Bakıda “ADEX-2016" ikinci beynəlxalq müdafiə sərgisi açılıb. Gözlənildiyi kimi, sərgidə Azərbaycanın hərbi sənayesinin məhsulları da nümayiş etdirilir. Eyni zamanda tədbir ölkəmizin öz silahlı qüvvələrinin arsenalını daha da gücləndirmək üçün yeni imkanlar açıb. Söhbət ilk növbədə müasir hərbi texnologiyalara malik ölkələrlə hərbi-texniki əməkdaşlığı genişləndirmək üçün yaranan şansdan gedir.
Bu şansdan heç şübhəsiz, ərazisinin bir hissəsi işğala məruz qalan ölkə olaraq Azərbaycanın mütləq istifadə edəcək. Müşahidəçilərə görə, müdafiə sərgisinin özü elə Azərbaycanın öz hərbi qüdrətinə verdiyi önəmin və diqqətin nümayişidir. Eyni zamanda Ermənistanda son günlər “İsgəndər” raket kompleksləri ilə bağlı yaşanan yalançı eyforiyaya özünəməxsus cavabdır.
***
Yeri gəlmişkən, bu arada Ermənistan rəsmiləri “İsgəndər” operativ-taktiki raketlərini hərbi təlimdə nümayişindən sonra raketlərin Azərbaycana qarşı tətbiqi imkanları barədə daha yüksəkdən danışmağa başlayıblar (virtualaz.org). Məsələn, müdafiə naziri Seyran Ohanyan iddia edib ki, “İsgəndər” komplekslərinin Azərbaycanı “həm Dağlıq Qarabağa, həm Ermənistana” mümkün hücumdan çəkindirəcək.

Əslində təəccüblü deyil. Ermənistanın hərbi-siyasi rəhbərliyi aprel uğursuzluğundan sonra məhz elə bu cür - pafosla danışmalıdır ki, öz xalqını sakitləşdirə bilsin. Ermənistandakı bir çox müstəqil ekspertlər, eləcə də rusiyalı və azərbaycanlı hərbi mütəxəssislər isə belə iddialara və arxayınçılığa əsas görmürlər. Ona görə ki, Azərbaycanın da analoji silahlara malik olduğunu, üstəlik, “İsgəndər” raketləri də daxil, istənilən ballistik, orta mənzilli raketlərə qarşı etibarli raketdən müdafiə sisteminə sahib olduğunu bildirirlər. Söhbət ən əvvəl İsrail istehsalı olan “Sehirli çubuq” raketdən müdafiə sistemindən gedir.

Odur ki, Ohanyanın sevinməsinə ciddi motiv görünmür. Eləcə də onun müavini David Tonoyan sevinməyə tələsməklə yanılır - hansı ki, iddia edib ki, Ermənistanın malik olduğu “İsgəndər” raketlərinin radiusu “Azərbaycan ərazisinin dərinliklərində istənilən mühüm obyekti” hədəf almağa imkan verir. Nəzəri cəhətdən - bəli. Amma kim onun reallaşmasına imkan verər ki?
***
Məsələ də ondadır ki, Azərbaycan öz arsenalındakı daha müasir sistemlər vasitəsilə artıq belə raketlərin olduğu yerləri indidən müşahidə altına almağa, hədəfə götürməyə başlayıb. Bu, o deməkdir ki, onlar hətta istifadə olunmamış məhv edilə bilər.
Bu xüsusda yeri var xatırladaq ki, “İsgəndər” raket kompleksi İrəvan paradına çıxarılandan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin göstərişi ilə xidməti müşavirə keçirib. Müşavirədə “regionda yaranmış yeni hərbi-siyasi vəziyyət” müzakirə olunub və Ermənistan ərazisində strateji və hərbi təyinatlı obyektlərin aşkar edilib hədəfə götürülməsi barədə tapşırıqlar verilib.

Srağagün isə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib. Nazirliyin məlumatına əsasən, aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.
Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib. Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.
Bunun ardınca isə Azərbaycan Silahlı Qüvvələrinin daha irimiqyaslı təlimlərinin keçirilməsi planlaşdırılır. Başqa sözlə, işğalçının arxayınlığı və eyforiyası üçün zərrəcə zəmin yoxdur, gözlənilmir.
***
Beləliklə, Azərbaycanın düşmənin “İsgəndər” təxribatı və Ağdamdakı təlimlərinə kifayət qədər operativ şəkildə çoxşaxəli və effektli kontur addımlarla cavab verib və verməkdə davam edəcək. Əslinə qalsa, İrəvandakı hərbi paradda “İsgəndər” komplekslərinin nümayişi Azərbaycana öz hərbi qüdrətini daha da artırmaq üçün əlavə stimul verib. Bu stimuldan şübhəsiz ki, istifadə olunacaq.

Bundan ötrü Azərbaycanın imkanları Ermənistandan fərqli olaraq, qat-qat genişdir. Çünki Azərbaycan öz hərbi arsenalını təkcə Rusiya hesabına deyil, qardaş Türkiyə, İsrail, Pakistan, Ukrayna, Belarus, Çin kimi ölkələr hesabına da gücləndirə bilər və gücləndirir də.
Bunu son olaraq Bakıda açılan ikinci beynəlxalq müdafiə sərgisində Azərbaycanın hərbi sənaye naziri Yavər Camalovun jurnalistlərə verdiyi açıqlama da təsdiq edir. Musavat.com-un məlumatına görə, nazir Azərbaycanın 280 km mənzilli ballistik raket texnologiyasını əldə etmək üçün dünyanın aparıcı şirkətləri ilə danışıqlar apardığını da deyib. Onun sözlərinə görə, Azərbaycan hərbi sənayesinin yeni istehsal etdiyi “Zərbə” pilotsuz uçan döyüş aparatları Ermənistan ordusu üçün kabusa çevrilib. Qeyd edib ki, Müdafiə Nazirliyi yüzlərlə belə pilotsuz uçan döyüş aparatı sifariş verib və bugünlərdə müvafiq müqavilə bağlanacaq.

Nazir onu da bildirib ki, hazırda 125 məmulatın üzərində təcrübə-konstruktor işləri aparılır: “Prioritet layihələrdən hava-yer, hava-hava, yer-yer raketlərinin üzərində iş gedir. Bundan başqa, dünyanın bir neçə aparıcı şirkəti var ki, onlarla da danışıqlar aparılır”.
Xatırladaq ki, aprel döyüşlərindən sonra Azərbaycanın raket və artilleriya qoşunlarının komandanı, general Zahid Hüseynov 500 km mənzilli ballistik raketlərin alınması üçün danışıqlar aparıldığını açıqlamışdı.
Lakin hərbi ekspertlərə görə, İrəvanı Naxçıvandan hədəf almaq üçüm qardaş ölkənin verdiyi “Qasırğa” T-300 raket kompleksləri də kifayət edir.
musavat
