|
Tanınmış konfliktoloqdan ABŞ-ın Qarabağ məsələsində rolu barədə ilginc açıqlama
ABŞ-ın dövlət katibi Con Kerrinin ötən həftə verdiyi “Hazırda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkün deyil. Azərbaycan və Ermənistan arasında yaranan Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün şərait hələ yaranmayıb” bəyanatı bir sıra ekspertlərin marağına səbəb olub.
 
Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Dağlıq Qarabağ məsələsinə ABŞ-ın təsiri Rusiyanın təsiri ilə müqayisə edilməyəcək səviyyədə zəifdir: “ABŞ-ın Qarabağ məsələsində təsirinin artdığı barədə deyilənlərin heç bir əsası yoxdur. ABŞ-ın heç yadına düşmür ki, Azərbaycanın torpağı işğal olunub. Azərbaycan mediası, siyasətçiləri, bir çox ekspertlər isə Amerikanın Qarabağa təsirinin güclü olduğunu, ABŞ-ın burada marağını iddia edirlər. Bu iddiaların yanlış olduğunu, Qarabağ məsələsinin ABŞ üçün mühüm əhəmiyyət kəsb etmədiyini sübuta yetirən bir faktı deyim. ABŞ-da Xarici Əlaqələr Şurası adlanan ən böyük beyin mərkəzi fəaliyyət göstərir. Həmin Mərkəzdə işləyənlər Ağ Evdə, Dövlət Departamentində, Pentaqonda ən yüksək vəzifələrdə işləmiş adamlardır. 
 
Həmin Mərkəz ABŞ-da ən prestijli, önəmli qurumdur. O mərkəz son dörd ildə ABŞ-ın milli maraqlarına təsir edən dünyadakı münaqişələr, müharibələrlə bağlı sorğu keçirir. Sorğunu ABŞ-ın 500 ən nüfuzlu, ciddi ekspertləri arasında keçiriblər. Onlar bu sorğunu üç yerə bölüblər. Birinci mərhələ Amerika üçün ən önəmli olan məsələləridir. İkinci, orta önəmli, üçüncü mərhələ isə ABŞ-ın milli maraqlarına ən az təsir eləyən məsələlərdir. Dağlıq Qarabağ məsələsi o sorğunun nəticələrinə görə üçüncü mərhələnin ən sonuncu məsələsi olub. 500 ekspertdən cəmi üç nəfər yazıb ki, Dağlıq Qarabağda müharibə başlayarsa, bu, ABŞ-ın bəzi maraqlarına təsir edər. Qarabağ məsələsinin ABŞ üçün hansı əhəmiyyət daşıdığını bu sorğu açıq-aşkar ortaya qoyur. 
 
Belə olduğu təqdirdə hansı güclü təsirindən söhbət gedə bilər? ABŞ-ın prezidentləri, dövlət katibləri Rusiyanın prezidentləri qədər Qarabağ məsələsinə qarışıblar ki, biz deyək ki, ABŞ bu işə qarışır, bu məsələdə Amerikanın ciddi təsiri var? ABŞ prezidenti, dövlət katibi heç bilir ki, Qarabağda nə baş verir? Mən onlarla birbaşa təmasda olmuş adam kimi deyirəm ki, onların heç xəbəri də yoxdur burada nə baş verir. Onlar deyir ki, SSRİ dağılandan sonra Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ üstündə bir mübahisə var və sonra da bu hərbi toqquşmaya çevrilib, biz də çalışırıq ki, məsələ dinc yolla həll olunsun. Daha onların heç xəbəri yoxdur ki, Dağlıq Qarabağın tarixi nədir, ermənilər buraya necə gəlib, azərbaycanlıları necə etnik təmizləməyə məruz qoyublar, indi də bölgədə süni məskunlaşdırma həyata keçirilir və sair. Yəni bu kimi məsələlər haqda ABŞ prezidentlərinin və dövlət katiblərinin xəbəri yoxdur. Biz son 20 ildə Amerikanı öyrənməyə çalışdığımız zaman buna əmin olmuşuq. Odur ki, ABŞ-ın Qarabağ məsələsində təsirinin artdığı barədə deyilənlərin heç bir əsası yoxdur”.
 
E.Mehdiyev vurğuladı ki, ABŞ-la Fransanın Qarabağ məsələsinin həllinə təsiri Rusiyanın Fələstin-İsrail məsələsinin təsiri səviyyəsindədir: “Rusiyanın Fələstin-İsrail münaqişəsində Rusiyanın rolu, təsiri minimumdur. Amma Rusiya vasitəçi hesab edilən dördlüyün üzvüdür. Vasitəçiliyi aparan ABŞ-dır, bu problemdə ABŞ-ın təsiri Rusiyadan dəfələrlə böyükdür. Dördlük formal xarakter daşıyır. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində də ATƏT-in Minsk Qrupunun həmsədri institutu formal xarakter daşıyır. Bu məsələdə vasitəçilik missiyasını Rusiya prezidenti aparıb və aparır. Qarabağ münaqişəsinin istər həllinə, istər həll edilməməsinə təsir məhz Rusiyadadır. Bütün ümidləri Vladimir Putinə döndərmək lazımdır. Bu işi Putinlə danışmaq lazımdır. ABŞ həqiqətən istəsə belə, Qarabağ probleminin həllinə Rusiya qədər təsir edə bilməz. Silahı Ermənistana verən, Ermənistanın iqtisadiyyatını saxlayan, enerji ilə təmin edən, siyasi hakimiyyətini təyin edən, dəyişən Rusiyadır. Belə vəziyyətdə ABŞ Ermənistana necə təsir edə bilər?! Rusiya həm də bu bölgənin içindədir və Dağlıq Qarabağ münaqişəsinin bir hissəsidir. O baxımdan Qarabağ probleminin həllinə də təsir imkanı astronomik dərəcədə olan Rusiyadır”.
 
Ekspert sonda onu da dedi ki, Kerrinin Qarabağ münaqişəsi ilə bağlı son çıxışı səthi yanaşmadır və əslində ermənilərin dəyirmanına su tökən bəyanatdır: “Kerri Dağlıq Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırır faktiki surətdə. Kerri bilməlidir ki, dünyada heç kim Qarabağ münaqişəsini dondurulmuş münaqişə adlandırmır. O cür bəyanatlar işğalın davam etməsinə kömək edən bəyanatlardır”.
cia.az