Günün ən yaddaqalan olaylarından biri heç şübhəsiz ki, İsrailin keçmiş prezidenti Şimon Peresin ölümündən əvvəl könüllü olaraq bütün orqanlarını bağışlaması xəbəri oldu. Bunu onun həkimi və kürəkəni Rafi Valdman deyib. O bildirib ki, ailəsi ölümündən sonra onun gözlərinin buynuz qişasının transplantasiyasına icazə verib. Bu gün 94 yaşında Təl-Əvivdə dünyasını dəyişən S.Peresin bu vəsiyyəti isə nə birinci, nə də sonuncudur. Dünya bu günə qədər dəfələrlə bu cür vəsiyyətlərə şahidlik edib.
“Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, orqan bağışlanması ilə bağlı bilinən və bilinməyən detalları araşdırıb.
Orqan bağışlanması alqı-satqı predmeti deyil
Öncə ondan başlayaq ki, orqan bağışlanması tibdə meyit orqanlarının nəqli kimi qeydə alınır. Bəzi ölkələrdə bunun qarşılığında hər hansı pul ödənilmir. Qanuni olaraq bu, alqı-satqı vasitəsi deyil və ola da bilməz. Amma hansısa bir bədbəxt hadisə, yol qəzası zamanı ölənin orqanlarının ehtiyacı olan şəxslərə köçürülməsi üçün xəstə yaxınlarına müraciət olunur. Xəstə yaxınları da razılıq verərlərsə sənədlər imzalanır. Bu zaman ölü sahibinə heç bir ödəniş həyata keçirilmir və ya hədiyyə verilmir. Türkiyədə meyit orqanlarının nəqlinə razılıq verən qanun 1988-ci ildən var.
Azərbaycanda da “İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında” Qanun 1999-cu ildə qəbul edilib. Bu qanunla orqan və ya toxumaların transplantasiyasının ümumi müddəaları, transplantasiya məqsədilə meyitdən və ya donordan orqan və ya toxumaların götürülməsinin qaydaları, bununla bağlı tibb müəssisələrinin və işçilərinin məsuliyyəti müəyyənləşdirilib. Nazirlər Kabinetinin 2000-ci il 13 sentyabr tarixli, 168 nömrəli qərarı ilə transplantasiya obyekti olan orqan və ya toxumaların siyahısı təsdiq edilib. Bu siyahıya görə Azərbaycanda ürək, ağciyər, ürək - ağciyər kompleksi, qaraciyər, böyrəklər, mədəaltı vəzi və onların seqmentləri, mədəaltı vəzi onikibarmaq bağırsaqla birlikdə, dalaq, sümük iliyi və gözün buynuz qişası transplantasiya edilə bilər.
Xatırladaq ki, orqanların bağışlanması əsasən etiraz prinsipi, genişləndirilmiş etiraz prinsipi, könüllülük prinsipi və genişləndirilmiş könüllülük prinsipi əsasında baş tutur. Hazırda ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə, orqan bağışlanmasında genişləndirilmiş könüllülük prinsipi tətbiq olunmalıdır. Yəni donorun özünün könüllü yazılı razılığı əsas şərtdir. Əgər bu yoxdursa, yaxın qohumları və ya qanuni nümayəndəsi də buna yazılı icazə verə bilər.
Onu da əlavə edək ki, orqan bağışlanması və transplantasiyası İslam dininə görə də qəbul olunandır. Qurani-Kərimin Maidə surəsində (Ayət 32) “bir insana həyat bağışlamaq, bütün insanlara həyat bağışlamağa bərabər savabdır” deyə, vurğulanıb.
Orqan bağışlanmasının “can”ı ölülərdir
Dünyada orqan transplantasiyasının 80 faizi ölülər hesabına həyata keçirilir. Azərbaycanda isə bu iş qurulmadığına görə orqan köçürülməsi yalnız sağlam insandan həyata keçirilir. Bizdə daha çox böyrək, qaraciyər və sümük iliyinin köçürülməsi təcrübəsi var. Dünyasını dəyişən şəxsdən isə daha çox ürək, göz, boyun qişasını da köçürmək mümkündür.
Fakt isə budur ki, heç də orqanını bağışlamaq istəyən hər kəs üçün yaşıl işıq yandırılmır. Ümumiyyətlə, hər bir şəxs notariat kontorlarına müraciət edərək orqanlarını ehtiyacı olan şəxsə vəsiyyət edə bilər. Şəxsin vəsiyyətnaməsi olmadığı halda öldükdən sonra bu vəzifə onun hüququ varislərinin üzərinə düşür. Onların razılığı ilə ölən şəxsin orqanları kiməsə köçürülə bilər. Bundan başqa, orqanını bağışlayan şəxsin sağlamlığı, yaş həddi, müəyyən xəstəliklər keçirib-keçirmədiyi də aydınlaşdırılmalıdır. Yalnız yararlı olduqda istənilən orqan başqa birinə köçürülə bilər. Beyin öldükdən qısa müddət sonra o biri orqanların ya fəaliyyəti tamamilə ölür, ya da başqa mərhələyə keçir ki, bu da köçürülməyə yararsız olur. Buna görə də orqanın qısa müddət ərzində köçürülməsi, ya da başqa bir klinikaya aparılması sistem halında həyata keçirilməlidir.
Orqan köçürüldü, iş bitmədi - allergik reaksiyalar, fəsadlar və daha nələr...
Orqan bağışlanması məsələsində daha bir vacib məqam isə hər iki tərəfin keçməli olduğu müayinədir. Belə ki, orqanını başqasına verən insanın həm yaş həddi, həm də sağlamlığı buna imkan verməlidir. Donorla yanaşı, orqan köçürüləcək şəxs də bu əməliyyata tam hazır olmalıdır. Qarşı tərəfin orqanlarının parametrləri orqanını verənlə üst-üstə düşməlidir. Bundan əlavə, orqan köçürülməsi ilə xüsusi komissiya məşğul olmalıdır ki, həmin komissiyaya cərrah, nevropatoloq, hüquqşünas, psixoloq və digər müstəqil ekspertlər cəlb edilməlidir. Yalnız həmin komissiyanın qərarı ilə bir şəxsin orqanı digərinə köçürülə bilər. Əgər bir şəxs ölüm ayağındadırsa, o zaman bağışlanma müqaviləsi imzalaması üçün hüquqşünas dəvət olunmalıdır. Orqan köçürülməsi zamanı müxtəlif problemlər də yarana bilir. Orqanizm köçürülən zaman əks reaksiyalar ola bilər. Bəzən belə əməliyyatlar zamanı müxtəlif allergik reaksiyalar və ya digər orqanizmlərin parametrlərinin üst-üstə düşmədiyi meydana çıxır. Bəzən insanların psixoloji durumlarının dəyişməsi nəticəsində də problemlər meydana gələ bilir. Əvvəlcə əməliyyata razılıq verməsinə baxmayaraq, sonradan başqasının orqanının ona köçürülməsini qəbul etməyən şəxslərə də rast gəlinir. Belə hallarla qarşılaşdıqda, onlara fərdi yanaşılmalı, problemlərin aradan qaldırılması üçün zəruri addımlar atılmalıdır.
Bəzi orqanlar canlıdan, bəziləri ölüdən əldə olunur və köçürülür
Heç də hər orqan transplantasiya obyekti ola bilməz. Ümumilikdə transplantasiya obyekti olan orqanlardan bəziləri canlı donorlardan əldə oluna bilir. Onlar orqanizmdə cüt olmalı və ya özünü yeniləmə (regenerasiya) qabiliyyətinə sahib olmalıdır. Onların siyahısına böyrək, qaraciyər daxildir. Bəzi orqanlar isə ancaq ölüdən əldə oluna bilər. Bunların sırasına isə ürək, ağciyər, mədəaltı vəzi daxildir.
Orqan bağışlanmasının prinsipləri də müxtəlifdir. Müxtəlif ölkələrdə əsasən 4 prinsip tətbiq olunur. Bu prinsiplər etiraz prinsipi, genişləndirilmiş etiraz prinsipi, könüllülük prinsipi və genişləndirilmiş könüllülük prinsipidir. Hazırda ölkəmizdə qüvvədə olan qanunvericiliyə görə genişləndirilmiş könüllülük prinsipi tətbiq olunmalıdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda donorun özünün könüllü yazılı razılığı əsas şərtdir. Əgər bu yoxdursa, yaxın qohumları və ya qanuni nümayəndəsi də buna yazılı icazə verə bilər.
Ən yaxın ölkələrdən birinin, Türkiyənin təcrübəsinə diqqət edək. Türkiyədə “Donor bankı” adlanan qurum yaradılıb. Ölkənin hansısa bölgəsində insan dünyasını dəyişən kimi həmin banka məlumat ötürülür. Həkimlər də dərhal həmin məlumatdan yararlanaraq ölən adamın lazımi orqanını əldə edirlər. Bunun üçün xüsusi həkim briqadası və daşıma xidməti də var. İstənilən yerdən lazım olan orqan hətta uzaq məsafələrə belə daşınır.
Azərbaycanda belə bir addımın parlaq nümunələrindən biri deputat Qənirə Paşayevadır. O, artıq bununla bağlı vəsiyyətnaməsini mediada açıqlayıb.
Amma dünya ölkələrində bunu daha çox şou-biznes dünyasının məşhurları edirlər. Onlar bununla da ölkədəki donor çatışmazlığı probleminə diqqət çəkmək və insanlara nümunə göstərməyə çalışırlar. Qardaş Türkiyədə belə hallar çoxdur. Bir neçə parlaq nümunəni yada salaq.
Hülya, Tatlısəs, Muazzez Ərsoy...
Hülya Avşar - o, bu addımı 14 sentyabr 1994-cü ildə atıb. Ege Universiteti Orqan Nəqli Mərkəzinə müraciət edən Avşar müraciətini də rəsmiləşdirib. O, 10.591 saylı protokolla gözlərini bağışlayıb.
İbrahim Tatlısəs - məruz qaldığı silahlı hücum nəticəsində ağır yaralanan və ölümdən qayıdan müğənni orqan bağışlanması məsələsində digər sənətçilərdən çox-çox qabaqdadır. O, 25 iyun 1982-ci ildə böyrəklərini bağışlayıb və mediaya bunları deyib: “Mən öləndən sonra da böyrəklərim var olacaq və həyat xilas edəcək”.
Muazzez Ersoy - o isə ürəyi çıxmaq şərtilə bütün orqanlarını 1997-ci ildə İstanbul Universiteti Tibb Fakültəsi Xəstəxanası Transplantasiya Servisinə gedərək bağışlayıb. Niyə ürəyini bağışlamamasına gəlincə isə sənətçi bunları deyib: “Rəbbim bizi yaradanda deyib ki, bütün orqanlarınıza siz cavabdehsiniz. Amma ürəyinizə mən cavabdehəm. Bu səbəbdən də özümdə ürəyimi bağışlamaq səlahiyyəti görmürəm”.
musavat
