|
Ermənistanın “İsgəndər”inə qarşı Azərbaycanın “qanadlı bomba”ları
Ermənistan paytaxtında keçirilən hərbi paraddan sonra işğalçı ölkə açıq-aydın eyforiya içərisindədir. Xüsusilə də Rusiyanın İrəvana “İsgəndər” tipli operativ taktik raket sistemlərini bağışlaması aprel toqquşmalarından sonra ağır mənəvi-psixoloji gərginlik içərində olan erməniləri xeyli dirçəldib. 
 
İlk günlər məsələ ilə bağlı susmağa üstünlük verən Rusiya tərəfi artıq müxtəlif səviyyələrdə məsələnin detallarını açıqlamağa başlayıb. Rusiyanın İrəvandakı səfiri İvan Volınkin deyib ki, ölkəsi 200 milyon dollarlıq güzəştli kredit çərçivəsində Ermənistana silah satışına başlayıb. Virtualaz.org xəbər verir ki, səfir Rusiyanın Ermənistana “İsgəndər-M” operativ-taktiki raketləri verməsini də şərh edib. 
 
Səfir bildirib ki, bu fakt Rusiya-Ermənistan müttəfiqliyinin xarakterini göstərir. Səfir İvan Volıkin “İsgəndər”in satışının əldə olunmuş razılaşmaya uyğun aparıldığını və bunun Rusiya ilə Ermənistan arasında “müttəfiqlik və qardaşlıq” anlamına gəldiyini deyib. Bununla da Rusiya səfiri Kremlin Ermənistan siyasətini tam açıqlamış olub. Görünür, rus səfir İrəvandakı səfirliyin yay aylarında olduğu kimi bir daha erməni etirazçılar tərəfindən yumurta “atəşi”nə tutulmaması üçün bu sayaq açıqlama verib. 
 
Rusiya “İsgəndər”ləri İrəvanda nümayiş etdirməklə həm NATO-ya ünvanlı xəbərdarlığını çatdırmış oldu, həm də Ermənistandakı etirazları səngitmək üçün fürsətdən yararlandı. Hansı ki, indiyədək Rusiya “İsgəndər” raketlərini heç bir ölkəyə ixrac etməmişdi və bu, bir ilkdir. Rusiyalı səfirin “hər şey plana uyğun olaraq gedir" sözləri Kremlin işğalçını müdafiə üçün bütün addımları atmasından xəbər verir. 

Qeyd edək ki, 2015-ci ildə iki ölkə arasında imzalanan  sazişə görə, Rusiya Ermənistana ondan silah alması üçün 10 illik müddətə 200 milyon dollarlıq kredit verib. Bu saziş çərçivəsində Rusiya Ermənistana “Smerç” reaktiv-yaylım atəşi sistemləri, TOS-1A “Solntsepyok” odsaçanları və digər silahlar verməyə razılaşıb. Deməli, Rusiya əslində görüntü yaratmağa xidmət edən 200 milyonluq krediti əsas tutaraq Ermənistanı özünün silah arsenalına çevirməkdə, bununla da həm Qarabağ məsələsinin dinc yolla çözülməsinə əngəl olmaqda, həm də bütövlükdə bölgənin təhlükəsizliyinə təhdid yaratmaqda davam edəcək.
 
***
 
“İsgəndər”in nümayişinin ardınca Rusiyanın Ermənistanla birgə Hava Hücumundan Müdafiə sistemi qurmağı rəsmiləşdirməsi Azərbaycanı müdafiə və təhlükəsizlik məsələlərinə bir daha diqqət yetirməyə sövq edir. Onu da unutmayaq ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının oktyabrın 14-də keçiriləcək toplantısında qurumun baş katibi vəzifəsi Ermənistan nümayəndəsinə həvalə olunacaq. Aprel müharibəsindən sonra Ermənistana stimul verən daha bir hadisə baş verəcək ki, bu da ermənilərin aqressiyasının artmasına, cəbhədə davamlı təxribatların törədilməsinə səbəb ola bilər. Azərbaycan ordusunun vurduğu zərbələrdən sonra özünü itirən Serj Sərkisyanın bugünlərdə yenə də yüksək tonla danışmağa başladığını görürük. Erməni prezident çox uzağa gedərək çıxışlarının birində Qarabağı “Ermənistan ərazisi” adlandırıb. Görünür, Azərbaycan növbəti dəfə işğalçı ölkənin rəhbərinə aprel döyüşlərini xatırlatmalı olacaq və buna ciddi şəkildə hazırlığı müşahidə etməkdəyik. 
 
Sentyabrın 27-də Bakı Ekspo Mərkəzində “ADEX 2016" ikinci Azərbaycan Beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə müdafiə sənayesi naziri cənab Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb. Rəsmi məlumata görə, sənədə əsasən Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli ”Zərbə" və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək. 

“Hazırda 125 məmulatın üzərində təcrübə konstruktor işləri aparılır. Prioritet layihələrdən hava-yer, hava-hava və yer-yer raketləri üzərində iş aparılır”. Bunu da müdafiə sənayesi naziri deyib. O qeyd edib ki, 280 km məsafədə ballistik raketlərin texnologiyasının Azərbaycana gətirilməsi ilə bağlı dünyanın bir neçə aparıcı şirkəti ilə danışıqlar gedir. 
 
Bakıdakı sərgidə diqqət çəkən hərbi sursatlardan biri də “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombası olub. Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan bu “qanadlı” bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Təyyarədən atılan bomba 100 km-ə qədər uça bilir. Yəni hədəf müəyyən edildiyi halda hərbi təyyarə bombanı təyyarə üçün təhlükəsiz ərazidə havaya buraxır və sonra bomba özü təyin edilmiş hədəfə doğru uçaraq onu məhv edir. Göründüyü kimi, Azərbaycan düşmənin “İsgəndər” təhdidlərinin qarşılığında özünün arsenalında olanların cüzi hissəsini nümayiş etdirir. 
 
Ancaq söz yox ki, ölkəmizin silah arsenalında Türkiyə, İsrail, Pakistan istehsalı olan daha dəhşət saçan silah-sursatlar var. Son məlumata görə, Türkiyənin “Roketsan” şirkəti aldığı sifariş əsasında “Qasırğa T-300" reaktiv sistemlərinin Azərbaycana verilməsini başa çatdırıb. (APA) Məlumata görə, həm 2015, həm də 2016-cı illərdə Azərbaycana ”Qasırğa T-300" reaktiv sistemləri çatdırılıb. Azərbaycana nə qədər “Qasırğa T-300" reaktiv sisteminin satıldığı açıqlanmır. Qeyd edək ki, ”Qasırğa T-300" sistemi 300 mm-lik raketlərlə təchiz olunub və 150 km məsafədə hədəfi vurur. 
 
Ölkəmizin imkanlarını dəyərləndirib hazırkı durumdan ehtiyat edən ermənilər də var. Musavat.com xəbər verir ki, “Məlumatlı vətəndaşlar birliyi” təşkilatının rəhbəri Daniel İoannisyan “lragir” saytında yazıb ki, “Ballistik raketlərin yayılmasının qarşısının alınması haqqında” Haaqa konvensiyasına görə Ermənistana sadəcə 300 km-lik hədəfləri vura biləcək raketlər verilə bilər. “Ermənistanın ən yaxın nöqtəsindən isə Bakı 395 km uzaqlıqda yerləşir. Raketlərin Qarabağda qurulması isə həm hərbi həm də diplomatik mənada olduqca təhlükəlidir”,- deyə yazı müəllifi qeyd edib. Ancaq ermənilər İrəvanı qısa müddətdə alt-üst edə biləcək Naxçıvandakı Azərbaycan ordusunun da imkanlarını unuda bilməzlər. Əgər düşmən azğınlıq edib Azərbaycanın digər şəhər və rayonlarını hədəfə alsa, şübhəsiz ki, ordumuz işğalçının Rusiyanın himayəsi altında olmasına məhəl qoymayacaq.
İndiki həssas dönəmdə Türkiyə ilə zəruri anlaşmaların əldə olunması barədə fikirlər səslənir. Məsələn, politoloq Elçin Mirzəbəyli hesab edir ki, Türkiyə ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqla bağlı çoxsaylı müqavilələr var. Amma qarşılıqlı hərbi yardımı nəzərdə tutan konkret müqavilə yoxdur. “Bu, təkcə Türkiyə ilə bağlı olan məsələ deyil. Şübhəsiz ki, NATO-nun Nizamnaməsi Türkiyənin alyansa üzv olmayan ölkələrlə genişmiqyaslı hərbi əməkdaşlığına maneə yaradır. Amma bizə də maneə yaradan amillər var. Qənaətimə görə, regionda və dünyada baş verən proseslər bu məsələlərin yenidən gündəmə gətirilməsinə imkan yaradacaq”.
 
Politoloq Arzu Nağıyev isə hesab edir ki, Rusiyanın Ermənistanın hava məkanını qoruması yeni bir məsələ deyil: “Türkiyə və Ermənistan sərhədinin məhz Rusiya NATO sərhədi olmasını səbəb deyil, bəhanə gətirərək daima bu məsələni qabardır. Hazırda isə artıq müqavilə ilə məsələni leqallaşdıran Rusiya bununla Azərbaycana da ismarış yollayır. Bütün bunların hamısı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməməsi üçün atılan addımlardır. Lakin müharibədən də çəkinirlər. Çünki Azərbaycan buna da hazırdır. Təəssüf ki, beynəlxalq normalar çərçivəsində qəbul edilmiş qərarların icra mexanizminin olmaması və Ermənistanın bundan istifadəsi münaqişənin həll edilməməsinə xidmət edir. ATƏT-n Minsk Qrupunun həmsədrləri də bəyanatlarla kifayətlənirlər”. A.Nağıyevin fikrincə, Sərkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün müxtəlif sərsəm bəyanatlar verir: “Dağlıq Qarabağ separatçılarına verdiyi müstəqillik sözünü yerinə yetirməməsi cəza ilə nəticələnə bilər ki, bunu da tez-tez işğal olunan ərazilərə səfərlər etməklə kompensasiya edir. Məlumdur ki, regional məsələlərdə Rusiya və Türkiyə arasında həll edilməyən məsələlər həddən artıq çoxdur. Bu, Türkiyənin NATO üzvü olmasından başlayıb, Suriya məsələsində, Ermənistan, Dağlıq Qarabağ, Azərbaycan məsələsində davam edir. Rusiya regionda nüfuz sahibi olmaq üçün hər bir addımı atır, təşəbbüsü ələ almağa çalışır, lakin bunun hamısını hərbi müdaxilə ilə bağladığı üçün Qərb onu qəbul etmir. Rusiya belə etdikcə sanksiyalardan xilas olma məsələsi getdikcə azalır. Buna görə də Azərbaycan öz müstəqil siyasətinə güvənməli və təbii ki, Türkiyə ilə hər cür tərəfdaşlığını, əməkdaşlığını möhkəmləndirməlidir”.
 
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin oktyabr ayında Türkiyəyə səfəri gözlənilir. (APA) Kremlin sözçüsü Dmitri Peskov açıqlama verib. “Hürriyet” qəzetinin məlumata görə, Türkiyə Birjalar Birliyinin sədri Rifat Hisarcıklıoğlu V. Putinin Türkiyəyə oktyabrın 11-də səfər edəcəyini açıqlayıb. Səfərin məqsədi Türkiyə-Rusiya Birgə İqtisadi Komissiyasının iclasında iştirak etməkdir. 

Şübhə yoxdur ki, ikitərəfli görüşlərdə Türkiyə sərhədlərində yerləşdirilmiş “İsgəndər” raketləri ilə bağlı da müzakirələr olacaq. Çünki işğalçı Ermənistan Türkiyəyə qarşı da ərazi və “soyqırım” iddiası sürdürən ölkədir. Digər tərəfdən, Qarabağ məsələsinin ədalətli şəkildə, sülh yolu ilə həll olunması Ankaranın da maraq dairəsindədir. Bu səfər baş tutana qədər Bakı ilə Ankara arasında məsləhətləşmələrin aparılması da tam normal olardı. Hər halda, Rusiya seçimini edib, Azərbaycan təklənmiş durumda qalması ilə barışmamalıdır...
musavat