|
Beynəlxalq maliyyə qurumlarına ehtiyacımız varmı?
Azərbaycanın xarici, beynəlxalq maliyyə qurumlarından kredit alması məsələsi yenidən gündəmdədir. Ekspertlər məsələyə fərqli prizmadan yanaşırlar. Bəzi ekspertlərin fikrincə, ölkənin kredit ehtiyacı hələlik kritik həddə deyil. Ancaq ölkə müxtəlif yerlərdən borc axtarır.  

Professor Elşad Məmmədov məsələ ilə bağlı musavat.com-a açıqlamasında bildirib ki, Azərbaycanın ehtiyacı hələ ki kritik həddə deyil: “Beynəlxalq maliyyə qurumlarından resursların cəlb edilməsinə, xarici kreditlərə ehtiyac hesab edirəm ki, hazırkı vəziyyətdə kritik həddə deyil. Bununla belə, perspektivdə belə zərurətin daha da aktuallaşacağı istisna olunmur. Makroiqtisadi durumun dinamikası baxımından belə ssenarinin gələcəkdə reallaşacağının ehtimalı var. Belə ki, ölkəyə valyuta daxil olma kanalları  baxımından kəskin şəkildə azalan neft dollarlarının real alternativi yoxdur. 
 
Yaxın perspektivdə də olacağı gözlənilmir. Tədiyyə Balansının mövcud vəziyyətini və inkişaf  dinamikasını, ölkənin beynəlxalq investisiya layihələrində, ilk növbədə Cənub Qaz Dəhlizinin reallaşmasında iştirakına görə xarici öhdəliklərinin artacağını nəzərə aldıqda, milli iqtisadiyyatın xarici valyutaya tələbatının artacağını proqnozlaşdırmaq mümkündür. Bununla belə, hesab edirəm ki, xarici kreditlərin perspektivdə ölkəyə cəlb olunması  şərtlərinin ağırlaşacağı ğözləniləndir. Beynəlxalq reytinq  agentlikləri tərəfindən ölkənin reytinq göstəricilərinin aşağı  salınması sözsüz ki, beynəlxalq kreditlərin şərtlərinə təsir edəcək. Əslində həmin reytinq agentliklərinin fəaliyyətinin əsas məqsədlərindən biri də məhz ölkələrin suveren kredit  reytinqlərinin müəyyən edilməsi və kreditorlara özünəməxsus şəkildə konsaltinq xidmətlərinin göstərilməsindən ibarətdir. Bu prosesin artıq ölkə iqtisadiyyatına kritik olmasa da, təsiri hiss olunmaqdadır. Hesab edirəm ki, 5 faiz dərəcəsi ilə SOCAR-ın daxili bazarda yerləşdirdiyi istiqrazların da əsas səbəblərindən birini məhz xarici kreditlərin ölkəyə cəlb olunma şərtlərinin ağırlaşmasında axtarmaq lazımdır. 
 
Bu məsələ ilə bağlı bir prinsipial məqama nəzər salmaq lazımdır. Belə ki, söhbət ümumiyyətlə xarici kreditlərin ölkəyə cəlb edilməsi ilə bağlı problemlərdən getmir. Çünki Azərbaycana qarşı hər hansı bir beynəlxalq sanksiya rejimi mövcud deyil, kredit təşkilatlarının  əsas missiyası isə elə məhz kredit resurslarının  yerləşdirilməsindən ibarətdir. Digər tərəfdən, Azərbaycanın, o cümlədən xeyli hissəsi ölkə xaricində yerləşdirilmiş ki, bu da vacib məqamdır, kifayət qədər aktivləri var. Kreditlərin müvafiq təminatı baxımından, bu da xarici kredit mənbələrinə çıxışı ölkə üçün mümkün edir. Əsas problem həmin kreditlərin şərtləri ilə bağlıdır. Belə ki, yaxın və orta müddətli perspektivdə neft  qiymətlərinin artacağı gözlənilmədiyinə görə ölkəyə cəlb olunan kreditlərin şərtlərinin ağırlaşacağı ehtimalı yüksəkdir”.
 
Ekspert Rövşən Ağayev sosial şəbəkədə bildirib ki, hazırda çıxış yolu ölkəyə xarici investisiyanın gəlişini təmin etməkdir. Bir ay əvvəl baş verən valyuta çatışmazlığının bazarda ciddi ajiotaj yaratmasına diqqət çəkən ekspert qeyd edib ki, ölkəyə xarici investisiyanın gəlişi islahatlara maraq göstərməyən siyasi hakimiyyətin maraqlarına ziddir: “Ölkəyə xarici investisiyanın gəlişini təmin etmək real islahatlara maraq göstərmək istəməyən siyasi hakimiyyətin maraqlarına cavab vermir. Problem ondadır ki, ölkənin valyuta gəlirləri kəskin azalıb, amma valyuta ehtiyaclarını nəinki sabit saxlamaq mümkün olub, əksinə, xeyli artıb- bu artım özünü həm kapital qaçışı, həm də xarici borcların kütləvi qaytarılması formasında göstərir”.
 
Ekspertlər qeyd edirlər ki, ölkənin reytinqi nə qədər aşağı düşürsə, onun aldığı kredit faizləri də bir o qədər artır. Bildirilir ki, ölkəyə neftdən gələn gəlirlərin azaldığı, valyuta daxilolmalarının minimuma endiyi bir vaxtda hazırkı iqtisadi böhranda çıxış yollarından biri də xaricdən kredit borclarının alınmasıdır. Hökumət rəsmilərinin xaricdən alınacaq kreditə ehtiyac olmadığını deməsinə baxmayaraq, ekspertlər buna ciddi ehtiyac olduğunu vurğulayırlar. Həmçinin bildirirlir ki, məsələ ilə bağlı ciddi problem yaranmaqdadır. Ekspertlərin sözlərinə görə, hazırda xaricdən borcların cəlb olunması istiqamətində müəyyən işlərin görüldüyü açıq-aşkar görünür. Hazırkı böhranlı vəziyyətdən çıxış yolu kimi xarici borclanma yolunun seçilməsi də variantlardan biri idi. Çünki ölkəyə birbaşa kapital qoyuluşunun cəlb olunması çox çətindir. Ona görə də xaricdən kredit alınması gündəmdədir. Ancaq bu məsələdə də çox böyük çətinliklər var. Birinci çətinlik ondan ibarətdir ki, beynəlxalq institutların, o cümlədən ən böyük kredit təşkilatları olan Beynəlxalq Valyuta Fondu və Dünya Bankı müəyyən reytinqlər çərçivəsində verirlər və müəyyən islahatlar tələb edirlər. Hökumətin də bu islahatlara gedəcəyi məlum deyil.
 
Digər önəmli məsələ ölkənin gəlirlərinin azalması və kredit reytinqinin reytinq agentlikləri tərəfindən aşağı salınmasıdır. Ölkənin reytinqi nə qədər aşağı düşürsə, onun aldığı reytinq göstəricisi üzərindən hesablanmış kredit faizləri də bir o qədər çox artır. Həmçinin vurğulanır ki, daha böyük problem Azərbaycanda alınan  kreditlərin xərclənməsinin effektivliyi ilə bağlıdır. Bu günə qədər Azərbaycana 125 milyard dollardan yuxarı neft pulu gəlib. Bunun böyük bir hissəsi investisiya şəklində yatırılıb. Onların xərclənmə effektivliyi çox aşağı olduğundan, qeyri-neft sektorunun yaranmasında, ölkənin çoxşaxəli iqtisadi modelə keçməsi, biznesin fundamental problemlərinin həllində nəticə əldə olunmayıb. Bu isə onu göstərir ki, kapital qoyuluşu effektiv deyil. Korrupsiya səbəbindən investisiya qoyuluşları effektiv idarə olunmur. 
Cia.az