Sentyabrın 26-də Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun Qərbi iki hissəyə böldüyünü desək, yanılmarıq. Belə ki, Qərb institutlarının əksəriyyəti ölkəmizdəki referendumun nəticələrini tanıdılar, amma əks mövqelər də oldu.
ABŞ Dövlət Departamentinin seçkiləri tanımaqla bağlı bəyanatı oldu, lakin ABŞ Helsinki Komissiyasının həmsədri Kris Smit nəticələri “qeyri-legitim” adlandırıb. Bundan əlavə, AŞ PA-nın müşahidə missiyası ayın 26-dakı seçkiləri izlədi və nəticələrlə bağlı müsbət rəy verdi. Amma qurumun Venesiya Komissiyasının referendumla bağlı mənfi rəyi oldu. Nüfuzlu beynəlxalq təşkilatlardan olan “Freedom House” Azərbaycanda vətəndaşların seçkilərdə hüquqlarının pozulduğunu yaydığı bəyanatda bildirdi.
Görünən odur ki, Qərbin ölkəmizdəki referendumla bağlı mövqeyi heç də birmənalı olmadı. Doğrudur, Avropanın öndə gedən təşkilatları tərəfindən Azərbaycan hakimiyyəti istədiyi dəstəyi aldı.
Politoloq Qabil Hüseynli bildirdi ki, beynəlxalq təşkilatlar ilk dəfədir Azərbaycanda keçirilən seçkilərə belə müsbət rəy verir: “ABŞ Dövlət Departamenti, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası və bu kimi öndə gedən qurumların mövqeləri eyni oldu, yəni birmənalı şəkildə referendumun nəticələrini tanıdılar. ATƏT-in özü də referendumun nəticələrini tanıdığını bildirdi. ATƏT hətta keçirilən referendumun beynəlxalq standartlara cavab verdiyini də qeyd etdi. Doğrudur, Helsinki və Venesiya komissiyalarının tənqidi fikirləri oldu. Helsinki Komissiyasının mövqeyi bəlli idi, çünki uzun müddətdir ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Kozlariç və konqresmen Kris Smit Azərbaycan hakimiyyətinin fəaliyyətinə mənfi yanaşırlar. Ölkəmizə qarşı hətta sanksiyaların tətbiq edilməsini təklif edirlər. Venesiya Komissiyası da referendumla bağlı ilkin rəyinin nəzərə alınmaması nöqteyi-nəzərindən belə çıxış etdi. Amma hesab edirəm ki, referendumu bəyənən tərəf daha güclüdür. İki təşkilatın referendumla bağlı tənqidi fikirləri nəticələri tanıyan nüfuzlu təşkilatların qarşısında elə də böyük əhəmiyyət daşımır. Hətta cılız da görünür. İlk dəfədir Qərb dairələrində ölkəmizdəki seçkilərin nəticələri belə yekdilliklə qəbul olunur. Bu onu göstərir ki, Qərb Azərbaycanla geosiyasi əməkdaşlığa böyük önəm verir və bölgədə aparıcı dövlət kimi qəbul edir, bundan sonra da əlaqələrin müsbət istiqamətdə inkişaf etdirilməsinə çalışır. Mətbuatın yazdığına inansaq, referendumdan sonra ölkəmizdə reformaların olacağı barədə Azərbaycanla ABŞ arasında gizli razılaşmanın əldə olunması barədə xəbərlər yayılıb. Hər halda, Amerika Azərbaycanla strateji əməkdaşlığa böyük önəm verir. Bu əməkdaşlığın pozulmasına, hətta üçüncü dövlətin araya girməsinə imkan verilməyəcək. ABŞ son zamanlar Rusiya-Azərbaycan və İran arasındakı münasibətlərdən ciddi narahatdır. Qarşıdakı zamanlarda Amerika Azərbaycanı yanında görmək üçün ciddi səylər göstərəcək. Bu məsələdə Avropa İttifaqı və digər Qərbi təmsil edən qurumlar ABŞ-ın yanında olacaqlar. Azərbaycanın seçdiyi siyasi xəttə hörmət ediləcək. Bu, dövlətimizin uğurudur”.
Politoloq Qərbin Azərbaycan müxalifətinə görə ikili siyasət yeritməsi ilə bağlı deyilən fikirlərə də münasibət bildirdi: “Qərbin mövqeyini ikili siyasət kimi qəbul etmirəm. Çünki nəticələri tanıyan tərəf daha həlledici əhəmiyyətə malik qurumlardır. Onlar bir növ dövlət, beynəlxalq siyasəti müəyyən edən, yaxud təsir edən qüvvələrdir. Bu baxımdan, Qərbin ikibaşlı siyasət yeritməsinə nə ehtiyac var? Nəticələr qaneedici olmasaydı, birmənalı şəkildə Qərb tənqid edərdi. Müxalifəti əldə saxlamaq planı yoxdur. Azərbaycanda müxalifətlə münasibətləri qoruyub saxlaya bilərlər, amma bu qüvvələr dağınıq olduğundan müxalifətə dəstək məsələsi çox tərəddüdlüdür. Hər halda, Qərb Azərbaycanda sabitliyi və inkişafı seçməklə çox düzgün hərəkət etdi. Bu, bölgədə Qərbin maraqlarına daha çox uyğun gəlir. Amerika özünün geosiyasi maraqlarını regionda yalnız bu yolla təmin edə bilər”.
Cia.az
