ANS telekanalının öz fəaliyyətini dayandırması ilə telexəbər məkanında da bir boşluq yarandı. Hər nə qədər zaman-zaman tənqidlərə məruz qalsa da, ANS xəbər məkanında öz sözünü deyən kanallardan olub. Bir çox hallarda isə rəqib kanalları operativliyi, dəqiqliyi ilə geridə qoyub. Bundan başqa, gündə bir neçə dəfə xəbər buraxılışı hazırlayıb efirə verən kanalın tamaşaçıları indi alternativlərə üz tutmaq zorunda qalıblar.
Məhz bunun nəticəsidir ki, artıq ATV gün ərzində xəbər buraxılışlarının sayını artırıb. Eyni rəqabət tempi “Xəzər” telekanalına da aiddir. ANS-in xəbər məkanındakı yerini öz aralarında bölüşdürmək istəyən rəqibləri bu mənada xeyli irəliləyiş də ediblər.
Daha bir yenilik isə ANS-in aparıcı simalarının başqa kanallarda işləməsidir. Bunlardan biri də aparıcı Aytən Səfərovadır ki, o da yeni mövsümdə telekanalda xəbərlər aparıcısı kimi də efirə çıxıb. A.Səfərova ilə yanaşı “Xəbərlər” departamentində yeni simalar da var. Onlardan biri Ariz Tarverdiyev, digəri isə Əsmər Nəcməddinqızıdır. Hər ikisi bundan əvvəl ATV-də müxbir kimi çalışıblar.
Media eksperti Zeynal Məmmədli deyir ki, ANS-in teleməkanda fəaliyyət göstərməsi onun çoxrənglilik yaratmasının sübutu idi. Onun sözlərinə görə, hazırda rənglərdən birinin itməsi mənzərəni dəyişir: “ANS bir rəng idi. Bu baxımdan, onun gedişi itkidir. Söhbət təkcə bir telekanaldan getmir. Söhbət həm də konkret müəllifdən gedir. O xəbərdə bir müəllifin gedişi də olur. O müəllif işini itirirsə, başqa bir televiziyada yerini tapırsa, yaxşıdır. Amma əks halda, müəllif də, onun verilişi də itki sayılır”.
Z.Məmmədli dedi ki, ANS-in televiziya məkanında olmaması rəng itkisidir. Müsahibimiz “onun rənginin yerini kimsə doldura biləcəkmi” deyə sual etdi. Ekspertə görə, bu, başqa bir müzakirənin mövzusudur.
musavat
