|
Büdcəyə neftdən daha çox, manatın kursu təsir edəcək - ekspert
Gələn ilin dövlət büdcəsi açıqlanıb. Maliyyə Nazirliyindən verilən məlumata görə, büdcə gəlirləri 15,955 milyard manat, xərcləri 16,6 milyard manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 15 milyard 312 milyon 619 min manat, yerli gəlirləri 642,381 milyon manat, mərkəzləşdirilmiş xərcləri 15 milyard 881,730 milyon manat, yerli xərcləri 718,270 milyon manat) məbləğində təsdiq edilməsi proqnozlaşdırılır. Beləliklə, gələn ilin dövlət büdcəsinin 645 milyon manatlıq kəsirlə icra olunması nəzərdə tutulub. 

Professor Elşad Məmmədov büdcəni musavat.com-a detallı şəkildə şərh edib. Onun sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsinin layihəsinin təhlili bir sıra məqamları dəqiqləşdirməyə imkan verir: “İlk növbədə qeyd etmək lazımdır ki, son illər ərzində ilk dəfə Maliyyə Nazirliyi tərəfindən müzakirəyə təqdim olunan büdcə layihəsini birmənalı şəkildə investisiyayönümlü deyil, sosialyönümlü adlandırmaq olar. Düzdür, 2016-cı ilin dövlət  büdcəsində sosialyönümlü xərclərlə investisiyayönümlü xərclərin həcmi təxminən eyni idi. Lakin birmənalı şəkildə 2016-cı ilin dövlət büdcəsini məhz sosialyönümlü adlandırmaq çətin idi. Ondan əvvəlki illərin büdcələrini isə birmənalı şəkildə investisiyayönümlü adlandırmaq olardı. Bunları nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, milli iqtisadiyyatın keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunun şahidi oluruq. Eyni zamanda makroiqtisadi proseslərdə obyektiv diaqnostik təhlilin həyata keçirilməsi üçün analitik aparat sistemli, kompleksli, strukturlu və proqnoz məzmunlu olmalıdır. Təqdim olunan büdcə layihəsinin məhz bu rakursdan təhlili ölkə iqtisadiyyatının inkişaf tendensiyalarının obyektiv qiymətləndirilməsinə imkan verir”. 
 
Ekspert qeyd edib ki, bu istiqamətdə apardığı təhlil nəticəsində əsas nəticələrə gəlmək olar: “Büdcə layihəsi son aylar hökumətin iqtisadi bloku tərəfindən aparılan sərt monetar siyasətin məntiqi davamı olaraq qiymətləndirilməlidir, yəni pul kütləsinin daraldılmasına yönəlmiş siyasətin 2017-ci ildə də həyata keçirilməsi gözlənilir. Həmçinin, büdcədə ümumi sosial yönümlü  xərclərin 6,6 faiz həcmində artırılması nəzərdə tutulur ki, bu da inflyasiyanın ən optimistik proqnozlara əsasən belə, gözlənilən göstəricilərindən xeyli aşağıdır. 
 
Burada bir məqama mütləq nəzər salınmalıdır ki, inflyasiyanın ümumi göstəriciləri iqtisadi nəzəriyyədə universal makroiqtisadi göstərici kimi qəbul olunsa da, müasir mürəkkəb iqtisadi sistemlərdə dünyanın aparıcı iqtisadi analitikləri öz hesabatlarında daha mütərəqqi, iqtisadi dinamizmi, real və potensial iqtisadi trendləri əks etdirən göstəricilərdən istifadə edirlər. Misal üçün, istehlak zənbilinin indeks göstəricilərinin dinamikası göstəricisi. Düşünürəm ki, belə göstəricilərin tətbiqi, əhalinin istehlak xərclərinin artımı  baxımından inflyasiya göstəricilərinin daha fərqli rəqəmlərlə ifadə olunmasını əks etdirəcək. Belə olan halda həmin  6,6 faizlik artım adekvat indeksasiya prosesini əks etdirmir”.
 
E.Məmmədov qeyd edib ki, sosialyönümlü xərclərin ümumilikdə nominal göstəricilərdə 6,6 faiz artımının fonunda sosial müdafiə xərclərinin 600 milyon manata yaxın azaldılması təəccüb doğurur: “Əgər o xərclərin azalması əhalinin sosial müdafiəsi prosesinin zəifləyəcəyinə səbəb olacaqsa, bu, sözsüz ki, təəssüf doğurur. Əgər həmin 600 milyon manata yaxın vəsaitin əhalinin sosial rifahına aidiyyəti yox idisə, onda əvvəlki illərdə bu vəsaitin ayrılmasına nə ehtiyac var idi”.
 
Ekspert bildirib ki, ölkədə elm tutumlu, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasına keçidin prioritet kimi qəbul edilməsi şəraitində büdcədə elmə ayrılan vəsaitin hətta əvvəlki cüzi rəqəmlərə belə nisbətən azaldılması və ümumi büdcə xərclərinin 0,7-0,8 faizini təşkil etməsi də təəssüf doğurur: “Respublikada səhiyyə sisteminin dayanıqlı şəkildə inkişafına yönələn tədbirlərin həyata keçirilməsinə böyük zərurət olduğu halda, icbari tibbi sığorta və digər bu kimi prioritet strateji layihələrin həyata keçirilməsinə hazırlıq  getdiyi zaman səhiyyə xərclərinin azaldılması da narahatlıq doğurur. Eyni zamanda büdcədə investisiyayönümlü xərclərin 40 faizə yaxın azaldılması nəzərdə tutulub. Bu, həm sənaye və tikinti xərclərinə, həm də əsaslı vəsait qoyuluşu xərclərinə aiddir. Bir tərəfdən bu addım mürəkkəb iqtisadi şəraitlə müəyyən dərəcədə izah oluna bilər. Lakin digər tərəfdən, bu, sözsüz ki, iş yerlərinin bağlanması, işgüzar aktivliyin azalması və resessiya amillərinin iqtisadiyyatda güclənməsinə səbəb olacaq. Çünki sistem formalaşdıran sahələrdə belə kəskin azalmanın ciddi multiplikativ effektə səbəb olmasının ehtimalı yüksəkdir”.
 
E.Məmmədovun fikrincə, büdcə layihəsində son illər ərzində ilk dəfə Vergilər Nazirliyi xətti ilə proqnozlaşdırılan daxilolmaların Neft Fondunun birbaşa transfertlərini üstələməsi nəzərdə tutulur: “İlk baxışdan bu, müsbət amildir. Lakin təəssüf ki, bu, əsasən Vergilər  Nazirliyi xətti ilə daxilolmaların artırılması ilə deyil, Neft Fondu tərəfindən həyata keçirilən transfertlərin həcminin kəskin şəkildə enməsi ilə bağlıdır. Bundan əlavə, nəzərə almaq lazımdır ki, vergi daxil olmalarının  da əhəmiyyətli  hissəsini məhz neft gəlirlərindən tutulan vergilər təşkil edir. Dövlət Gömrük Komitəsi xətti ilə büdcə daxilolmalarında 20 faizdən çox artım proqnozlaşdırılır ki, bunun mümkün səbəbləri bir tərəfdən devalvasiya və qiymət artımından, digər tərəfdən isə gömrük sistemində şəffaflığın müəyyən dərəcədə artırılmasından ibarət olan bilər. Neft Fondundan büdcəyə transfertlərin azalması ilə bağlı isə hesab edirəm ki, Neft Fondunun başlıca məqsədi mümkün  makroiqtisadi risklərin ölkə iqtisadiyyatına təsirlərini minimuma etdirməkdən ibarətdir. Belə olan halda milli iqtisadiyyatın çox mürəkkəb dövründə Neft Fondunun imkanlarından makroiqtisadi problemlərin dərinləşməsinin qarşısının alınması üçün daha aktiv, eyni zamanda ölkədə real sektorun inkişafı üçün məqsədyönlü şəkildə istifadə etmək lazımdır. Həm də nəzərə almaq lazımdır ki, yüksək ehtimalla baş verəcək manatın zəifləməsi Neft Fondunun gəlirlərini manatla ifadədə xeyli artıracaq”.
 
Ekspertin sözlərinə görə, yaxın aylarda neft qiymətlərində ola biləcək dəyişikliklər, eyni zamanda böyük ehtimalla baş verəcək milli valyutanın zəifləməsi büdcə göstəricilərinə təsir göstərə bilən amillərdəndir:“Eyni zamanda ikinci amilin birinciyə nisbətən təsirinin daha çox olacağını proqnozlaşdırmaq lazımdır. Çünki neft qiymətlərində ciddi dəyişikliklərin olması hesab edirəm ki, yaxın dövrdə gözlənilmir”. E.Məmmədov qeyd edib ki, büdcə layihəsində müəyyən müsbət tendensiyaların olması ilə yanaşı, təqdim edilən layihədə ciddi korreksiyaların aparılmasına ehtiyac var: “Ümid edirəm ki, parlament və Prezident Administrasiyası səviyyəsində müvafiq ekspertiza zamanı həmin korreksiyalar baş verəcək”.