|
Seçkilərdə iştirak müəllimlərin nüfuzunu zədələyirmi...
Hər seçki sonrası cəmiyyətdə müəllimlərə qarşı neqativ bir münasibət formalaşır. Əsasən məktəblərdə baş tutan, direktor-müəllim heyətinin cəlb edildiyi seçkilər zamanı yaşanan neqativlər, saxtakarlıq halları müəllimlərlə bağlı təəssüratların, fikirlərin də pisləşməsinə səbəb olur...

Bir vaxtlar barəsində “yemək yemir, su içmir” kimi fikirlərin səsləndiyi müəllimlər indi cəmiyyətin bir çox hallarda qıcıq obyektinə çevrilirlər. Bayram ərəfəsində məktəblərdəki pulyığma əməliyyatları, test pulu, fond pulu... adı ilə şagirdlər qarşısına qoyulan tələblər də bu qənaətin formalaşmasına təsir göstərir. Son nəticədə isə məktəblilər və onların valideynlərində müəllimlərlə bağlı xoş olmayan fikirlər yaranır. Ən əsası, məktəblilərdə müəllimin müqəddəs obrazı zədələnmiş olur, həmçinin uşaqların təhsilə marağını azalır. 
Bunun qarşısını necə almalı? Müəllimləri, təhsil işçilərini bu prosesdən hansı formada uzaqlaşdırmalı? Bunun mexanizmini tapmaq üçün nə kimi addımlar atmaq mümkündür? 
Təhsil eksperti Etibar Əliyev bu mövzu ilə bağlı müəllif yazısı ilə çıxış edib. Ekspert hesab edir ki, kiminsə əlində bir az qalın olan bülleten görürlərsə, deyirlər müəllimdir. Amma bütün seçicilər müəllim deyil: “Məntəqələrin qarşısında topa dayanan adam görürlərsə, deyirlər, müəllimlərdir. Müəllimlərə bu cür yanaşmaq doğru deyil. Onlar dövlət tədbirlərində hamıdan aktiv işktirak etməlidirlər. Çünki maarifçilik missiyası onların üzərinə düşür. Daha mühüm məqam: müəllimlər dövlət tədbirlərində niyə ürəkdən iştirak etməsinlər ki? Axı bu dövlət onların qayğısına kifayət qədər qalır. Müəllimlərin əmək haqqı mütəmadi olaraq artırılır. Onlara alternativ tədris üçün şərait yaradılır. 
 
Avropa standartlarına uyğun məktəblər inşa edilir və s. Böyük Amerika filosofu və pedaqoqu Con Dyüi ”Müəllim və onun dünyası" kitabında yazır: “Müəllimlər nə etməlidir - öz zamanlarını ötüb keçməli, ya ondan geri qalmalıdırlar?” Bəlkə də məntiqlə düşünməyə qabil olan bir kəs sualın məhz bu cür qoyulmasına qarşı çıxa bilər. O deyə bilər ki, başqa bir alternativ də mövcuddur: müəllimlər zamanla eyni anda da irəliləyə bilərlər, zamandan geri qalmaq və ya zamandan irəliyə qaçmaq şərt deyil. Düşünməyə dəyər, müəllimin riayət etməli olduğu bu orta yol bütün istiqamətlərdən ən müdrik olanı deyilmi? Ağılabatan fikrə bənzəyir. Lakin o, labüd olan kəsirlərdən əziyyət çəkir. Daha əvvəl də yazılarımın birində qeyd etdiyim kimi, dövrümüz öz-özlüyündə birmənalı deyil. Bu dövr bir-birinə zidd olan təzadlardan ibarət mozaikanı xatırladır".
 
E.Əliyev hesab edir ki, bizim müəllimlər zamanla eyni anda irəliləyirlər. Müsahibimizin sözlərinə görə, onlar zamanla eyni irəlilədiklərinə görə dövrün təlqin etdiyi dəyişiklikləri duymalı və dövlətçiliyin möhkəmlənməsi üçün əllərindən gələni əsirgəməməlidirlər.
 
17 ildir müəllimlik edən Elnaz Eyvaz isə “Yeni Müsavat”a açıqlamasında  bir təkliflə çıxış etdi: “Seçki məktəblərdə keçirilməməlidir. Təhsil ocağı yalnız öz üzərinə düşən işə vasitə olmalıdır. Məktəbdən və müəllimdən istifadə etdikcə, bu, belə də davam edəcək. Seçki başqa idarə və müəssisədə keçirilsə də, təbii ki, ordakılardan istifadə olunacaq. Amma müəllim cəmiyyətin bu gününə və sabahına məsuldur, cavabdehdir. Müəllim hörmətdən düşdükcə cəmiyyət məhvə gedir. Təsəvvür edin, şagirdlər öz müəllimləri haqqında deyilənləri və yazılanları görür, eşidir. Faciədir bu”. 
 
Müsahibimiz hesab edir ki, müəllim seçki prosesində iştirak etməkdən imtina edə və ya etiraz edə bilər:“Amma beş-üç nəfərlə olan işdirmi bu? Hamılıqla etmələri də mümkün görünmür. Çünki ”bu işi" görməkdən xoşhal olanlar etiraz edənlərdən çoxdur". 
Cia.az