|
Beynəlxalq Humanitar Forumda prezidentdən mühüm mesajlar
Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayıb. Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iki gün davam edəcək forumun rəsmi açılış mərasimində iştirak ediblər.
 
Mərasimdə çıxış edən prezident İlham Əliyev bildirib ki, builki forumda 80-ə yaxın ölkədən 400-dən çox nümayəndə iştirak edir.  Prezident Azərbaycanın ev sahibliyi ilə keçirilən tədbirlərin əhəmiyyətindən bəhs etməklə yanaşı, deyib ki, bu beynəlxalq tədbirləri ölkəmizdə keçirməyimizdə bir çox məqsədlər var: “İlk növbədə, bu, bizim ölkəmizə lazımdır. Çünki Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda bu beynəlxalq, siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsus ki, dünyada xoşagəlməz meyllər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyllərin qarşısını ala və müsbət meylləri gücləndirə bilər”.

İ.Əliyev dünyada mövcud olan təhlükələrdən də bəhs edib: “Əfsus ki, dünyada təhlükələr artır. Son bir neçə il ərzində dünyada - həm bizim bölgədə, Yaxın Şərqdə, Avropada, digər yerlərdə çox təhlükəli, narahatedici hadisələr baş verib və baş verir. Qanlı toqquşmalar, müharibələr, bəzi ölkələr tamamilə dağıdılıb, yüz minlərlə günahsız insan həlak olub, milyonlarla, on milyonlarla insan qaçqın-köçkün vəziyyətinə düşüb. Bu, öz növbəsində bundan əziyyət çəkən ölkələrdə radikalizm meyllərini gücləndirir. Həmçinin bu ölkələr dağılandan sonra, - mən Yaxın Şərqi nəzərdə tuturam, - insanlar öz canlarını qurtarmaq üçün Avropaya üz tutmağa başlamışlar. Onların Avropaya gəlişi də bəzi ölkələrdə çox böyük gərginlik yaratmışdır və miqrantlara qarşı çox alçaldıcı hərəkətlərə yol verilmişdir, eyni zamanda, antimiqrant meyllər güclənmişdir. Bu, Avropada radikal qüvvələrin xeyrinə işləyir. Bəzi Avropa ölkələrində son seçkilərə nəzər salsaq görərik ki, radikal qüvvələr daha böyük dəstək alır. Nəyə görə? Çünki onlar bu vəziyyətdən istifadə edərək daha böyük siyasi çəkiyə malik olurlar. Bu da Avropada radikallaşmaya yol açır. Bu, çox təhlükəli meyldir”.
Azərbaycan prezidenti ölkəmizlə bağlı çeşidli planları olan dairələrə də mesaj verib: “Biz fəxr edirik ki, 25 ildir müstəqil yaşayırıq. Taleyimiz öz əlimizdədir, heç kimdən asılı deyilik. Gözəl ölkə qurmuşuq, bundan da gözəl olacaq”.
 
Açılış mərasimində Rusiya baş nazirinin müavini Olqa Qolodets, ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, UNESCO baş direktorunun müavini Qetaçyu Enqida çıxış edib.
Forumun plenar iclasında siyasi və dini liderlər, Nobel mükafatı laureatları, dəyirmi masa rəhbərləri çıxış edib. 

“Azərbaycanda da dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirilib. Ölkəmiz davamlı terror, qaçqın problemi ilə üzləşib. Məscid, kilsə və sinaqoqlar məhv edilib”. Bu sözləri isə panel müzakirələrində Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə deyib. O, bütün bunlara baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü, beynəlxalq hüquq çərçivəsində və sülh yolu ilə həllini istədiyini bildirib: “Son zamanlar dünyada baş verən hadisələr dini ekstremizmin tüğyan etməsinə təkan verib.
 
İfratçı cərəyanlar niyyətlərini həyata keçirmək üçün İslam dininin adından sui-istifadə edir. Bu isə bizdə ciddi narahatlıq yaradır. İnsan qırğınının, maddi və mənəvi irsin məhvinin səngimədiyi bir vaxtda Avropada islamafobiya, ksenofobiya, miqrant axınına qarşı sərt tədbirlər həyata keçirilir. Bunu mədəniyyətlər və dinlərarası dialoqa vurulan ciddi zərbə kimi qiymətləndiririk”. 
 
Moskva Patriarxlığının xarici kilsə əlaqələri şöbəsinin sədri, Volokolam mitropoliti İlarion deyib ki, bu gün ən təhlükəli tendensiya radikalizmin din adından istifadə etməsidir. “Mümkün deyil ki, terrorçuluq dini terrorçuluq olsun. Burada dini ritorika altında özünü gizlədən terror fəaliyyəti var. Bütün terrorçular şeytanın xidmətçiləri, Allahın düşmənidir. Terrorçular dinin mərhəmət, sevgi, dözümlülük kimi dəyərlərinə qarşı çıxır. Bu gün minlərlə insanın qətlə yetirilməsi ən ağır cinayətdir. Ən aktual məsələlərdən biri dini maarifçilikdir. Biz vaxtında mənfi fəaliyyətlərdən övladlarımızı qorumalı, onları ənənəvi dinlərə ehtiram hissi ilə böyütməliyik”, - deyə o vurğulayıb. 
Cia.az