|
Martin Şmidt: 'Bu bizim Avro Liqada ilk qələbəmiz idi' - FOTOLAR
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qəbələ”nin qonağı olan Almaniya təmsilçisi Bakıdan 3:2 hesablı qələbə ilə ayrılıb. 
 
Musavat.com saytının verdiyi məlumata görə, matçdan sonra mətbuat konfransı keçirən Martin Şmidt bunları deyib:
 
 «Matçın sonunda qələbə üçün lazım olan qolu vura bildik. Fasilədə “Qəbələ”nin ikinci hissədə tempi artıracağını bildirdim. Təəssüf ki, Yunus Mallı ilk hissədə epizodu dəyərləndirə bilmədi. Bundan sonra qapımıza penalti təyin edildi, ardınca hesabda geri düşdük. Lakin əvəzetmələrim gedişatı dəyişdi. Bundan sonra daha 2 qol vuraraq, hesabda yenidən önə keçdik. 
 
Bizim bu mövsümdəki oyunlarımız bu cür davam edir. Geriyə düşüb, sonra çətinlik çəkirik. Gərək öz üzərimizdə işləyərək, bunu düzəldək».
 
Təcrübəli çalışdırıcı qazandıqları qələbənin önəmi barəsində da danışıb: «Bu, bizim Avroliqada ilk qələbəmiz idi. Azarkeşlərimiz üçün də önəmli qalibiyyətdir. Sona qədər bizə dəstək oldular. Planlaşdırırdıq ki, rəqib meydanlarından xalla qayıdaq, amma əksinə oldu. Bu gün isə bunu bacardıq. “Qəbələ”ni dekabrda Mayntsda gözləyirik. Düzdür, hava bir az soyuq olacaq. Amma düşünürəm ki, cavab matçı da belə maraqlı keçəcək”.
 
- Hesabda geri düşəndə hansı hissləri keçirdiniz? 
 
- Qollar iki fərdi səhvdən sonra qapımıza vuruldu. Düzdür, meydan faktoru və yağışın yağması da rol oynadı. Amma komandamız fiziki cəhətdən tam hazır idi. Psixoloji hazırlığımız da yerində idi.
 
- Bu gün meydanda analiz etdiyiniz “Qəbələ”ni gördünüz, yoxsa fərqli komanda var idi?
 
- Rəqibi yaxşı təhlil etmişdik. «Qəbələ»nin ək hücumlarda yaxşı olduğunu bilirdik. Bu gün də əks-hücumlara yaxşı keçirdilər. Xüsusən Dabodan istifadə edirdilər. Komandamız ilk 20 dəqiqə ərzində nisbətən çətinlik yaşadı. Sonra matçı ələ ala bildik. 
 
- Dabonun oyununu vurğuladınız. Ona nə qədər qiymət verərdiniz?
 
- Videotəhlil zamanı Dabonu yaxşı izləmişdik. Özünü müsbət tərəfdən göstərdiyi epizodlara baxmışdıq. Təkbətək mübarizələrdə güclüdür, müdafiəçilərin onun qabağını kəsməsi çətindir. O ki qaldı transfer qiymətinə, ona klubumuzun rəsmiləri qiymət verə bilər. Bu, mənim işim deyil. 
Cia.az