən idi”.
“Azərbaycan hökuməti bununla bağlı nə edə bilər” sualını cavablandıran deputat bunları dedi: “Bizim Rusiya ilə strateji əməkdaşlığımız var, müttəfiq dövlətlər səviyyəsində bir-birimizlə əməkdaşlıq edirik. Amma indi dünyada gedən ümumi proseslər, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar həmyerlilərimizin də vəziyyəti çətindir. Bütün bunlara baxmayaraq bizim xaricdə diaspor təşkilatlarımız var, komitə var. Onlar vətəndaşlarımızın vəziyyəti ilə, işləri ilə maraqlanmalıdırlar. Çünki oradan gələn vəsaitlər, xüsusən rayon yerlərində yaşayan əhali üçün çox əhəmiyyətli idi. Şimal zonasında Rusiyada işləyib ailələrinə pul göndərən vətəndaşlarımız həddindən artıq çoxdur”.
İqtisadçı-ekspert Azər Mehtiyev bunun səbəbini Rusiyada yaşanan iqtisadi böhranla əlaqələndirdi:“Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin həcmi ildən-ilə azalmaqdadır. Son bir neçə ildə Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar, neftin qiymətinin düşməsi vəziyyəti xeyli dərəcədə pisləşdirib. Orada bir çox iş yerləri bağlanıb. Sahibkarlıqla məşğul olan insanların gəlirləri azalıb. Hətta Rusiyaya iş dalınca gedən bir qrup insan Azərbaycana qayıdıb. Bu da oradan ölkəyə göndərilən vəsaitlərin həcminin ildən-ilə azalmasına gətirib çıxarıb.
Əgər 3-4 il bundan əvvəl Rusiyada işləyən azərbaycanlılar gəlib Bakıdan ev almaq imkanına malik idilərsə, indi artıq o imkanlar məhdudlaşıb. Nəzərə almaq lazımdır ki, ən çox Azərbaycanın bölgələrindən insanlar Rusiyaya gedir, orada pul qazanaraq ailələrinə göndərirdilər. İndi bu imkanların məhdudlaşması ölkənin regionların birbaşa təsir göstərir. Orada əhalinin gəlirləri azalır və vəziyyət pisləşir. Azərbaycanda da son iki ildə baş verən iqtisadi proseslər əhalinin gəlirlərinin azalmasına doğru gedir”.
Azər Mehtiyev qeyd etdi ki, əgər yaxın vaxtlarda iqtisadi sahədə ciddi islahatlar aparılıb hər hansı nəticə əldə olunmasa, yeni iş yerlərinin yaradılmasa əhalinin sosial vəziyyəti ağırlaşa bilər: “İndiki halda yalnız kənd təsərrüfatı və pambıqçılığın inkişafı bu proseslərin qarşısını almaq üçün yetərli deyil. Bunlar daimi gəlir mənbəyi, daimi iş yeri hesab olunmur. İş yerlərinin açılması üçün azad sahibkarlıq mühiti yaradılmalıdır ki, insanlar özləri təşəbbüs göstərsinlər, özləri iş yerləri yarada bilsinlər. Yalnız dövlətin yaradacağı iş yerlərinin ümidinə qalmaqla əhalinin gəlirlərini təmin etmək mümkün olmayacaq. Ən vacibi isə odur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün hər kəsə şərait yaradılmalıdır. Azərbaycan isə son illərdə atılan addımlarla, Sovet dövründə olduğu kimi mərkəzləşdirilmiş idarəetmə sisteminə keçir. Müxtəlif sahələrdə işlər planlaşdırılır, dövlət özü öhdəliklər götürür, müəssisələr açır. Sovet hökumətinin təcrübəsi göstərdi ki, bu doğru yol deyil və bu formada iqtisadiyyatı inkişaf etdirmək mümkün deyil”.
cia.az
